Hətta uşaqlar üçün də elə kitablar, elə əsərlər yazmaq mümkündür ki, uşaq nədir, böyüklər belə onu əllərindən yerə qoymasınlar... Amerika yazıçısı M.Tven haqqında fikirləşəndə ağlıma gələn ilk fikir bu, olur.
Ona görə də oxuyanda ki, bu həftə onun anadan olmasından 180 il keçir, düşündüm ki, gərək bu haqda bir -iki kəlmə yazım. Əslində mən nə yazıramsa ilk növbədə özümüzdən yazıram. İndi M.Tven də özümüzdən yazmaq, özümüzə boylanmaq üçün bir kiçik bəhanədir və mən sadəcə, bu fürsəti əldən vermək istəmədim...
M.Tvenə gəldikdə isə onunla ilk tanışlığım məktəb illərindən başlayıb və onun oxuduğum ilk əsəri də “Hekliberri Finnin macəraları” olub. Təbii ki, bir az sonra onun əsas əsərini də - “Tom Soyyerin macəraları”nı da tapıb oxudum. Fəqət, elektrik aldığım ilk əsəri Hek Finn haqqındakı kitabı olmuşdu və mən bu günə qədər də həmin əsəri xatırlayıram...
M.Tvenin əsas səciyyəvi cəhəti nə idi? Bəli, o, Amerika cəmiyyətinə, onun həyat tərzinə və qaydalarına, elm və təhsil, hətta düşüncə tərzinə belə gülməyi bacarırdı...
Elə yazıçılar var ki, onlar bir güzgü, ayna kimidirlər. Biz bu güzgüyə baxıb orada əvvəlcə özümüzü görürük. İlk reaksiyamız da bu, olur ki, yəni doğrudan da bu bizlərik? Fəqət, bir azacıq keçir və özümüzü tanımağa, özümüz özümüzə gülməyə başlayırıq...
Düşünürəm ki, bütün xalqların həyatında belə yazarlar olub. Hətta rus ədəbiyyatını götürsək, Tolstoy, Dostoyevski və təbii ki, Saltıkov-Şedrin olub. Elə Azərbaycan ədəbiyyatı üçün də bu, xarakterikdir. Bizim də Mirzə Cəlilimiz, Haqverdiyevimiz olub. İndi bizdə bir xalq kimi yaxşı keyfiyyətlər varsa, ilk növbədə onlara borclu olmalıyıq...
Onları səciyyələndirən nə idi? Bu adamlar - Mirzə Cəlillər, Haqverdiyevlər öz xalqına heç vaxt həqarətlə, necə deyər, yuxarıdan aşağı baxmırdılar...
Yox, onlar belə deyildilər... Sadəcə, gülə-gülə ağlayır və bizi də əvvəlcə yaxşıca gülməyə, sonra da bir yaxşı-yaxşı düşünməyə vadar edirdilər. Onların bizə verdiyi ən böyük dərs nə idi? Ümumiyyətlə, Mark Tvenlər, Saltıkov-Şedrinlər və Mirzə Cəlillər bizə nəyi təlqin etmək istəyirdilər?..
Mənə həmişə elə gəlib ki, onlar ilk növbədə sevməyi öyrədirdilər. Bəli, sevməyi - öz xalqını, öz insanlarını sevməyi öyrədirdilər. Mən bu adamların əsərlərində nifrət görmürəm...
Niyə gizlədək? Bəzən bizi əhatə edən gerçəklik adamı o qədər bezdirir ki, hər şeyə, özümüzə də, cəmiyyətə də nifrət etməyə başlayırıq...
Amma onlar belə deyildilər. Həm də mənə elə gəlir ki, onlar bu cəmiyyətin dəyişəcəyinə, onun islah olunacağına ürəkdən inanırdılar. İnanmasaydılar bu qədər israrla yazmazdılar, cəhalətlə və geriliklə bu qədər əzmlə vuruşmazdılar...
Hər bir insan, xüsusən də düşünən kəslər üçün əsas da budur: sevmək... Bəli, bir neçə gündür ki, hamı paytaxtın bir kəndində baş verən hadisələrlə yaşayır. Hamı orada nə baş verdiyini anlamağa cəhd edir. Etiraf edirəm ki, ilk baxışda qorxunc fenomenlə üzləşdiyini düşünürsən. Amma bu, bir qədər tanış hadisədir, çünki onun adı cəhalətdir...
Sadəcə, yada salmaq lazımdır ki, belə bir hadisə ilə Mirzə Cəlil, Sabir hər gün rastlaşırdılar. Qorxmurdular, nifrət etmirdilər, onu dəyişməyə və islah etməyə çalışırdılar...
İndi həmin hadisə ilə bağlı deyilən fikirlərə də diqqət yetirirəm. Bir qədər acıq, hətta qəzəb var... Amma buna ehtiyac yoxdur - necə olsa da, nə cür olsa da, həmin kəndin əhalisi də bizim insanlarımızdır. Onlar bizim bir parçamızdı, biz onları artıq bir nəsnə kimi kəsib ata bilmərik...
Cəhalətə qarşı ən böyük silah isə maarifçilikdir, gülüşdür. Özü də xoş məramlı, xoş niyyətli bir görüş... Biz onları da başa düşməyə, anlamağa cəhd etməliyik, əks-təqdirdə nə qədər çalışsaq belə istədiyimizə nail ola bilmərik...
Unutmayaq ki, əsrin əvvəlində az qala bütün Azərbaycan belə idi. Mirzə Cəlillər və Sabirlər o Azərbaycanı dəyişdilər...
Bizə nə olub? Haradadır bizim sözümüzün və məntiqimizin gücü? Doğrudanmı, biz elə bir hadisə ilə qarşılaşmışıq ki, o, Azərbaycanın əvvəlki təcrübəsində olmayıb?..
Bir az əvvəl dedim ki, əsrin əvvəlində bütün Azərbaycan belə idi... Ona görə də çox da dilxor olmayaq. Əsas isə odur ki, gərək, yazı adamları, söz adamları öz missiyalarını - anlamaq və anlatmaq missiyasını unutmasınlar...