Maraqlı ölkələr, xüsusən də maraqlı insanlar həm də maraqlı ideyalar deməkdir. Bu ideyalar bəzən gülməli də görünə bilər. Necə ki, Rusiyada qonşu ukraynalıların qəbul etdiyi bütün aktlara gülürlər. Amma bu gülüşdə bir acıq da hiss olunur. Heç bir keçmiş sovet ölkəsinin davranışı Ukrayna qədər Rusiyada gülüş doğurmur. Amma bir az əvvəldə qeyd etdiyimiz kimi, bu adi bir gülüş deyil, öz acısı, sarkazmı ilə adamı sarsıdan gülüşdür...
Sonuncu dəfə bu gülüşü Ukraynadakı dekommunizasiya cəhdləri ilə bağlı sezmişdik. Bəlkə də elə həqiqətən də indi dekommunizasiya bir qədər ironik təsir bağışlayır - bəli, demək olar ki, yatdılar, yatdılar, kommunistlər ölkəni tamam viran qoyandan sonra ayıldılar...
Amma bir məsələ var ki, dekommunizasiya indi Ukraynada konkret adamlardan daha çox tarixi simvollara, atributlara qarşı yönəlib. Bəli, indi kommunistlərin çoxu dünyasını dəyişib, sağ qalanları isə ən azı öz yaşlarına görə fəal həyat tərzi keçirmirlər...
Ona görə də bu cəhdlərin niyə Rusiyada bu qədər sarkazm doğurması adamı bir azacıq təəccübləndirir. Fəqət, səbəbini başa düşmək olar. Ukrayna yaxın keçmişindən qopmaq istəyir. Ölkə sovet keçmişindən uzaqlaşmağa cəhd edir. Bu isə o deməkdir ki, ölkə həm də Rusiyadan uzaqlaşır...
Dekommunizasiya aktı haqqında ilk dəfə Polşada eşitmişdik. Bir vaxtlar polyak demokratları belə akt qəbul etmək istəyirdilər. Amma bu, onlara nəsib olmadı, onlar belə bir aktı qəbul etdirə bilmədilər. Sonradan isə hər şey unuduldu, yaddan çıxdı, həyat öz dekommunizasiya apardı - kommunistlər bayaq dediyim kimi, həyatdan köçdülər, qalanları isə təqaüd dövrünə qədəm qoydular...
Əslində Ukraynada da bu proseslər daha tez başlamalı idi. Məsələn, orada da elə Azərbaycanda olduğu kimi dekommunizasiya aktını kommunistlərin özləri həyata keçirə bilərdilər - Azərbaycanda yeni qaydalar, xüsusən də iqtisadi qaydalar bizim kommunistlərin çox xoşuna gəldi. Ona görə də onlar keçmişlə bağlı bütün ilişgiləri qırdılar, təkcə özlərinə, öz şəxsi keçmişlərinə toxunmadılar. Onların məntiqindən belə başa düşdük ki, sovet rejimi əsasən pis idi, amma həmin o çətin illərdə də bir qrup kommunist varmış ki, onlar hələ o vaxt “demokratiya” və “milli müstəqillik” uğrunda çarpışırdılar- bunlar bizim milli kommunistlər imiş...
İnsanlar da bu məntiqlə barışdı. “Barışdı” deyəndə ki, onların rəyini heç soruşan da olmadı. Sadəcə, hamı qəbul etdi ki, elə belə də olmalıdır, çünki bu Azərbaycanda həmişə güclülər- hakimiyyətdə olanlar haqlı olur...
Qayıdaq Ukraynaya. Bu ölkə kommunist keçmişinə iki aspektdən yanaşır və bu rejimi təkcə totalitar rejim kimi deyil, həm də istilaçı rejim kimi qəbul edir... Elə rusları daha çox qeyzləndirən budur. Bəlkə kommunist liderlərinə qarşı sayğısızlıq onlara bu qədər təsir etməzdi. Amma istilaçı rejim kimi qəbul olunmaq - bax, bu, onlara ağır gəlir... Moskva ukraynalıların bu qədər “dönük” çıxacağını gözləmirdi. Amma gözləməli idilər. Ukrayna millətçiliyi bu günün və yaxud da dünənin məsələsi deyil, hələ sovetlər vaxtında bu haqda danışırdılar...
Amma buna rəğmən Ukraynada proseslər çox ləng getdi. Bu illər ərzində çox şey etmək olardı. Amma onlar nə etdilər?
Təəssüf ki, cavabımız bir o qədər də təqdiredici deyil. Ölkə hələ də keçid dövrünü yaşayır. Bu keçid də özündə təkcə iqtisadi mənaları, məzmunu ehtiva etmir, həm də aksioloji məzmun kəsb edir - ölkə yeni dəyərlər yaratmağa və onlara alışmağa çalışır...
Proses isə ləng gedir... Baltik ölkələrində çox şey daha sürətlə getdi. Orada da iqtisadi problemlər qalır. Amma siyasi dəyərlərlə bağlı bir yəqinlik var. Amma Ukraynada bu proses axır ki, ölkəni böldü. Şərq faktiki olaraq ölkədən ayrıldı...
İndi rusların ironiyasının gülməli tərəfi odur ki, onlar dekommunizasiya cəhdlərinin ən azı şərqi Ukraynada tormozlanacağını deyirlər. Bununla sanki özlərinə təskinlik verirlər...
Bizi isə bir qədər fərqli məsələ narahat edir. O da budur ki, Ukrayna, Moldova, Gürcüstan və Azərbaycan hələ öz yerlərini tapa bilməyiblər. Onlar bu hala müxtəlif səbəblərdən düşüblər-bəzilərində bu, obyektiv səbəblərdən olub, bəzilərində isə subyektiv. Nəticə isə eynidir. Hətta səbəblər müxtəlif olsa belə...
Ona görə də nigarançılıq qalır. Çünki yol başa vurulmayıb, hələ də bu yol bir qədər başqa səmtə - Rusiyaya tərəf dönə bilər...