Bu günlərdə Strasburqda maraqlı beynəlxalq tədbir baş tutdu. Dünyanın 100 ölkəsindən 1500 nəfər siyasətçi, demokratiya və ictimaiyyət fəalı Fransanın bu şəhərinə müasir demokratiyanın qarşılaşdığı problemləri müzakirə etmək üçün toplaşdı...
Mən bu haqda oxuyanda ağlıma gələn ilk fikir bu oldu ki, görən, Azərbaycandan, eləcə də Qafqazdan bu tədbirdə kimsə iştirak edirmi? Təəssüf ki, bu suala cavab tapa bilmədim...
Biz onsuz da dünyadan təcrid olunmuş şəkildə yaşayırıq. Əvvəlki fəallığın yerini indi biganəlik və bir az da etinasızlıq tutub. Hamı bir fikir deyir: “Əşi, onsuz da bu ölkə düzələn deyil”...
Hamı da bir həqiqəti unudur ki, “düzəlməyən” ölkə olmur. Qorxulusu odur ki, insanlar tamam ruhdan düşüb əllərini yanlarına salsınlar. Bu, ona görə qorxuludur ki, hökumətlər, eləcə də digər demokratiya opponentləri yerlərində durmurlar, onlar da fəaliyyətdədirlər...
Strasburqa toplaşmış adamları bir məsələ maraqlandırırdı: görən, beynəlxalq terrorizmə qarşı mübarizə şəraitində demokratiyanı qorumaq mümkün olacaqmı? Məsələ bundadır ki, terrorizmə qarşı mübarizə aparmaq üçün bütün strukturlar, xüsusən də hökumətlər və təhlükəsizlik strukturları daim özləri üçün geniş səlahiyyətlər tələb edirlər. Bu səlahiyyətlər bir çox hallarda azadlıq və demokratiyanın fundamental əsaslarına toxunur.
Hələ onu demirik ki, belə cəhdlərdə bir qədər sui-istifadə etmək meylləri də hiss olunur. Bu da təbiidir. Hökumətlər özlərini böyük səlahiyyətlər şəraitində daha “rahat” hiss edirlər.
Bizim, azərbaycanlı demokratların problemi ondadır ki, qarşılaşdığımız və həll etməyə çalışdığımız problemləri dünyaya çatdıra bilmirik. Əksər hallarda onları problemlərimizin aktuallığına inandıra bilmirik. Bunun səbəbləri çoxdur. Əsas səbəbsə odur ki, demokratiya ilə bağlı səylər kütləvi və davamlı xarakter almır, yalnız ayrı-ayrı fərdlər nəyəsə cəhd edirlər. Amma bu, təkcə Azərbaycanda belədirmi? Bu yaxınlarda A.Saxarov adına mükafatı Səudiyyə krallığının vətəndaşına verdilər. Demək olarmı ki, Səudiyyə krallığında demokratiya uğrunda mübarizə daha kütləvi və davamlı xarater alıbdı? Bu cür iddialara qapılmaq həqiqətdən çox uzaqlaşmaq demək olardı...
Amma kiçik bir nüans var. Demokratiya uğrunda mükafatların coğrafiyasının getdikcə daha çox Asiya ölkələrinə tərəf genişlənməsinin və daha çox bu ölkələrdəki insanların belə mükafatlara layiq görülməsinin öz səbəbləri var. O ölkələrdə demokratiya uğrunda mübarizə daha inandırıcı görünür. Bizim ölkələr siyasi mənada artıq Avropa hesab olunur və avropalılar bəlkə də etiraf etməyə çətinlik çəkirlər...
Bəli, onlar üçün etiraf etmək çətindir ki, Avropa Şurasının üzvü olan bəzi ölkələrdə hətta ən elementar hüquqlar da pozulur. Belə hallar o qədər qeyri-adi görünür ki, onlar bəzən bunu dilə gətirməyə ehtiyat edirlər, çünki kimsə qayıdıb deyə bilər ki, budurmu sizin Avropanız?
Belə ölkələrdə çox təmtəraqlı ritorika var. Belə ölkələrin hökumətləri multikulturalizmdən, tolerantlıqdan, azadlıqdan dəm vururlar. Amma gəl eyni zamanda elementar hüquqları tapdalayırlar...
Məsələn, hansısa Avropa ölkəsini necə inandırasan ki, bu qitəyə siyasi inteqrasiya etmiş elə ölkələr var ki, orada düzgün və ədalətli seçki keçirmirlər, orada hətta seçkini saxtalaşdırırlar?!
Əslində belə ölkələr Avropa adlanmamalı idilər. Bəlkə də avropalılar düşündü ki, bunları öz sıralarımıza qəbul edək, sonra bəzi məsələləri yoluna qoyarıq və yaxud da hökumətləri insanların hüquq və azadlıqlarını tanımağa vadar edərik.
Bəlkə burada da əlahəzrət geosiyasət sözünü dedi? Tutaq ki, 50 il bundan əvvəl tamam başqa bir vəziyyət idi. O vaxt antikommunist siyasət yürütmək kifayət idi ki, Qərbin geosiyasi çətiri altında özünə yer təmin edəsən.
Beləcə, onlarla diktator, xüsusən də ki, latın Amerikası ölkələrindəkilər özlərinə yaxşı himayə təmin etmişdilər. Amma indi daha o vaxtlar deyil. Hətta Rusiyaya qarşı sanksiyaların tətbiq olunması belə növbəti soyuq müharibənin başlandığını iddia etməyə əsas vermir...
Amma qeyri-azad ölkələr qalır. Özü də uzaqlarda, Asiyada deyil, elə Avropanın özündə. Görəsən dünyanın 100 ölkəsindən toplaşmış 1500 nəfər demokratiya fəalı Strasburqda bunu necə yozdu? Təəssüf ki, bilmirik. Elə bu dünyanın qəlizliyi də ondadır ki, məchulluqlar azalmır, əksinə getdikcə artır...