Keçmiş sovet düşərgəsindəki bütün siyasətçilərin hərəsinin bir özəl, xarakterik cəhəti var. Bu mənada Qazaxıstan prezidenti N.Nazarbayev də istisna deyil...
Fikir vermişik, o, daim Rusiyanı şirnikləndirə biləcək böyük inteqrasiya layihələri ilə çıxış edir. Amma elə özü də tez bir zamanda həmin layihələrə qarşı çıxır. Bunun özü də bəlkə onun göstəricisidir ki, əslində heç kim Rusiya ilə bağlı böyük layihələrin perspektivinə inanmır. Hamı, sadəcə, çalışır ki, özünü Rusiyanın neqativ təsirlərindən hifz edə bilsin...
Avrasiya İttifaqı layihəsinə gəldikdə isə onun səmərəliliyi haqqında söz demək bəlkə də tezdir. Amma N.Nazarbayev belə düşünmür. O bu yaxınlarda bildirib ki, Avrasiya İttifaqına üzv olmaq onun ölkəsinin iqtisadiyyatı üçün bir o qədər də müsbət nəticələrə gətirib çıxarmadı, əksinə, rublun dəyərdən düşməsi, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Qazaxıstanın iqtisadiyyatı üçün problemlər yaratdı...
Bir daha deyirik ki, bunları N.Nazarbayev deyib - bəli, V.Putinlə birgə Avrasiya İttifaqı layihəsinin əsas ideoloqlarından və icraçılarından biri. Elə bu səbəbdən də bu İttifaqla bağlı hələ də yüksək fikirdə olanlar üçün bu, bir növ görk ola bilər...
Açığı, Azərbaycanda Avrasiya İttifaqı ilə bağlı yüksək fikirdə olanlar çox azdır. Sadəcə, Qarabağ problemini bu məsələ ilə bağlamaq cəhdləri var. Bunu prinsipcə, normal qəbul etmək olardı, əgər bir detal olmasaydı. O detal da budur ki, kim zəmanət verər ki, Avrasiya İttifaqına üzv olacağımız təqdirdə Qarabağla birlikdə bütün Azərbaycanı itirməyəcəyik?..
Təəssüf ki, belə zəmanət yoxdur. Elə MDB ilə bağlı da bir vaxtlar deyirdilər ki, bu, keçmiş sovet ölkələrinin Rusiyadan “mədəni ayrılma” yoludur. Amma sizə elə gəlmirmi ki, bu yol çox uzun çəkdi?
ə
İnsanlar, müstəqil və qeyri-müstəqil təhlilçilər məsələyə kifayət qədər praqmatik baxır və diqqəti belə bir detala yönəldirlər ki, Azərbaycanın xarici ticarət dövriyyəsinin yalnız 12-15 faizi MDB ölkələrilə bağlıdır. Ölkə iqtisadiyyatı neftə və qaza görə əsasən Avropa ölkələrilə bağlıdır. Düzdür, bu məsələnin bir tərəfi də var- güman ki, MDB ölkələrilə bağlı olan əsasən qeyri-neft təyinatlı sahələrdir. Bu sahələrin inkişafı, onların genişlənməsi Azərbaycan üçün həyati məna kəsb edir. Ona görə də adama ilk baxışda belə bir fikir məntiqli görünür ki, qeyri-neft sektoruna görə ölkə MDB dövlətlərilə əlaqələri genişləndirməlidir...
Amma Əzrayılın uşaq paylaması haqdakı lətifəni də unutmaq olmaz. Həm də iqtisadi əlaqələr ikitərəfli məzmun kəsb edir, əgər bir ölkədən tələb olmasa o biri ölkədən təklif də gəlməz...
Ona görə də demək istəyirsən ki, Avrasiya İttifaqı olmadan da keçinə bilərik.
Onsuz da Rusiya bizə heç nə qaytarası deyil. Burada bir daha adamın yadına həmin məşhur lətifə düşür, hansını ki, bir az əvvəldə xatırlatdım...
Qərəz, kəndə xəbər yayılır ki, Əzrayıl uşaq paylayır. Gəl, camaat baxıb görür ki, bir kişi heç onlara qoşulmur, sevinmir, deyib-gülmür...
Soruşurlar ki, ay filankəs, sən niyə sevinmirsən? Kişi qayıdır ki, bəs mənim uşaqlarıma toxunmasın, Əzrayılın uşaqları mənə gərək deyil...
İndi Rusiyanın da layihələrinə eyni münasibət sərgiləmək olar. Qazaxıstanı və onun prezidentini başa düşmək elə də çətin deyil. Qazaxıstan böyük ölkədir və əhalisi də az, həm də polietnik tərkiblidir. Ona görə də qazax prezidenti daim Rusiya ilə “oynayır”. Amma məsəl var, deyirlər ki, ayının min oyunu var, hamısı da bir almanın üstündədir. İndi N.Nazarbayevin də bütün oyunları elə vahid və bölünməz Qazaxıstana görədir...
Adam bilirsiniz nə fikirləşir? Srağagün Yunanıstanın baş nazirinin Türkiyəyə səfərini göstərirdilər. Yunanıstan da uzun müddət Türkiyə üçün baş ağrısı olmuşdu. Amma bütün bunlar tədricən sovuşur, əvəzində isə həyata normal və praqmatik siyasət gəlir. Bu epizodlara baxanda fikirləşdim ki, kaş, Qafqazlarda da belə oyanış baş verəydi, münaqişələrə son qoyulaydı, normal və praqmatik məntiq üstün gələydi...
O vaxt nə qədər şey dəyişə bilərdi?! Lap açığı Rusiyanın Qafqaza müdaxilə imkanları bəlkə də yüz dəfə azalardı. İndi təəssüf, Qafqazda siyasi dumanların çəkilməsinə məhz Rusiya imkan vermir...
Fəqət, hər şeyin bir sonu var. Bir gün Qafqazda da siyasi havalar aydınlaşmalıdır. Amma bunun üçün düzgün istiqamət götürmək tələb olunur. Özü də indidən...