Niyə belə gerilədin, Şərq?

17-11-2015, 14:52
0
Niyə belə gerilədin, Şərq?
Diqqət daxildəki maraqlı və həyəcanlı proseslərdən, Fransada baş vermiş müdhiş terror aktından tədricən Türkiyəyə, böyük 20-liyin toplantısına yönəldi. Doğrusu, məni bu prosesdə daha çox Səudiyyə kralının özü üçün hazırladığı təmtəraq maraqlandırdı. Düşünürəm ki, diqqətli oxucu da həmin bu məqamı nəzərdən qaçırmadı...
Şərq və Qərb məsələlərindən, dünyanın bu iki kəsiminin bir-birindən siyasi və ictimai fərqlərindən çox yazırıq, çox danışırıq. Amma 20-liyin Türkiyədəki toplantısı da belə müqayisələr aparmaq üçün bir fürsətdir. Gərək biz də bu fürsəti qaçırmayaq...
Fəqət, etiraf edirəm ki, qeyri-adi, fövqəladə dərəcədə yeni bir şey də yoxdur və Şərq despotlarının təmtərağı necə sevdiyi hamıya yaxşıca bəllidir. Nədən belə olur? Nədən Şərq despotları bu qədər “fərqlənməyi” sevirlər?
Doğrusu, mən də bu suallara cavab verməkdə acizəm. Bircə onu deyə bilərəm ki, onlar despotlardır və despotlara uyğun da həyat tərzi keçirməyə alışıblar və bu, onların cəmiyyətlərinə elə də qeyri-adi görünmür...
Hələ yayda Səudiyyə kralının Fransada bir çimərliyi özü üçün bağlatdırdığı haqda xəbərlər yayılmışdı. Deyim ki, Fransanın prezidentləri özləri üçün heç bir vaxt belə bir təmtəraq qura bilməzlər...
Amma Şərq despotları edirlər. Ən maraqlısı isə bilirsiniz nədir? Böyük 20-lik dövlətləri kimi qüdrətləri yoxdur bu ölkələrin. Fəqət, Yaponiya kimi dövlətin baş nazirinin gündə 1000-1200 dollarlıq xərclə kifayətləndiyi halda Səudiyyə kralının xərcləri 15-20 milyon dollar təşkil etdi. Amma Yaponiya hara, bizim məşhur Səudiyyə krallığı hara?
Dinimiz qənaətcilliyi tövsiyyə edir. Müqəddəslərimiz də həmişə qənaətçilliklərilə seçilib. Belə olan halda müsəlman dövlətlərinin başçılarında haradandır belə təmtəraqçılıq?
Düşünürəm ki, məsələ cəmiyyətlərdədir. Yaponiyada cəmiyyət diqqətli və güclüdür, onlar imkan verməz ki, baş nazirlər həddi aşsınlar, dərhal onları bir başqası ilə əvəz edərlər. Amma Səudiyyə kralına kim nə deyəcək? Bəli, onlar kraldır, bölünməz və mütləq hakimiyyətə malikdirlər...
Amma krallar Avropada da var. Bəlkə də ən böyük kral İngiltərənin kralıdır. 
Amma İngiltərə kraliçasının deyilənə görə, hətta şəxsi təyyarəsi də yoxdur və bu ölkədə kralın xərclərini parlament təsqdiq edir, özü də hər bir maddəni, hər bir detalı yüz dəfə ölçüb-biçərək...
Bir ara Hegelə acıqlı idim. Ona görə ki, o, azadlıq ideyasının haralarda pərvəriş tapdığını yazarkən Şərqdən tamam yan keçmişdi. Və onun yazdıqlarından belə nəticə alınırdı ki, Şərqdə heç vaxt azadlıq olmayıb. Amma indi görürəm ki, haqlı imiş - Şərqdə həmişə bir nəfər adam azad olub, yalnız bir nəfər azadlığın nə olduğunu bilib. Onlar da Şərqin müstəbidləri olublar...
Bəlkə də min il bundan əvvəl nələrəsə haqq qazandırmaq olardı. Ona görə ki, min il bundan əvvəl Şərqin qüdrəti vardı. İndi nə var? Türkiyə yeganə müsəlman ölkəsidir ki, güclü dövlət olmağa iddialıdır. Amma Qərb bu nümunəni görmür, onu təqdir etmir. Niyə? Bəlkə ona görə ki, onlar elə özləri də maraqlıdır ki, Şərq elə bu cür olaraq qalsın? Bilmirəm...
Tez-tez Şərq deyirik. Amma unduruq ki, uzaq Şərq ölkələri də var və onlar  Qərbin bütün stereotiplərini heç ediblər və yüksək inkişafa nail olublar. Buna hətta inkişaf da demək olmur, çünki əsl sıçrayışdır. Deməli, problem bu ölkələrlə bağlı deyil, müsəlman Şərqilə bağlıdır...
Nədən belə oldu? Nədən bu qədər geridə qaldıq? Çətin suallardır. Kimsə desə ki, bu sualların cavabını bilirəm, inanmayın, heç kim birmənalı olaraq bir şey bilmir. Burada bəlkə L.Gumilyova da müraciət etmək olardı. Bəlkə müsəlman Şərqi üçün inkişaf fazası ötüb keçib?..
 
Bilmirəm, bilmirəm və yenə də bilmirəm... Bəzən mənə elə gəlir ki, bu sualın cavabının astanasındayam. Dərhal da aydın olur ki, yox, mən heç nə bilmirəm və cavablardan çox suallar yazmağa qadirəm...
Müsəlman ölkələrinin geriliyini onların siyasi sistemlərində aramaq olardı. Di gəl ki, Avropa ölkələri də birdən azad olmayıb, onlar da avtroritar ölkə mərhələsini keçiblər. 
Ağlıma gəlir ki, Şərqdə əməlli-başlı sənaye kapitalizmi olmayıb, o, bu mərhələni keçməyib. Təbii resurslar onları inkişafdan saxlayıb, düşünməkdən, yeni inkişaf üçün zəmin ola biləcək axtarışlardan məhrum edib. 
Qərbli Dekart isə deyirdi ki, düşünürəmsə, deməli yaşayıram. Düşünmürəmsə, deməli günü-günə calayıram...
скачать dle 12.1