Əgər güclü olsaq...

3-12-2015, 09:50
0
Əgər güclü olsaq...
Bəlkə də bu iki problem arasında əlaqə tapmaq üçün çox düşünmək lazımdır.
Bəlkə də belə əlaqə heç yoxdur. Amma Rusiya mətbuatı vurulmuş təyyarə ilə Qarabağ problemi arasında necəsə əlaqə gördü...
Bəlkə də onları bu fikrə salan odur ki, Türkiyə bir növ qırmızı xətti keçib və Rusiya təyyarəsini vurmağa cəsarət edib. Əgər Türkiyə bunu Suriya yaxınlığında edibsə, niyə də Qarabağda etməsin? Bir daha deyirik ki, bu bizim rusiyalı təhlilçilərin məntiqidr...
Təbii ki, prosesin sonunun necə olacağını demək çətin olsa da, Rusiya təyyarəsini vurmaq bir az cəsarət tələb edirdi. Türkiyə bunu etdi. Öz hərəkəti ilə sübut etdi ki, Rusiyadan, onun hərbi gücündən heç də çəkinmir...
Rusiya bir növ eyforik durumda idi. Xəzərdən Suriyaya tuşlanan raketlər elə sözün əsl mənasında onun başını gicəlləndirmişdi... Təyyarənin vurulması bu ölkə üçün bir növ “soyuq vanna” oldu...
İndi rusiyalı radikallar nələri təklif etmirlər?!. Hətta deyirlər ki, Ermənistanla Rusiya sərhədinə qoşun toplmaq lazımdır!.. 
Mən hətta onların saytından belə bir xəbər oxudum ki, dekabrın 3-də Türkiyənin baş naziri Ə.Davudoğlunun Azərbaycana səfəri gözlənir. Bəlkə də bu, nəzakət xarakterli bir səfərdir - Türkiyənin baş naziri özünün ilk xarici səfərini Azərbaycana etmək istəyir. Di gəl, Rusiya mətbuatı bu səfərdə də hansısa məqamlar arayır. Onları xüsusən də bir fikir həddindən çox məşğul edir. Guya bu yaxınlarda Ə.Davudoğolu belə bir bəyanat veribmiş ki, Qarabağ problemi nəyin bahasına olursa-olsun həll edilməlidir...
Doğrusu, mən bilmirəm, Ə.Davudoğlu belə bir bəyanat verirb, ya yox? Əgər o belə bir söz deyibsə, buna görə ona yalnız minnətdar olmağa dəyər...
Əsas odur ki, Rusiyadakı indiki təlaşdan çox asanlıqla onların kimin yanında olmasını sezmək mümkündür...
Amma nə etmək olar? Rəsmi Bakı Rusiya ilə əlaqələrə çox önəm verir. Olsun. 
Əgər nə vaxtsa Rusiyanın Qarabağ problemində heç olmasa, neytral olduğunu görsək, bəlkə də onda bu siyasəti yetərincə dəyərləndirəcəyik. Amma hələ ki, belə bir neytrallıq yoxdur...
İnsafən demək lazımdır ki, Bakı Türkiyəyə də biganə deyil: dərhal Türkiyə ilə Rusiya arasında vasitəçilik etmək təklif olundu, Gürcüstlanla Rusiyanın sərhədində bu günə qədər toplanıb qalmış maşınlar Xəzər vasitəsilə Mərkəzi Asiyaya yola salındı... Təbii ki, bunların hamısı xoş məramlı jestlərdir... 
O ki qaldı bizim Qarabağ probleminə, bu ay ərzində prezidentlərin görüşü olmalıdır. Hələlik bu görüşə əlamətdar məzmun verə bilən bir hadisə olmayıb. Ona görə də görüşlə bağlı elə də optimist deyilik...
Əsas nədir? Odur ki, Azərbaycanla Türkiyə güclənsin. Bir az əvvəldə dedik ki, Rusiya təyyarəsilə baş verən insident istər-istəməz Türkiyənin artan gücünə və nüfuzuna dəlalət edə bilər. Təbii ki, biz də bu fikirdəyik ki, paraşüt vasitəsilə enən pilotlara atəş açmaq lazım deyildi. Belə olsaydı bu, daha alicənab bir davranış olardı. Amma nə etmək olar? Rusiyada da başa düşməli və razılaşmalıdırlar ki, bölgədə müharibə gedir, müharibədə isə əsgərlər ölür...
İndi Rusiya heç bir vəchlə bunu qəbul etmək istəmir: Putin Ərdoğanla görüşdən imtina etdi, Türkiyəyə qarşı ilk sanksiyaların siyahısını təsiq etdi və prosesin hələ bitmədiyini dedi...
Təəssüf doğuran budur ki, ölkə küçə və meydan radikallarının məntiqilə idarə olunur. Hətta hökumətin bəzi üzvləri belə Türkiyəyə qarşı çox sərt sanksiyalar tətbiq etməyin tərəfdarı deyillər, çünki bu ölkə Rusiyanın ticarət dövriyyəsində ilk iki yerlərdən birini tutur. Həm də Rusiyanın özü sanksiyaya məruz qalıb. Bu günlərdə bir siyasi təhlilçi çox maraqlı şey yazmışdı. Bəli, o, diqqəti belə bir detala yönəltməyə çalışmışdı ki, Rusiya hökuməti təkcə Suriyanın səmasını təmizləmədi, həm də ölkəsinin dükanlarının piştaxtalarını və virinlərini silib-süpürdü... 
Təyyarənin vurulması həm də bir işarə idi. Rusiyaya demək istədilər ki, onun Suriyadakı fəaliyyəti digərləri tərəfindən o qədər də təqdir olunmur. Rusiyada bunu başa düşdülərmi? Bilmirəm...
O ki qaldı Azərbaycana, biz də güclənməliyik. Dünya güclə hesablaşır. Bunu biz daxili siyasətdə daha çox dərk edirik, nəinki xarici siyasətdə...
Ona görə də güclənməyimizə və Türkiyə ilə bir olmağımıza ehtiyac var. Əgər həm hərbi, həm siyasi və həm də diplomatik sarıdan güclü olsaq, bizimlə hesablaşmalı olacaqlar. Bunun üçünsə bir daha deyirik ki, güclülərin klubunda olmaq gərək...
скачать dle 12.1