Həyatın özünün ironiyası...

2-12-2015, 09:56
0
Həyatın özünün ironiyası...
Dövr də elə insanlar deməkdir. Bəli, konkret insanlar... Əslində “dövr keçir” və “dövr ötür” deyəndə də həmişə onu nəzərdə tuturlar ki, insanlar köçür bu dünyadan... 
 
Ən əsası isə dinin bu məsələni necə həll etməsindən asılı olmayaraq insanlar ölməzlik məsələsini özləri üçün çoxdan həll ediblər - yaxşı adamlar haqqında “dünyasını dəyişdi” deyirlər... 
İndi mənim yada salacağım adamın nə qədər yaxşı olub-olmadığını deyə bilmərəm, çünki tanımamışam və bilməmişəm. Bu adamı sadəcə, onun gözəl filmlərinə görə tanımışam...
Bəli, kinorejissor E.Ryazanov da dünyasını dəyişdi. Bu adı eşidəndən onun haqqında düşünməyə başlamışam - fikirləşmişəm ki, görən, Eldar adı haradan peyda olub?..
Mən daha bir rus tanıyırdım ki, onun da adı Eldar idi. Tələbə idi. Özü də Bakıdan idi. Bir dəfə ondan adı haqqında soruşanda dedi ki, atamın dostunun adıdır...
Nə isə. Qayıdaq E.Ryazanov məsələsinə. Onu sevirdilər. Filmlərinə maraqla baxırdılar. İnsafən, o da yaxşı çəkirdi... Əgər kimsə deyirsə ki, sənətkar üçün dövr olmalıdır, şərait olmalıdır, düz deyir, amma yüz faiz yox. Elə sənətkarlar vardı ki, onlar sovet dövründə də yarada bilirdilər...
Onlardan biri də E.Ryazanov idi. Onun filmlərini - xüsusən də “Fleytanın unudulmuş melodiyası”nı bizim telekanallar da çox göstərib. Çox güman ki, o dövrün insanları bu filmi də, onun müəllifini də çox gözəl xatırlayırlar. Ona görə ki, xatırlanmalı insan idi...
Deyirlər ki, Rusiyada keçmiş sovet dövrü üçün böyük nostalji var. Amma biz bu nostaljini keçmiş ittifaq respublikalarına turist axınında görmürük. Həmin o nostaljini Rusiyanın televiziya ekranlarında görümrük. Bəs nədə hiss olunur bu, nostalji? Bəlkə yalnız Rusiyanın ekspansiv siyasətində? Bəlkə də...
 
Ruslar qəribə xalqdırlar. Dünyanı qamarlamağa hazırdırlar. Amma həmin bu dünya ilə nə edəcəklərini bilmirlər. Bəli, Krımı tutdular... Amma nə oldu? 
Yarımada öz görkəmini dəyişdimi? İnsanların rifahı yüksəldimi? Orada nəsə tikdilərmi? Mən hətta düşünürəm ki, rusiyalı adamların özü oralara investisiya qoymaqdan çəkinirlər. Ona görə ki, mübahisəli ərazidir...
Amma mübahisəli olmayan məqamlar da var... Bunlardan biri də sovet mədəniyyəti, sovet kinosu idi. Amma mənə qalsa, onlara sovet dövrünün kino və mədəniyyəti deyərdim...
E.Ryazanov da sovet dövrünün sənətkarı idi, baxmayaraq ki, onun qəhrəmanları tipik sovet adamları, sovet məmurları idi. O sovet adamı haqda da əsl adam kimi çəkməyi bacarırdı...
Mən onun ideya xəttini təsnif etməkdə acizəm. Düşünürəm ki, o, realist idi və real məsələlərin gözünə bir az romantizm qatmağı bacarırdı...
Bilirsiniz bu, çox maraqlı məsələdir. Birini qoyub, o birisinə keçirəm. O gün bizim T.Salahov haqqında veriliş verirdilər. Təbii ki, onun rəsmlərini də göstərirdilər. Bəli, o, da sovet dövrünün rəssamı idi. Amma T.Salahov sovet dövrü haqqında elə çəkdi ki, dönüb bütün dövrlərin rəssamı ola bildi! Bunun sirri nədədir? Bəlkə də onda ki, janr çərçivələri əsl sənətkar üçün elə bir çətin problem deyil? Bəlkə onda ki, əsl sənətkar bu çərçivələrdə də nəsə deyə bilir? 
Güman ki, belədir... T.Salahov da realistdir. Amma adam onun əsərlərinə baxmaqdan doya bilmir. Onun monumentalizmi adamı həqiqətən də məftun edir, həqiqətən də heyran qoyur...
Dorğusu, bilmirəm, E.Ryazanovla birgə T.Salahovun adını qoşa çəkmək nə qədər düzgündür? Ona görə ki, T.Salahovun böyüklüyü daha şəksiz və şübhəsizdir. Amma E.Ryazanov mübahisəli görünə bilər. Həm də onun bütün filmlərində bir ironiya, bir satira vardı...
Amma mənə həmişə elə gəlirdi ki, bu, bir yaradıcı insanın istifadə etdiyi və öz fikirlərini çatdırmaq üçün yararlandığı üsul deyil. Bu, həyatın özünün ironiyası idi...
Bəli, həyatın ironiyası idi... Yenə də “Fleytanın unudulmuş melodiyası”nı yada salmaq istəyirəm. O dövrdə nə qədər insan filmin qəhrəmanının keçirdiyi hissləri keçirib? Nə qədər insan birdən əlindəki, ayağındakı və ən başlıcası isə ürəyindəki buxovları qıraraq mövcud qaydalara, mövcud gerçəkliyə üsyan etmək istəyib? Bəli, nə qədər insan bunu etmək istəyib, amma bacarmayıb! O səbəbdən ki, yeni həyata başlamaq və rahat məmur həyatını bir fleyta çalanın, bir musiqiçinin həyatına dəyişmək elə də asan deyildi...
скачать dle 12.1