İşsiz aş dövrü bitdi

16-08-2015, 04:44
0
İşsiz aş dövrü bitdi

Biz xalq olaraq bahalı neft dövrünün də xeyrini, təntənəsini görmədik. Onun xeyri çox oldu, lakin bunu hakimiyyətdəkilər, məmurlar, ümumilikdə kiçik bir qrup gördü. Təntənəsi də oldu, bu da siyasi hakimiyyətin idi. Orda-burda görüntü xarakterli abadlıqlarla, festivallarla, idman yarışları ilə inkişaf şousu yaradıb, doyunca öyündülər. Pullar ölkənin inkişafına yönəlmədi...

Neft pullarının ölkənin faydasına sərf edilməməsi ilə bağlı təəssüf və qəzəb yalnız bizim ölkəyə adi deyil. Buyurun, Rusiyadakı təhlil və iradları tapıb oxuyun. Eyni vəziyyətdir. Rusiyalı təhlilçilərdən biri yazıb ki, bahalı neftin pulları Rusiyanın inkişafına yox, 1-ci Kanalının inkişafına sərf edildi. Həmin televiziya kanalı isə hakimiyyətin təbliği və təriflənməsi ilə məşğuldur. Eynən bizdəki kimi, güc təbliğata və tərifə verilmişdi, indi isə hər şeyin yalan olduğu üzə çıxır.

Rusiyada da, Azərbaycanda da aparılan siyasət neft pulları hesabına problemləri pərdələməyə, uğur görüntüsü yaratmağa, avtoritar idarəçiliyin fəsadlarını gizlətməyə, siyasi ağalıq sistemini qorumağa xidmət edirdi. Ayrıca, Azərbaycan hakimiyyəti bu siyasətin gələcək fəsadları barədə heç düşünmür, ən yumşaq tənqidi belə yaxına qoymur, korrupsiyanın girdabında xoşallanır, təntənə yaşayırdı. Qlobal iqtisadi böhranı belə heç sayaraq, “bunun bizə təsiri yoxdur” deyə hər şeyin neftə görə olduğunu gizlədirdilər.

Artıq çox şey aydınlaşıb, neftin düşməsi hər şeyi dəyişib, hətta etiraflar da başlayıb. Ilham Əliyev az qazandığımızı etiraf etməli oldu. Lakin etiraf edilməli başlıca məsələ qalır. Azərbaycan iqtisadiyyatı neftin üzərində durub, ölkə işləmədən yeyib. Iş yerlərinin əsasını neftin hesabına mövcud olub - məmur yerindən tikinti sektorundakı iş yerlərinə qədər. Ölkədə yeganə real iqtisadi sektor tikinti olub, amma o da neft pulları hesabına mövcud olub. Hakimiyyət hesab edib ki, neft pulları hesabına xalq aş tapıb yeyəcək. Indi isə bu dövr bitdi və etiraf olunası da budur!

Təkrar-təkrar böhrandan yazmağımız səbəbsiz deyil. Biz bunu illərdir yazırdıq - gec-tez olacağını, ağırlıqlar gətirəcəyini! Əvvəllər də ölkədə sosial durum yaxşı deyildi, amma daha pis olacağını mütəxəssislər və mütəxəssis olmayanlar söyləyirdilər. Bunu indi, yəni hamının gördüyü bir vaxtda deməyin isə başqa bir mənası var.

Yaranan və gözlənilən iqtisadi çətinliklərin səbəbi öncə siyasidir. Idarəçiliklə bağlıdır. Bəla neftin düşməyi deyil, bəla ölkənin avtoritar məngənədə sıxılması, azadlıqların boğulması, ayrı-seçkilik, inhisar, ədalətli məhkəmənin olmaması, nəhayət korrupsiyadır.

Ölkəni talamaq varsa, durum necə yaxşı ola bilər? Vəziyyət necə dəyişə bilər?

Vətəndaşın ağzı yumulursa, mətbuat boğulursa, azad cəmiyyət və azad bazar necə yarana bilər?

Monopoliya sistemli şəkil alıbsa, qeyri-neft sektoru necə yarana və inkişaf edə bilər?

Ədalətli məhkəmə yoxdursa, mülki və iqtisadi haqlar necə tənzimlənəcək? Haqlar necə təmin ediləcək?

Problemlər neftlə bağlı deyil və neftə bağlı olmalı deyil. Neftin baha olduğu dövrdə də ölkə bir yana çıxmadı. Ölkədə ədalətli idarə sistemi olmadıqca, azadlıqlar təmin edilmədikcə, heç bir iqtisadi siyasət vəziyyəti dəyişməyəcək. Bu, iqtisadi böhran deyil, siyasidir. Iqtisadiyyata hələ çox var!

 

ŞAHVƏLƏD ÇOBANOĞLU

скачать dle 12.1