Ayı idarəçiliyi

1-03-2012, 13:58
0
Ayı idarəçiliyi

Bir il əvvəl bir eşşək idarəçiliyi də olmuşdu, xatırlaylırsınızmı? Şamaxıda…

Quba çaxnaşdı. Çox əcayib bir səbəbə görə. İcra hakimiyyətinin başçısı ağzının qaytanını yaxşı çəkə bilməyib qubalıları təhqir etydiyinə görə, rayon əhalisi küçələrə axışdı və ictimai heysiyyətin müdafiəsi öz işini gördü. Ölkənin xəbər portalları və dövri mətbuat hadisənin bütün təfərrüatını ölkə ictimaiyyətinə çatdırıb. Səbəb yalnız budurmu ki, icra başçısı ağzına yiyəlik eləyə bilməyib? İnandırıcı deyil. Hərçənd, adamların heysiyyəti ilə bu şəkildə oynamaq çox qorxulu və təbii ki, tərbiyəsiz işdir. Amma Quba olaylarının kökü Qubanın ərazisində olduğu qədər də bütün ölkə ərazisində axtarılmalıdır. 
Amma gəlin, Quba olaylarının mərkəzinə düşən bu səfeh ifadənin sahibinin rəsmi bioqrafiyasına baxaq:

“Balbelan”dan çıxan kadr

“Həbibov Rauf Xeyrulla oğlu 
1 aprel 1965-ci ildə Lənkəran şəhərində anadan olub.
Əmək fəaliyyətinə 1982-ci ildən Qaradağ tikinti materialları kombinatında fəhləlikdən başlayıb. 
1990-cı ildə İnşaat və Mühəndislər İnstitutunu bitirmişdir. 1989-cu ildə TQQ-376-da tikinti ustası, 1990-cı ildən Bakı Tikinti Konstruksiyaları Kombinatında tikinti ustası, 1991-ci ildən «Günəş» kiçik müəssisəsinin direktoru, 1993-cü ildən «Müstəqil Balbelan» müəssitsəsinin (bu söz İcra hakimiyyətinin rsmi saytında elə bu şəkildə də yazılıb: “müəssitsə” ) direktor müavini vəzifələrində işləyib.
1996-cı ildən TQQ-781-də iş icraçısı, 1999-cu ildən 1 saylı İM-nin baş mühəndisi işləyib.
2007-ci il 1 oktyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Quba Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib”.
İcra başçısı vəzifəsində olana qədər an böyük vəzifəsi iş icraçısı, “prorab” olub. Hansısa bir “Balbelan”da director müavini vəzifəsi də bu prorablıqdan əvvəlki məqamdır. “Balbelan”dan başlanan karyera dünən başa çatdı.
Amma burada Balbelanlıq bir iş də yoxdur.

Satrap

Məsələ idarəçilikdədir. Həmin idarəçilik Qubada social partlayışı yatırtmaq üçün oraya Nəqliyyat nazirini ezam edir, o da oraya gedib əhalinin qarşısında çıxış edir və izdihamdan icra başçısının əvəzinə üzr istəyir. Niyə? Nəqliyyat naziri kimdir axı, kütləvi etiraz aksiyasının qarşısına çıxır? 
Cavab Azərbaycan reallığının sadə bir izahındadır: Ziya Məmmədov Quba rayonunun kuratorudur. Daha doğrusu, Quba rayonundan sorumlu canişindir. Quba və bir neçə başqa rayon- Ucar, Göyçay, Zərdab,.. kimi rayonlar Ziya Məmmədovun müstəsna biznes maraqları daxilindədir. Ziya Məmmədov bu rayonlar üzrə satrapdır. Buna uyğun olaraq əlli cür termin tapa bilərsiniz, fərq etməz. Ziya Məmmədov oliqarxlardan biridir. Ziya Məmmədov Azərbaycanın sərvətlərinin və bütün faydalıresurslarının istismarının sülalə hakimiyyətinin mənafelərinə uyğun şəkildə təşkili üzrə haqqı tanınan, müvəkkil edilən 5-6 nəfərdən biridir. Ziya Məmmədovun Qubaya göndərilməsinin, orada əhalidən üzr istəməsinin heç bir qanuni, Konstitusiyon, inzibati əsası yoxdur. Ziya Məmmədovun Qubaya göndərilməsi Azərbaycanın canişinlər vasitəsilə idarə edilməsinin birbaşa və rəsmi təsdiqidir.

Padşah qarşısında borc

“Balbelan”lı kadr Qubalıları təhqir edib, payını alıb. Amma Qubalıların küçələrə axışmasının başlıca və əsas səbəbi bu deyil. Bu, “Balbelan” illərdir insane yerinə qoyulmayan, yaşamaq haqqı üzərində ağla gəlməyən qanunsuz əngəllər qoyulan xalqın səbrini daşıran dsamlalardan biridir. “Balbelan”lı adam da özünə qənim olan sözləri təsadüfən deməyib. BNu qəbildən və bundan daha yuxarı qəbillərdən olan məmurlardan olanların hamısı belə hesab edir ki, əhali onların tabeçiliyinə verilmiş istismar obyektidir və xalqla istədikləri kimi davranmaq onların padşahdan qaynaqlanan haqqlarıdır. Əsas məsələ xalqın rifahı deyil, padşahın ailə büdcəsinə daxil olan bac-xəracın vaxtlı-vaxtında verilməsidir. Qubada və başqa rayonlarda yerləşdirilən məmurlar da xalqı vecə almamaq kimi bir arxayınlığın məmurlarıdır. Vecə almalı olduqlarını onlar əla tanıyırlar. Onlar dövlət məmurları deyillər.

Onlar dövlət məmuru deyillər, səltənət darğalarıdır

Mən onları “dövlət məmurları” saymıram və adlandırmıram. Yalnız ona görə yox ki, Azərbaycanda dövlət özünün çoxlu sayda atributları üzrə məhv edilib. Hətta bayrağı belə ya tərsinə qoyulur, ya da rəngləri ixtisar edilir. Azərbaycan səltənətdir. Bir sülalənin səltənəti. Bu sülalə də indi daxili çəkişmələri mərhələsinə qədəm qoyub və sülalə ətrafındakı qovğalar Azərbaycanda gedən iç siyasi çarpışmaları canavarlaşdırıb. Burada dövlət qəsb eilib və səltənətə çevrilib. Yoxsa, Ziya Məmmədovun Qubada nə ölümü var? Mən Ziya Məmmədovun orada bir sıra imarətlərinin olduğunu bilirəm. Orada əlahəzrət padşahın da 17 hektarlıq bir malikanəsi var. Balbelanlı icra başçısının da 4 mərtəbəli bir villası, hansı ki, qubalılar ona od vurub yandırdılar. Bu balbelan 2007-ci ildə oraya başçı qoyulub və artıq od vurulası 4 mərtəbəli bir imarətin sahibidir. Buna “dövlət məmuru” deyilməz ki!
İndiki icra başçılarının mütləq əksəriyyətinin bioqrafiyasına baxın. Bu “balbelan”ların əksəriyyəti “müstəqil kiçik müəssitsə” direktorları olaraq əlahəzrətin korrupsiya piramidasının zəhmətkeş qarışqaları olaraq məmur səviyyəsinə gətirilib və onlarıbn üzərinə talamaq, monopoliyaya almaq, bac-xərac yığmaq və yuxarı ötürmək öhdəliyi qoyulub. Mütləq əksəriyyəti də rüşvət verərək bu mərtəbəyə çıxıblar. Kimə veriblər? Ola bilər ki, mənə…

Azərbaycanda insan faktoru istənilən “Balbelan”dan aşağıda yerləşdirilib

Əhali bunların umuruna deyil. Qubalılar illərdir ki, becərdikləri almanı bazara çıxarıb sata bilmir, çəkdikləri əziyyəti ürək ağrısı ilə parazitlərə, cücülərə yem edirlər. Bazar daha böyük həşəratların inhisarındadır. Bütün başqa rayonlarda da belədir. Adamlar yaşaya bilmirlər. Çünki hər kəs dövlət adlandırılan bir zor aparatının girovudur. Bu girovdan qurtulmaq üçün hamı hər zaman haqq ödəməlidir. Amma bu girovluq həyatı bitmir. Hər kəs qanunların ona aid etdiyi imtiyazları satın almağa məcbur edilib. Qubalılar indi hansısa bir “müstəqil balbelan”ın dili ilə təhqir edilməyib ki? Qubalılar da, Xaçmazlılar da, Göyçaylılar da (təsadüfən Ziya Məmmədovun rayonları sadalanır), Şamaxılılar da (eşşək heykəlini bir daha xatırlayın), Gədəbəylilər də, Naxçıvanlılar da,.. “balbelan”ların vasitəsilə illərdir ki, təhqir edilirlər. Azərbaycanda insan faktoru prezidentdən, onun bütün əshabələrindən, onlara aid olan əşyalardan sonra sonuncu dəyər şkalasında rəsmiləşdirilib. Dünən qubalıları küçələrə tökən bu üzücü və nəhayətsiz görünən prosesin fəsadlarıdır. Yoxsa, hansısa balbelanın bir sözü ilə insanların küçələrə axışa biləcəyini rahatca təsəvvür etməyin. Bıçağın sümüyə dirəndiyi anlar olur. Həmin anlar uzananda isə insanlar küçələrdən yığışmır, tanrının insana bəxş etdiyi hüquqların öz yerini alacağına dair bütün təminatları əldə edənə orada qalırlar.

Mafiya Qubaya hərbi texnika ilə girir

Dünən Qubaya zirehli hərbi texnika göndərənlər də social qəzəbin bu dəlisov məntiqini əla bilirlər. Və elə dünən daxil olan məlumatda deyildiyi kimi, icra başçısı olan “Balbelan”lının evi yandırılan kimi Ziya Məmmədovun oradakı villasını qorumaq üçün silahlı mühafizə korpusu təyin edilib. Hərbi texnika isə oraya daha çox, prezidentin malikanəsini qorumaq üçün göndərilib. Birdən, Allah göstərməsin,.. hər şey ola bilər deyə.

Nədən “Ayı idarəçiliyi”?

Heç nə. Heç bir səbəb yoxdur. Azərbaycandakı idarəçiliyi necə adlandırmaq olar ki? Qubaya Ziya Məmmədovun göndərilməsi ilə bu yazının başlığı arasında heç bir bağlılıq yoxdur. Hərçənd, bir çoxları hansısa başqa mətləbləri xatırlaya bilərlər.

Qənimət Zahid

скачать dle 12.1