Bəlkə də bütün bunlar elə həqiqətən də bir zarafat idi. Amma internetin olmadığı bir neçə saat ərzində insanlar özlərini elə göstərdilər ki, sanki onların həyatını korlayan bir şey varsa, o da elə internetdir...
Mən həmin hadisə ilə bağlı nəsə yazmaq fikrində deyiləm. Fəqət, bir məsələni gərəkdir ki, qeyd edim. Biz inhisarların əhatəsində qalmışıq...
İnanmazdım ki, bu tendensiya internet sahəsində də özünə yer edib. Ona görə ki, informasiya təhlükəsizliyi haqqında bizdən çox danışan yoxdur. Düşünürdük ki, ölkə bunun üçün zəruri nə varsa, onları edir. Amma əfsus! Məlum oldu ki, inhisarçılıq burada da kök salıb...
Nə isə... Bu hadisəni də birtəhər yola verdik. Bir gün sonra isə Dirçəliş günü oldu. Hamımız dönüb özümüzdən soruşduq ki, görən, bu müddət ərzində bizi nə qədər dirçəlmiş hesab etmək olar?
Demirəm ki, illər hədər keçib. Yox, xeyli irəliləmişik. İndi bizləri Novruzəlilərə bənzətmək elə də asan deyil - bizim insanlarımız Qərbdən girib Şərqdən çıxırlar...
Amma siyasətə və hakimiyyətə münasibətdə elə həmin Novruzəlilər olaraq qalırıq. Ölkədə guya ki, parlament seçkisi oldu. Amma bizə nə dəxli? Ölkədə bu gün bu qədər qalmaqallı hadisələr baş verir. Soruşmaq istəyirsən ki, bizi və dövləti qorumalı olan şəxslər nələrlə məşğul imiş?..
Amma bizə nə dəxli? Bu ölkədə hərənin öz dükanı var. Bəzilərinin də dükanı nazirlik adlanır. İndi nə edək? Durub başqasının gəlirlərini sayaqmı? Yox, biz belə oğullar deyilik! Ona görə də bizə nə dəxli?!..
Ona görə də dirçəlmək məsələsi bir az qəlizdir... İndi yadıma o illər, o günlər də düşür - sonradan Dirçəliş adlanacaq həmin günlər...
O vaxt da çox itaətkar idik, kütlə itaətkarlığını qoruyub saxlamışdıq. Deyirdilər “oturun!” otururduq, deyirdilər “qalxın!” biz də qalxırdıq. O vaxt içimizdə bir qorxu vardı...
Əslində biz meydanlara doluşmuş qorxaqlar idik. Normal insan və normal vətəndaş düşünərdi ki, mən niyə kiminsə sözü ilə oturub-qalxmalıyam? Amma biz özümüzə belə suallar vermirdik...
Bəli, biz daim qorxmuşuq - tribunada dayananlardan qorxurduq. O qədər qorxurduq ki, onların sözü ilə oturub-dururduq. Yüksək vəzifədə olanlardan qorxurduq. Ona görə ki, bizə həmişə onlardan qorxmaq təlqin edilmişdi. Biz də bunu qəbul etmişdik. Ona görə də təkrar-təkrar özümdən soruşuram ki, bu illər ərzində ürəklərimizdəki qorxu hissi azaldımı?
Əfsus! “Hə” deyə bilmirəm. Ona görə də çoxlu insanın bir yerə toplanması hələ heç nə demək deyil. Çoxlu insanın adı kütlədir. Kütlə isə kiminsə aləti deməkdir. Bu, hələ dirçəlmək demək deyil. Dirçəliş tamam başqa şeydir. Odur ki, özünün bir fərd, şəxs olduğunu dərk edirsən, səndə özünəhörmət hissi baş qaldırır. Amma kiminsə sözü ilə Meydanda oturub-duran adamlarda özünəhörmət hissi ola bilərmi?
Düşünürdük ki, “otur!” deyəndə oturmasaq, “dur!” deyəndə durmasaq bizi elə həqiqətən də erməni hesab edərlər, döyərlər, bəlkə də öldürərlər... Bizim heç bir güvənc yerimiz yox idi. Dövlətə güvənə bilmirdik, cəmiyyətə arxalana bilmirdik, lap elə Meydandakı insanlara ümid edə bilmirdik... Mənə o vaxt elə gəldi ki, bu ölkədə hələ uzun müddət şəxsə, fərdə hörmət olmayacaq... Bilmirəm, müasir politologiyada “totalitar kütlə” anlayışı var, ya yox? Amma o günlərdə kütlə mənə totalitar bir toplum kimi göründü. O vaxt düşündüm ki, bu günlərdə gələcək avtoritar sistemin məşqi gedir. Həmin avtoritar sistem də düz 22 il bizə “oturun-qalxın!” deyəcəkdi!
Əslində o vaxt bunu məşq edirdik. Amma nədənsə adını Dirçəliş qoydular... Mən o günlərdə Meydanda çox şüarlar eşitdim. Fəqət, sonradan ağlıma gəldi ki, axı orada demokratiya ilə bağlı bircə şüar da səslənmədi. Bəlkə “dirçəlmiş” kütlə buna da ehtiyac duymurdu?..
Sonradan Z.Freydin kütlə psixologiyası ilə bağlı yazdıqlarını oxudum və o vaxt mənə elə gəldi ki, bütün bunları haradasa görmüşəm və haradasa bunların şahidi olmuşam...
Fəqət, tələsməyək. Gün gələcək və kütlə meydanlardan hökumət binalarına dolacaqdı. Yenə də ümid yaranacaqdı. Amma nahaq yerə. Heç bir il keçməyəcəkdi ki, o, öz yerini indiki avtoritar sistemə verəcəkdi. Bununla da “dirçəliş epopeyası” tamamlanacaqdı. Və biz on illərlə oturub-qalxacaqdıq. O səbəbdən o günlərdən böyük nəticələr çıxarmağın tərəfdarı deyiləm. Ona görə ki, hər şey daha sadə idi - biz gözəlcə idarə olunurduq. Hətta o qədər gözəl ki, özümüzün də bundan xoşumuz gəlirdi...