Narıncı inqilabın müəllifi

19-11-2015, 17:45
0
Narıncı inqilabın müəllifi
Bu gün milli bayramdır. Bu günü bayrama çevirən insan  isə hələ də həbsdədir. Bu tarixin ironiyasıdır. 
1988-ci ilin 17 noyabrında, hələ “rəngli inqilab” anlayışı yox idi. Sovetlər Birliyində “azadlıq”, “demokratiya” sözləri belə qadağan idi.  O gün o vaxtkı Lenin meydanına yığışan xalq özünün nəyə qadir olduğunu göstərə bildi. Lenin meydanı Azadlıq meydanına çevrildi. Xalq azadlığını əldə edib, əsarətdən qurtula bildi.Lakin bu gün Dirçəliş günü qeyri-iş günü kimi bayram edilmir. Bu günün yaranmasında müstəsna xidməti olan Nemət Pənahlı da indi həbsdədir. Məhəhməd Hatəmi Tantəkin ağır durumda yaşayır. Vaxtilə meydana yığışan bir milyon etirazçı da artıq meydanlarda yoxdur. Rus imperiyasının sındıra bilmədiyi xalqı mövcud şərtlər diz çökdürdü.
Bu 27 ildə ölkədə çox nəsnə dəyişdi. Çoxlarının siması açıldı.  Artıq mitinq aşiqlərini də müstəqillikdən daha çox hansısa super gücün yanında olmaq daha çox maraqlandırır. Artıq protest elektoratı Azadlıq meydanı deyil, “Avromeydan” yaratmaq barədə düşünür.
Bu 27 ildə aparılan siyasət cəmiyyəti o dərəcədə taqətsiz hala salıb ki, artıq böyük ideallar uğrunda mübarizə də cəlbedici görünmür. Yaranmış vəziyyətdə cəmiyyətin azadlığı uğrunda savaşa qalxacağına ümid bəsləmək də sadəlövhlük olardı. Bu baş verənlər 1988-ci ilin 17 noyabrından xeyli fərqlənir. Bu baş verənlər “Topxana harayı” təsirindən daha çox beynəlxalq layihəyə bənzəyir. Görünən budur ki, Qərb və Rusiya qarşıdurması yeni müstəviyə transfer etməkdədir.
ABŞ Yaxın Şərqdə inqilablara nail ola bildi, lakin həmin bölgədə tam əks proseslər başlamaqdadır və sonluq Rusiyanın uğura daha çox yaxın olduğunu deməyə əsas verir. 
Ən azı Moskva taktiki gedişlərdə üstünlük əldə etməkdədir.
Ukraynada baş verənlər isə Vaşinqtonun MDB məkanını yenidən inqilablara meydan eləmək layihəsindən xəbər verir. 
Görünən budur ki, son nəticədə Rusiyanın özündə Avropaya inteqrasiya tələbləri ilə “rəngli inqilab” baş verə bilər. 
Qərb Rusiyanı öz evində vurmaq istəyir və bu baxımdan, MDB məkanından demokratik inqilabların baş verməsi ehtimalı heç də az deyil.
Yaranmış vəziyyətdə daha bir sual meydana çıxır — Qərb Azərbaycanı Avropanın bir hissəsi kimi qəbul edilmirmi? 
Görünən budur ki, Ukraynaya, Moldovaya, və yaxud xristian Gürcüstana ayrılan diqqət müsəlman Azərbaycana ayrılmır. Azərbaycanın bir neft ölkəsi olaraq qalmasında elə Qərbin özü maraqlıdır.
Buna baxmayaraq, Avropaya inteqrasiya mövcud avtoritar idarəçiliyə qarşı islahatlar zərfinin təqdim olunmasıdır. 
Azərbaycan Rusiyanın mənəvi və fiziki müstəmləkəçiliyindən xilas olmalıdır. Bu baxımdan, “Avromeydan”a hər an ehtiyac yarana bilər. “Avromeydan” ilk baxışdan Qərbə inteqrasiyanı xarakterizə edirsə, sonrakı mərhələdə tamamilə fərqli şüarların səsləndiriləcəyi bir sahəyə çevrilə bilər.Odur ki, protest elektoratının mövcudluğu, “Avromeydan”ın olması son dərəcə mühümdür. Hər baxımdan, bizi gözləyən böyük proseslərin dalğasında boğulmamaq üçün indidən buna hazır olmalıyıq.
Əks təqdirdə, ölkəni gözləyəcək yeganə perspektiv xaos ola bilər. Xaos isə sabitlikdən daha eybəcər sifətə malikdir.
27 il öncə ilk dəfə idi ki, 1 milyon insan bir yerə yığışıraq etiraz edirdi.  Lakin xaos baş vermədi. Xalq liderlərinin və mübarizənin səmimiliyinə inandı. Elə bu inam nəticəsində də qalib gəldi. Səmimiyyət və inam qarşısında isə heç bir qüvvə dayana bilməz. Rus imperiyası da dayana bilmədi.
“Nemət Pənahlını öldürmək istəyirlər”
Dirçəliş gününü tarixə  yazan bir şəxsin zindanda olması bu günə xəyanətdir. 
Bu gün Dirçəliş gününün bəhrəsini görənlərin böyük qismi 27 il öncə bu hərəkatı boğmaq üçün əllərindən gələni edirdilər. O zaman olduğu kimi, elə indi də həmin simalar iş başındadırlar. 
Siyasətin çirkin simasını sübuta yetirən amillərdən biri də elə budur.
Bu 27 ildə  çox nəsnədən məhrum olduq.Çox şanslar itirdik. İtirilmiş zamanı geri i qaytarmaq mümkün deyil. Lakin ən azından Nemət Pənahlını azad etməyə çağıra bilərdik. Bu günün qəhrəmanları olan Nemət Pəhanlıya və Məhəmməd Hatəmiyə yalnız alqışlar düşür...
Azər RƏŞİDOĞLU
скачать dle 12.1