Türkiyə, yoxsa Rusiya?

3-12-2015, 12:45
0
Türkiyə, yoxsa Rusiya?
Ankara və Moskva arasındakı “soyuq savaş” Azərbaycana təsirsiz ötüşməyəcək. Azərbaycan da  Rusiyanın açıq təhdidi ilə üzləşib və odur ki, Bakıya etibarlı müttəfiq lazımdır.
Azərbaycan təklənmiş durumdadır. Belə vəziyyətdə, faktiki olaraq hamının etirazını göz önünə almaq və Rusiyaya doğru addımlamaq ağır nəticələr verə bilərdi. Qərb də Bakının maraqlarına zidd addımlar atır. Yalnız Türkiyə Azərbaycanla münasibətdə strateji müttəfiq kimi çıxış edir. Son hadisələr isə Bakıdan konkret mövqe tələb edir. Türkiyə və Azərbaycan cəmiyyətləri daha sıx inteqrasiya tərəfdarıdırlar. Odur ki, ölkə siyasətçiləri və ictimai xadimləri cəmiyyətin inteqrasiya tələblərinə cavab verməlidirlər. Xatırladaq ki, iki strateji müttəfiqin daha sıx inteqrasiyası zaman-zaman müzakirə edilib. Proseslərin hazırkı gedişatı onu deməyə əsas verir ki, bu gün Azərbaycan cəmiyyəti belə bir ideyanın gerçəkləşməsində daha çox maraqlı olmalıdır.
Rusiya və digər ölkələrin təzyiqlərini üzərində hiss edən Azərbaycanın güclü Türkiyə ilə daha sıx münasibətlərə malik olmasını arzulaması anlaşılandır. Azərbaycana olan xarici təhdidlər ölkənin ona dost olan bir  ölkəyə arxalanmasını vacib edir. Bu isə siyasi və digər sferalarda daha yaxın əməkdaşlıqdan keçə bilər. 
Düzdür, bu gün Azərbaycan və Türkiyə cəmiyyətləri bir-birilərindən fərqlənir. “Bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycanda milli-dini dəyərlərə münasibət fərqlidir. Lakin bu fərqlər birliyə mane olacaq qədər ciddi deyil.  
Ümumiyyətlə, dünyada baş verənlər fonunda türkdilli dövlətlər arasında daha sıx əməkdaşlığa nail olmaq zəruri hesab olunur. Türk ölkələrinin bir-birilərinə münasibətindəki problemlər də geosiyasi güc mərkəzlərinin iddialarından asılıdır. Rusiya, ABŞ və İran türk ölkələrinin birliyinə qarşıdır. Elə bu səbəbdən də türk dövlətləri arasında anlaşılmazlıqlar mövcuddur. 
Türk ölkələri arasında yaradılacaq birliyə gedən yol da Azərbaycanla Türkiyənin daha sıx inteqrasiyasının gerçəkləşməsindən keçir. Bu ideyanın reallaşması Azərbaycanın ümumi inkişafına, siyasi, iqtisadi, strateji cəhətdən uğurlar qazanmasına səbəb ola bilər. Ən əsası isə Türkiyə ilə daha sıx birlik Qarabağın işğaldan azad olunmasına çox müsbət təsir göstərə bilərdi.  
Bir daha vurğulamaq lazım gəlir ki, daha sıx inteqrasiya heç də Türkiyə ilə bir bayraq altında birləşmək anlamına gəlmir. Sadəcə olaraq, Azərbaycan və Türkiyə arasında iqtisadi, siyasi, diplomatik, hərbi və digər sahələrdə əməkdaşlıq artırılmalıdır. 
Bu birlik türkdilli ölkələrin Parlament Assambleyasının inkişafına da təkan verə bilərdi. Ortaq əlifbanın yaradılması, vahid əməkdaşlıq müstəvilərinin formalaşdırılması da son dərəcə vacib görünür.  
Son proseslər də sübuta yetirdi ki, Azərbaycanın yeganə strateji müttəfiqi olan Türkiyə ilə əməkdaşlıq lazımi səviyyədə deyil. Bu məsələyə yenidən baxılması zamanın tələbidir. Azərbaycanın dövlət müstəqilliyinin qorunması Türkiyə ilə daha sıx əməkdaşlığı zəruri edir. İlk növbədə iki ölkə arasında mövcud olan problemlərin aradan qaldırılması barədə fikirləşmək lazım gəlir. Bu məsələdə yubanmaq olmaz. Boşluğu Azərbaycana heç də dost olmayan ölkələr doldura bilərlər. İstənilən halda, Azərbaycan insanının sevgi ilə yanaşdığı yeganə ölkə Türkiyədir. 
Geosiyasi reallıqlar da Bakı və Ankaranı əməkdaşlığa sövq edir. Belə ki, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar Rusiyanı çökdürmək üzrədir. Rublun dollara nisbətdə iflasa uğraması və gələn ilin əvvəllərində Rusiyanı gözləyən  ciddi tənəzzül  qorxusu Putini çıxış yolları aramağa vadar edir. 
Rusiya artıq Avropanı qaz şantajı ilə ram edə bilmir. O cümlədən, Putinin Ankaraya soyuq savaş elan etməsi ona baha başa oturmaqdadır. Türkiyənin ABŞ-la münasibətindəki gərginliyə baxmayaraq, hələ ki, Ankara NATO-nun bölgədəki yeganə müttəfiqidir. Bu baxımdan Rusiya-Türkiyə münasibətləri Qərb-Rusiya qarşıdurması müstəvisində təhlil edilməlidir. İstər milli, istərsə də geosiyasi maraqlar Türkiyənin yanında olmağı tələb edir... 
скачать dle 12.1