Mətbuatla bağlı qəbul edilmiş yeni qaydalar, desək ki, bizi ciddi narahat etmədi, bu, bir az yanlışlıq olardı. Çox narahat olduq. Amma həmişə olduğu kimi narahatlığın ifadə forması kimi yenə də yazı yazmağı gördük...
Əslində təəccüblü şey yoxdur. İldən-ilə qaydaların və qanunların daha da sərtləşməsinin şahidi oluruq. İctimai müqavimət görməyən hökumət demokratiyanın ən son qalıqlarını belə yığışdırmaqdan, yasaq etməkdən heç də çəkinmir. Bizim isə bu prosesə təsir etmək üçün zərrə qədər də imkanımız yoxdur - özümüz yazır, özümüz də oxuyuruq...
Əsası isə odur ki, zahirən jurnalistikaya təpki yoxdur. Hətta hökumət tərəfindən bir zahiri “qayğı” da duyulur. Jurnalistlərə ev verirlər. Onları hətta mükafatlandırırlar. Bunlar çox yaxşıdır. Hətta olduqca yaxşıdır. Amma bir-iki ildən sonra jurnalistlər nə edəcəklər? Hökumətin hədiyyə etdiyi evlərin divarlarını yeyəcəklərmi? Axı onların iş və dolanışıq yerləri biri-birinin ardınca sıradan çıxır...
Jurnalistikanı dağılmış və uçurdulmuş evə bənzətsək görərik ki, hökumət bu xarabalığın üzərində təm-təraq yapır, maskarad qurur. Biz isə kənar seyrçilər kimi bu evin dağılmasını, yerlə yeksan olmasını seyr edirik...
Nə edə bilərik? Bizdən nəsə asılıdırmı? Təəssüf ki, bu sualları cavablandırmaqda acizik. Getdikcə suallar çoxalır, cavablar isə tapılmır. Bizi narahat edən də budur - heç kim çıxış yolunu bilmir...
Bircə onu bilirik ki, bunun fəsadları çox böyük olacaq. Bu, nə vaxt baş verəcək, onu bilmirəm. Bircə onu bilirəm ki, əgər ölkədə leqal müxalifətin fəaliyyət göstərməsi üçün imkan yoxdursa, insanlar onları maraqlandıran və düşündürən xəbərləri almaq imkanından məhrumdursa, onda müxtəlif qeyri-leqal ünsürlərin meydana çıxması üçün şərait yaranacaq...
Ərəb ölkələri niyə bu günə qaldı? İllərlə normal siyasi mübarizəyə, normal və leqal siyasi fəaliyyətə, insanların özlərini ifadə etməsinə imkan verməmişdilər.
Cəmiyyətdə demokratik vərdişlər yaranmamışdı. Qadağalar və yasaqlar radikal etiraz ocaqları, radikal insanlar yaratmışdı. Azacıq boşluq yararnan tək onlar meydana çıxdı və hamı baxıb gördü ki, siyasi meydanda onlardan savayı heç kim yoxdur...
Beləcə, “ərəb baharları” fiaskoya uğradı. Ölkələr dağıldı, insanlar didərgin və səfil oldular... İndi nə görürük? Görürürk ki, polis dəyənəklə Avropaya pənah aparan insanların arasında gəzişir, sanki heyvanla davranırmış kimi bu adamları dəyənəklə vurur!.. Uşaqlar ağlayır, qadınlar və kişilər öz uşaqlarının gözü önündə təhqir olunurlar.
Bəli, deyirlər ki, B.Əsədin dövründə bu cür deyildi, minimal da olsa, həyat şəraiti vardı. Amma bu ölkələri belə günə salan elə məhz B.Əsədlər deyilmi?
Digər avtroritar ölkələr və liderlər də bunu görür. Amma onlara elə gəlir ki, belə bir aqibətdən qaça biləcəklər. Amma haqlıdırlarmı? Onları belə bir gün gözləmirmi? Əlbəttə, haqlı deyillər. Əlbəttə, onların hamısını bu gün gözləyir.
Bu, beş il, üç il sonra ola bilər. Amma islahatlar olmasa, insanlara demokratik vərdişlər aşılanmasa bunlar qaçılmazdır...
Ona görə də çox narahatıq. Ən maraqlısı odur ki, bu tendensiyanın müxtəlif təzahürləri artıq özünü biruzə verir. Getdikcə radikal qüvvələr, dini radikallar bu ölkədə də özlərini nəzərə çarpdıra bilirlər...
O gün bir verilişə baxırdım. Deyirlər ki, din siyasətə qarışmamalıdır, kim siyasi faəliyyətlə məşğul olmaq istəyirsə, dünyəvi siyasi partiyalara üz tutsun. Tamamilə doğrudur, dini siyasətə qarışdırmaq olmaz.
Amma bir məsələ var.
Haradadır o dünyəvi siyasi partiyalar? Onlara fəaliyyət göstərmək üçün azca da olsa imkan verirlərmi? Niyə bu partiyaların parlamentdə təmsilçiləri yoxdur? Niyə onlar, necə deyərlər, siyasətin periferiyasına sıxışdırılıblar? Bu, radikalların, dini radikalların, necə deyərlər, dəyirmanına su tökmək deyilmi? Onların dediklərinə haqq qazandırmaq deyilmi?..
Təəssüf ki, belədir. Məsəl var, deyirlər ki, müqəddəs yer boş qalmır. Bu gün ölkədə siyasi vakuum var. Bu vakuumu arzuolunmaz siyasi qüvvələr, müxtəlif siyasi elementlər doldurur. İndi onlar elə də güclü deyillər. Amma demokratiyaya qarşı yönələn yasaqlar gələcəkdə onları gücləndirməyəcəkmi? Məsələ də bundadır ki, onlar güclənəcəklər. Məsələ də bundadır ki, onlar nə vaxtsa ictimaiyyəti də öz tərəflərinə çəkə biləcəklər...
Onda nə olacaq? Heç olmasa, o vaxt biz nə boyda bir səhv etdiyimizin fərqinə varacağıqmı?..