Gücsüzlərin gücü...

18-11-2015, 14:47
0
Gücsüzlərin gücü...
İlk dəfə bu, bir neçə il əvvəl, 11 sentyabrda olmuşdu. O vaxt məlum oldu ki, hətta bir neçə adam da böyük bir dövlətin, fövqəlnüvə dövlətinin də “ürəy”ini nişan ala, ona sarsıdıcı zərbə endirə bilər...
 
Bəli, o vaxt yarım əsr yaşı olan nüvə mifi dağıldı. Məlum oldu ki, nüvə heç də yarım əsr düşünüldüyü kimi, ən etibarlı təhlükəsizlik çətiri deyil...
İndi də Paris və dünyanı sarsıdan terror aktı... Amma mən düşünürəm ki, görən, həmin hadisə, Allah eləməmiş, Türkiyədə baş versəydi bu qədər rezonans doğuracaqdımı? Özüm də cavab verirəm ki, yox. Nəyinsə əks-səda və rezonans yaratması üçün o, təəssüf ki, yalnız Qərb ölkələrində baş verməlidir...
Eyni hadisə Türkiyədə və yaxud da başqa ölkədə baş verəndə bu, sıradan bir xəbər olur. Uzağa niyə gedək? Elə PKK-nı götürək. Neçə illərdir ki, həmin bu təşkilat Türkiyəyə və türklərə qarşı əsl müharibə aparır. Amma bunun fərqində olan varmı? Bəli, PKK-nı terrorçu təşkilatlar siyahısına daxil ediblər və iş elə bununla da bitib...
İndi isə Suriya məsələsində, PKK ilə, kürdlərlə bağlı ABŞ və Qərb ölkələri ilə Türkiyə arasında əsl ixtilaf yaşanır. Hətta buna görə Türkiyə qınanır da. Təbii ki, bunu açıq mətnlə edə bilmirlər. Amma diplomatik kanallarla öz narazılıqlarını çatdırmağa çalışırlar. Deyilənə görə, İŞİD Parisdəki kimi, elə Türkiyədə də analoji terror aktı planlaşdırıbmış. Amma son anda xoşbəxtlikdən hadisənin qarşısını almaq mümkün olub...
Bunları deməklə bir növ Qərbdən acığımızı çıxmağa çalışmırıq. Baş vermiş hadisə həqiqətən də adamı sarsıdır...
Amma eyni bir hadisə Qərbdə baş verirsə bu, faciə, Türkiyədə də və ya başqa bir ölkədə baş verirsə “anlaşılmazlıq” olur. Bax, bizi bu narazı salır...
Amma yenə də düşünürük ki, bu da müvəqqətidir. Böyük dövlətlər, eləcə də Qərb dövlətləri gec-tez terrorun nə qədər ümumi bir bəla olduğunun fərqində olacaqlar...
Bəs bu gün üçün əsas nədir? Dünya fenomenal hadisə ilə qarşılaşıb. Təsəvvür edin ki, adam özünü partladır! Bunu müasir Qərb adamından gözləmək çətindir. Bəli, bəlkə də nə vaxtsa orada da olub, amma indi elə bir Qərb adamı tapmaq olmaz ki, o, hansısa ideya uğrunda özünü partlatsın. Bunu da ironiya və qınaq kimi qəbul etmək lazım deyil. Reallıqdır. 
Terrorçuların gücü bundadır. Ona görə də onların hərəkətlərini adi məntiqlə, adi məntiq çərçivəsində proqnozlaşdırmaq qeyri-mümkündür. Onlardan normal məntiqə sığmayan və normal məntiqlə yozulmayan hər cür hərəkəti gözləmək olar...
Bəli, normal məntiq deyərdi ki, bu qədər yaxın ölkə varmışkən, terrorçular heç Parisi hədəf seçərlərmi? Onlar bunu bacararlarmı?
Amma seçdilər və bacardılar. Onların gücü də bundadır. Bu da xüsusi müharibə üsuludur. Tez-tez deyirik ki, üçüncü dünya müharibəsi olmadı və nüvə silahı bunun qarşısını aldı. Amma nüvə silahı da terror qarşısında acizdir. Hələ onu təsəvvür etməyə çalışın ki, birdən nüvə silahı onların əlinə keçsə, onu partlatmaqdan çəkinərlərmi? Bəli, bu, daha çox superdetektiv romanlarının süjetini xatırlatsa da, onu deyək ki, bir neçə il bundan əvvəl bizə 11 sentyabr da və 13 noyabr da inandırıcı görünməzdi...
Bəli, onlar - terrorçular hər birimizdən güclüdürlər, çünki bu adamlar hansısa abstrakt “ideya” uğrunda ölə bilirlər. Biz adi, insanlar isə rahat və təhlükəsiz həyata alışmışıq. Bunu da normal şey kimi qəbul etmək lazımdır.  Bir az əvvəldə dedik ki, 11 sentyabrı və 13 noyabrı törəndənlərin davranışını normal məntiqin hüdudlarından kənarda aramaq lazımdır...
Bəli, bu adamlar normal adam deyillər. Bir Türkiyə filmində maraqlı epizod görmüşdüm. Orada terrorçuların psixi təsirə məruz qoyulduğu göstərilirdi. Nə gizlədim? Əvvəl mənə inandırıcı görünməmişdi. Amma indi bunu tamamilə normal bir şey kimi qəbul edirəm. İnanıram ki, terrorçuların hamısı psixoloji “hazır”lıq keçir. Əks təqdirdə onların davranışını normal məntiqdən kənarda aramaq lazım gəlməzdi...
 
Ən dəhşətlisi isə başqa şeydir. Terrorun də kökünü sosial problemlərdə axtarmağa adət etmişik. Amma həqiqətdə belədirmi? Təəssüf ki, yox. Demək olmaz ki, İŞİD-çilər kasıblıqdan və aclıqdan bu yolu tutublar. 
Təcrübə göstərir ki, cəhənnəmə yol bir çox hallarda cəlbedici “ideya”lardan - utopiyalardan keçir. Ona görə də utopiyalardan və utopistlərdən qorxun. Onlar  öz beyinlərindəkiləri həyata keçirmək üçün adətən heç nədən çəkinmirlər...
скачать dle 12.1