Rusiya indi bir güzgü kimidir. Bəzi keçmiş sovet ölkələrindəki siyasi vəziyyəti yetərincə dərk etmək üçün bu güzgüyə baxmaq lazımdır. Məsələn, mən Azərbaycanda bəzi məsələləri başa düşmək üçün tez-tez bu “güzgü”yə baxıram və mənə elə gəlir ki, bu halda bəzi şeyləri daha yaxşı başa düşürəm, çünki hər iki halda-Rusiyada da, Azərbaycanda da siyasi ssenaristlər eynidir...
Bu yaxınlarda rus mətbuatında “Yabloko” bloku ilə bağlı yazılanları oxuyandan sonra da bəzi şeyləri daha yaxşı başa düşməyə başladım. Amma öz içimdə, daxilimdə bir üsyan da duydum...
Ona görə ki, Q.Yavlinski də köhnə siyasət kişilərindəndir. Mənim o vaxt dilə gətirilən ideyaların çoxu hələ də yadımdan çıxmayıb. Bəli, “500 gün proqramı”nı da xatırlayıram... O vaxt Q.Yavlinski bütün ölkəni böhrandan və rəzalətdən çıxarmağa israrlı idi.
Amma indi “Yabloko” bir siyasi təşkilat və bir müxalifət strukturu kimi özü neçə illərdir böhran içindədir. Düzdür, artıq Yavlinski bu blokun rəhbəri deyil, amma onun liderlərindən biri olaraq qalır...
Təsəvvür edin, neçə ildən sonra bu blokun liderləri belə bir fikrə gəliblər ki, heç kim bloka iki dəfədən artıq rəhbərlik etməməlidir. Bunu oxuyanda özüm də bilmədim ki, ironik təbəssüm necə məni götürdü...
Məsələ bundadır ki, bu məsələ bizdə çoxdan sınaqdan keçirilib. Amma heç bir nəticəsi olmayıb. İndi rusiyalı qardaşlarımız buna cəhd edirlər. Olsun. Amma bəri başdan deyirəm ki, bu, elə bir nəticə verməyəcək. Üstəlik, rus demokratlarının bu illər ərzində düşünüb-daşınıb yalnız bunu tapmağı bir daha deyirəm ki, məndə gülüş doğurdu...
İndi məndə hətta ötən illər, keçmişlə bağlı şübhələr yaranıb. Təbii ki, o vaxtlar mən “500 gün” proqramını oxumamışdım. Amma onun haqqında çox eşitmişdim. Nədən Q.Yavlinski müxalifət üçün, özünün partiyası üçün belə bir dirçəliş proqramı hazırlamır? Bu yaxınlarda oxudum ki, Q.Yavlinski öz kitabının - “Əyalət avtoritarizmi” kitabının təqdimatını keçirib. Mən bilmirəm o kitabda nə yazılıb. Hətta onu da bilmirəm ki, həmin kitabda müxalifətin düşdüyü vəziyyəti analiz etməyə cəhd göstərilibmi? Bilmirəm. Amma bunsuz o kitabın nə dəyəri?..
İndi bir az özümüzə qayıtmaq istəyirəm. Bir dəfə müxalifət partiyalarından birində insanların rəhbər strukturlara düşmək üçün necə dəridən-qabıqdan çıxdıqlarını görəndə ayaqüstü söhbətlərdə təklif etdim ki, qoy, həmin adamlar öz təkliflərini, proqramlarını təqdim etsinlər. Söhbətdəkilərin hamısı mənim fikrimi alqışladılar. Amma məsələ bundan o tərəfə də getmədi...
Sonra həmin partiyada rəhbər də dəyişdi. Yenə də gözlədim ki, hansısa təklif, hansısa proqram olacaq. Fəqət, liderlik üstündə qalmaqal yaşandı, amma heç kim proqram və yaxud təkliflər paketi təqdim etmədi...
Bu, məni çox məyus etdi. İndi “Yabloko”nun təklifini oxuyanda da bir məyusluq hissi məni tərk etmir. Düşünürəm ki, liderlik məsələsinin özünün mahiyyətinə baxış dəyişməlidir. Bəli, hamı rəhbər strukturda təmsil olunmaq istəyir, amma hamı ideoloq olmur, hamı ideya generatoru olmur...
Ona görə də Amerika modelinə keçmək lazımdır. Orada partiya fəalları sadəcə, seçki fəallarıdır. Onların işi partiyanın seçki işlərini təşkil etməkdir və partiyanın səylərinin böyük bir hissəsi buna yönəlir. Amma “beyin mərkəzləri” ayrıdır. Liderlər ayrıdır. Bilmirəm, Azərbaycanda bunu təşkil və ya təbliğ etmək nə dərəcədə mümkündür? Onu bilirəm ki, belə olsa, işlər daha effektli olar...
Azərbaycanda müxalifətdə iki dəfəlik məhdudiyyəti tətbiq etdilər. Heç nə dəyişmədi. İndi Rusiyada bunu tətbiq etmək istəyirlər. Olsa-olsa bunun yalnız nümunə kimi əhəmiyyəti ola bilər. Bəlkə cəmiyyətdə, siyasi partiyalarda belə qaydaların oturuşması siyasi liderləri tandemokratiyalardan və ya hakimiyyətdə qalmaq üçün göstərdikləri müxtəlif siyasi tryuklardan çəkindirə bilər...
Təbii ki, hər halda, tamam əhəmiyyətsiz məsələ də deyil. Amma bir daha belə bir fikri vurğulayırıq ki, iki dəfəlik məhdudiyyətin qəbul edilməsi müxalifətin bütün problemlərini həll etmək iqtidarında deyil...
Həm də partiyalara onların əsas funksiyasını xatırlatmaq və hətta deyərdik ki, qaytarmaq lazımdır. Bunun yolunu bir az əvvəldə yazdıq. Deməli, prinsipcə, o qədər də ümidsiz vəziyyət deyil, sadəcə, müxalifəti böhrandan çıxarmaq məsələsində bir az israrlı olmaq yetər...