Hansı irəlidir: hərb, yoxsa sülh?..Azərbaycanın Taner Yıldızı niyə yoxdur?

8-12-2015, 17:07
0
Hansı irəlidir: hərb, yoxsa sülh?..Azərbaycanın Taner Yıldızı niyə yoxdur?
“Günəşli” neft yatağında baş verən faciədə 30 nəfər itkin düşüb. Onlardan 7 nəfərin cəsədləri tapılıb -  yerdə qalanların da artıq həlak olması qaçılmazdır.   
 
Kimlərinsə öz vəzifəsinin öhdəsindən gələ bilməməsinin qurbanı 30 insan oldu. Baş verən hadisələr fonunda ən acınacaqlı hal o idi ki, heç kəs nə baş verdiyini bilmirdi. Hamı panika içində idi. ARDNŞ prezidenti Rövnəq Abdullayev hamının xilas edildiyini bəyan edirdi. Sosial şəbəkələrdə isə ziddiyyətli məlumatlar dolaşmaqda idi. Azərbaycan telekanalları yenə də konsert verirdi. Vətəndaşlar üçün yeganə məlumat mənbəyi sosial şəbəkələr idi və hər kəsin gözü məlumatsızlıq fonunda çətinliklə də olsa, informasiya blokadasını yaran Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlıda idi. Yalnız o, “Günəşli”də insan tələfatının olduğunu bəyan edirdi. M. Qəhrəmanlıdan sonra nüfuzlu “Reuters” agentliyi də informasiyanı təsdiqlədi - 30-dan çox insan həlak olub.
***
Yer üzündə hər saniyədən bir 2 insan ölür. Hər gün dünyada aclıqdan 40 min nəfər həyatını itirir.  Hər bir saatdan bir onlarla insan qətlə yetirilir.  Hər iki saatdan bir kimsə müharibədə ölür. 
 
Hər 39 saniyədən bir kimsə intihar edir.   Hər 26 saniyədən bir kimsə avtomobil qəzasında həyatını itirir. Hər 3 saniyədən bir kimsə acından ölür. Hər 3 saniyədən bir 5 yaşına çatmamış uşaq dünyadan köçür. Söhbət ölümdən deyil, insan taleyinə biganəlikdən gedir.
***
 Hər kəs ARDNŞ rəhbərliyinin məlumatını gözləyirdi.  Bu qurumun mətbuat xidmətinin rəhbərliyi  telefon zənglərinə ümumiyyətlə cavab vermirdi. Fəlakətlə bağlı yaradılmış qərargah da heç bir məlumat vermirdi. “Günəşli”də olan 84 nəfərin ailələrinin durumunu düşünən belə yox idi. Necə deyərlər, hər kəs öz kefində idi.
***
2014-cü ildə, Soma faciəsi zamanı daha çox nəzərləri bir sima çəkdi - o zamankı energetika naziri Taner Yıldız. İlk gündən faciə qurbanları ilə çiyin - çiyinə dayanan, özünü sona qədər soyuqqanlı aparan, problemləri yerindəcə həll edən  Taner Yıldız "namuslu məmur necə olmalıdır" sualına bariz nümunə idi. Əsəbləri oynamış kütlənin təhqirlərinə soyuqqanlılıqla və təmkinlə cavab verən nazir “kabinetsiz və katibəsiz” məmur olmaq mümkündür dərsini verdi. Taner Yıldız Türkiyənin üzünü ağartdı. Onun peşəkarlığı, insanlığı, səbri olmasaydı, qəzəblənmiş kütlə “Davos fatehi”nin hakimiyyətini çeynəyə bilərdi.
T.Yıldız müxalifətin, mətbuatın, sadə vətəndaşların sevgisini qazandı. Peşəkar, yerində olan kadrlar ekstremal vəziyyətlərdə qəhrəmana çevrilirlər. T.Yıldız Somanın bir nömrəli fədakarı statusunu öz əməyi ilə qazandı.
***
“Günəşli”də baş verənlər bütün dünya üçün bir həyəcan siqnalı idi.  İstənilən ölkədə belə bir faciə yaşana bilər. O cümlədən də Azərbaycan da gələcək belə hadisədən  sığortalanmayıb. Dualarımız belə halın bir də yaşanmamasına yönəlib. Lakin belə hal bir daha yaşanarsa,  nə baş verər sualını verməmək də olmur.
Azərbaycanın Taner Yıldızı niyə yoxdur? “Günəşli faciəsi” sübuta yetirdi ki,  T. Yıldızın tam tərsi olan Azərbaycan məmuru kobudluğu, saymazyana və qaba davranışı ilə tanınır. Azərbaycan məmuru mediatik deyil, xalqla rəftar üzrə texnoloq sayılmaz. Bizim məmurlar başqa təyinat üzrə qəhrəmandırlar. Ekstremal vəziyyətlərdə çaşbaş qalırlar. Bunu “Günəşli faciəsi” zamanı da gördük...
***
Türkiyədə Soma faciəsinə görə 3 günlük matəm elan olundu. Atatürkün ölümündən sonra bu, ilk uzunmüddətli matəm idi. Azərbaycanda isə yalnız 1 günlük matəm elan edildi.
2009-cu ildə Neft Akademiyasında terror hadisəsi baş verdi. Matəm elan etmək heç kəsin yadına düşmədi. Əksinə, bir neçə gündən sonra ölkəni zorla bayram etməyə məhkum etdilər.  Türkiyə ilə fərqimiz də budur.
***
Somada şaxtada baş verən qəza zamanı xilasedicilər bir nəfəri xilas edəndə bu sözləri deyib: “Qardaş, Mahmud orada qaldı.  Məni buraxın, siz Mahmudu xilas edin. Mahmudun   arvadı hamilədir. Mahmud ailəsinə lazımdır. Yalvarıram sizə, məni buraxın, onu xilas edin”.  Mənəvi deqredasiyaya uğramamış millətlər belə olur. Azərbaycan tam tərsidir. Demokratının içində diktator yatan, dindarının içində kafir yatan, ateistinin içində din yatan, zadəganının içində gədalıq yatan saxta və riyakar cəmiyyətdə yaşamaq olduqca zordur.
Allah bizi  hər növ faciələrdən qorusun.  Biz toy-bayram insanıyıq. Faciələrə hazır deyilik...
скачать dle 12.1