Bizdən daha olmayacaq...

27-11-2015, 10:25
0
Bizdən daha olmayacaq...
Bəlkə də gülməli görünəcək... Bəlkə də yetərincə anlaşılmayacaq. Amma eşidəndə ki, dünyada cəmi üç kərgədan qalıb, bu xəbər məni yaman tutdu və özüm də hiss etmədən xəfif bir kədər bürüdü məni.... 
Bilirsinizmi niyə? Heç deyən yoxdur ki, bu dünyada kərtənkələlərin, siçovulların, nə bilim, tülkülərin nəsli tükənmək üzrədir. Yox, bunu deyən yoxdur - bu dünyada kərtənkələlər çoxalıb artır, kərgədanların nəsli isə artıq kəsilmək üzrədir...
Bəli, böyük heyvanların dərdi də böyük olur. Lap böyük adamlar kimi... Gəl, heç bunun fərqində olan varmı? Yoxdur, hamıya kərgədanların özü yox, onların buynuzu lazımdır. Necə ki, insan cəmiyyətinə bəzi insanların özləri yox, onların musiqisi, yazısı, rəqsi, gülüşü lazımdır, təkcə onların özləri lazım deyil...
Mən bu yazını yazdığım gün həm də başqa bir detalla maraqlı idi. Bəli, nisbilik nəzəriyyəsinin yaranmasından düz 100 il keçirdi. Mən elə bir kəşf və elə bir ixtira tanımıram ki, insanlar onun yubileyini qeyd etmiş olsunlar. Bəli, bəzi cəhdlər əvvəl də vardı. Amma insanlar onların mahiyyətinə o qədər də varmırdılar - məsələn, deyirdilər ki, bu gün radio ixtira olunub... Vəssalam. Di gəl, Rusiya qəzetlərindən biri nisbilik nəzəriyyəsinin yaranmasına ayrıca buraxılış həsr etdi...
Bəli, zaman keçdikcə biz də ucalırıq. Eynşteynin və nisbilik nəzəriyyəsinin səviyyəsinə qalxırıq. İndi nəzəriyyənin müəlliflik məsələsi də, elə nəzəriyyənin özü də daha müdrikcəsinə, daha böyük ürək açıqlığı ilə yozulur və əvvəlki qara notlar bir qədər arxa plana keçir...
Mən indi nisbilik nəzəriyyəsi və Eynşteyn haqqında yazmayacam. Hərçənd ki, başqa bir vaxt belə bir fürsəti əldən verməzdim...
Amma yazının əvvəlini kərgədanlar haqqında bir-iki kəlmə ilə başladım. Bəli, indi böyük kəşflərə, hətta adamın başını gicəlləndirən nəzəriyyələrə baxmayaraq daha Eynşteynlər yoxdur. Ola bilsin, kimsə bu fikri bölüşməyəcək. Ona görə ki, bu gün insanlar Eynşteynin ömrünün yarısını sərf etdiyi, amma həll edə bilmədiyi problemlərin həllində də çox irəliləyiblər. Olsun. Amma mənə yenə də elə gəlir ki, daha Eynşteynlər yoxdur və yaxud da belələrindən dünyada iki-üç nəfər qalıb - lap dünyada üç kərgədan qalan kimi...
Alimlərə çox epitetlər yapışdırırlar. Amma çox az alim haqqında mütəfəkkir sözünü işlədirlər. Bəli, o, təkcə fizik deyildi, mütəfəkkir idi, indi belələri yoxdur və yaxud da ki, iki-üç nəfərdir - lap üç kərgədan kimi...
Nədən mən Eynşteyn haqqında ciddi bir şey yazmadım? Bilirsinizmi, insan nisbilik nəzəriyyəsi haqqında düşünəndə insan olduğuna görə qürur duyur. Gəl ki, eşidəndə ki, həmin insanların ucbatından dünyada cəmi üç kərgədan qalıb, əksinə olur, insan olmağından peşmanlıq duyursan...
 
Həm də bu detal mənə çox simvolik göründü. Elə hey beynimdən keçirirdim ki, bəli, üç kərgədan, bəli, üç kərgədan... Sonra da özümdən asılı olmadan “üç müxalifətçi”, “üç jurnalist” deyirdim... Bəli, bizim də sayımız azalmaqdadır və heç kim bunun fərqində deyil. Hamı deyir ki, əvəzolunmaz şəxslər yoxdur, hamı deyir ki, “müqəddəs yer” boş qalmır...
Amma mən gələnləri, yeniləri görmürəm... Bəzən düşünürəm ki, bəlkə biz də özümüzə elə vurulmuşuq ki, ardımızca gələnləri görmürük?..
Hamı kimi biz də nöqsanlardan xali deyilik. Amma elə bir tünlük də hiss edib-duymuruq... Ona görə də elə hey özümə pıçıldayıram: “üç kərgədan, bəli, cəmi üç kərgədan...”.
Azalırıq. Artmırıq. Bunu gərək etiraf edək. Ölkədə nə qədər əsl müxalifətçi qalıb? Ölkədə nə qədər əsl jurnalist var? Saymayın. Onlar az qalıb, lap az. Elə bir gün gələcək ki, onlar da olmayacaq...
Amma insanlar bunun fərqində deyillər... Heç olmasa, kərgədanlar haqqında deyirlər ki, ay camaat, kərgədanları qırıb qurtarmışıq, onlar cəmi üç ədəd qalıb... Amma bizim haqqımızda deyən yoxdur ki, ay aman, onları təqib etdik, ölkədən qovduq, ürək xəstəliyinə saldıq...
Yox, deyən yoxdur. Hətta deyirlər ki, əşi, heç olmasalar daha yaxşıdır. Olub neyləyiblər ki? Əllərindən bir iş gəlmir, sadəcə, könül bulandırırlar...
Olsun. Amma bizim də sözümüz var. Lap bir mahnıda deyildiyi kimi: bizdən daha olmayacaq!.. Bəli, ey insanlar, bilin, bizdən daha olmayacaq...
 
Daha heç kim öz karyerası ilə, ailəsi-uşaqları ilə, öz canı-sağlamlığı ilə risk etməyəcək. Onlar artıq çox az qalıblar - lap üç kərgədan kimi...
скачать dle 12.1