Ermənistan normal ölkə olacaqmı?

9-12-2015, 17:06
0
Ermənistan normal ölkə olacaqmı?
Bu sətirləri yazarkən ölkəmiz hələ matəm içindəydi. Bəli, Xəzər təkcə bizim uğurlarımızın, şad günlərimizin şahidi deyil. Həm də uğursuzluqlarımızın şahididir. Bu azmış kimi, Xəzər həm də bizim bəzilərimizin son məkanı, məzarı da olur.
 
Amma nə etmək olar? Həyat, həm də iş davam edir. Ona görə də mən bir o qədər də arzu olunmayan bir ölkədəki - Ermənistandakı son hadisələrə keçid almaq məcburiyyətindəyəm. Bu, da bizim işimizdir.
Bəli, Ermənistanda bir neçə gün irəlidən deyilən və etirazlara səbəb olan referendum baş tutdu - artıq ertəsi gün səhər bu ölkənin müvafiq strukturları refernedumun baş tutduğunu elan etdilər. Nə demək olar? Bircə anlığa Ermənistandan uzaqlaşaraq prezident və parlament respublikalarının fərqinə varmaq olar. Amma o haqda çox yazmışıq və ona görə də durub uzun-uzadı müzakirə açmaq istəmirik.
Onu demək lazımdır ki, parlament idarəçiliyi nə qədər çevik olsa da, o, başlıca məsələni - ölkənin Rusiyadan asılılığını azaltmaq və onu adi bir “forpost”dan normal dövlətə çevirmək iqtidarında deyil. Ölkə yenə də Rusiyadan asılı olaraq qalacaq və özünün iyrənc siyasətini davam etdirəcək.
Bəlkə də kimsə bununla razılaşmayacaq. Bəli, nəzəri cəhətdən demək olar ki, elə bir hökumət formalaşa bilər ki, o, ölkəni normal istiqamətə yönəldər. Təbii ki, nəzəri və abstrakt cəhətdən hər şey ola bilər. Amma bir-iki nüans var. Birincisi, təəssüf ki, biz bu ölkədəki siyasi palitranı tam şəkildə bilmirik. Bilmirik ki, digər siyasi qruplar, eləcə də cəmiyyət bölgə ölkələrinə qarşı hansı münasibətdə bulunur?
Bu vaxta qədər müşahidə etdiklərimiz bizi yalnız məyus edib. Həm də burada bir neçə il bundan əvvəl parlamentdə baş vermiş gülləbaranı da yada salmaq lazımdır. Bəlkə də o vaxtkı parlament siyasətə müəyyən korrektələr edəcəkdi. Amma o, gülləbaran edildi. O vaxtdan Ermənistan siyasətinin mahiyyəti çox az dəyişib - burada yenə də kriminal ünsürlər sezilir. Sanki hansısa gizli bir əl ölkəyə onun üçün cızılmış ssenaridən kənara çıxmağa imkan vermir.
Bəli, bundan sonra parlament seçkiləri ölkədə xüsusi çəkiyə malik olacaq. Gəl ki, indi konstitusiyaya edilmiş düzəlişlərin kimin siyasi çəkisini artırdığını demək elə də asan deyil. Ermənistanın özündə də belə fikir hakimdir ki, bu düzəlişləri S.Sarkisyan özünün və partiyasının mövqelərini möhkəmləndirmək üçün edib.
Amma indi hökumətin siyasi “immunitet”i bir az aşağı olacaq və seçicilərin ona təsiri artacaq. Həm də hökumətlər daha qısa müddətli və dəyişkən olacaq. Ona görə ki, Ermənistandakı sosial-siyasi durum o qədər ağırdır ki, burada siyasi ab-hava əslində çox dəyişkən olmalıdı.
Lakin bunlar o vaxt olar ki, ölkədə əsl seçkilər keçirilmiş olsun və seçkilərə inzibati müdaxilələr azalsın. Doğrusu, biz bu ölkədəki seçkilərin nəticələrinə elə də inanmırıq. Həmişə düşünmüşük ki, oradakı seçki texnoloqlarının hiyləgərliyi ondadır ki, onlar daha inandırıcı ədədlər təqdim və tərtib edirlər.
Düzdür, əlimizdə bu fikri təsdiqləyəcək fakt yoxdur. Ona görə də konstitusiya dəyişikliklərindən sonrakı ilk seçkiləri gözləmək məcburiyyətindəyik. Əgər bu seçkilərdə də hakimiyyət kriminal və militarist ünsürlərin əlində qalarsa, onda bu, bizim dediklərimizə sübut olacaq.
 
Bir daha qeyd edirik ki, hələlik gözləmək lazım gələcək. Həm də əvvəldə deyilən kimi, yenə bu fikridəyik ki, cəmiyyətdəki ovqatdan da çox şey asılıdır. Bəlkə də burada bir daha demək yerinə düşər ki, erməni siyasətinin taleyini diaspora və Rusiya həll edir. Təəssüf, ölkə müxalifəti də bu reallıqla barışır. Diaspora və Rusiya isə daha çox onun marağındadır ki, Ermənistan marionet  dövlət kimi qalsın, inkişaf etməsin, Rusiyadan asılı olsun, çünki bu halda onu yönəltmək və idarə etmək daha asan olacaq.
Təbii ki, biz də istərdik ki, Ermənistanda müsbət bir oyanış olsun. Bu halda onlarla danışmaq və işləmək daha asan olardı. İndi bölgədə maraqlı proseslər baş verir. Demirik ki, bütün bu proseslər pozitiv məzmuna malikldir. Yox, bu sahədə də problemlər var. Amma dövlətlər bütün hallarda yeni əməkdaşlıq kanalları və düsturları axtarırlar.
Ermənistan bütün bu proseslərdən kənardadır. Ölkə Rusiyanın ovucunun içində qalmaqda davam edir. Halbuki o tamam başqa bir geosiyasi müstəviyə, bəli, başqa ovuca deyil, fərqli geosiyasi müstəviyə də keçə bilərdi.
скачать dle 12.1