İnsan məskən salır...

10-12-2015, 13:15
0
İnsan məskən salır...
Bəli, bir neçə gün idi ki, kədərimi bölüşmək üçün bir fürsət axtarırdım. Ürəyimi didib-parçalayan ağrıdan qurtulmaq üçün bir vasitə arayır və özümü ora-bura vururdum. Bütün operativ xəbərləri izləyir, gözümü televizordan çəkmirdim... 
 
Amma kədərim sovuşmurdu ki, sovuşmurdu. Hətta bir axşam dənizin sahilinə də yollandım... 
Bir xeyli baxdım, baxdım. Ağlıma qəribə bir fikir gəldi. Ömrümdə ilk dəfə başa düşdüm ki, Xəzər bizim üçün sadəcə, bir qonşu deyil, həm də dərdimizi-sərimizi bölüşdüyümüz bir həmdəmdir... 
Başa düşdüm ki, Xəzər təkcə onun qoynunda çimmək üçün bir su dəryası deyil, dərdimizi-sərimizi və acılarımızı-ağrılarımızı bölüşdüyümüz bir sirdaşdır. Amma bütün bunlar da hələ hamısı deyil - başa düşdüm ki, Xəzər həm də bizim bəzilərimizin son məkanı, son məzarıdır...
Amma kədərim sovuşmurdu ki, sovuşmurdu. Elə bu anlardan biri idi ki, bir də gördüm “İnsan məskən salır” filmini göstərirlər. Bu filmi həmişə çox sevmişəm. Ona görə ki, filmin qəhrəmanlarından biri də Xəzərdir. Filmdə  Xəzərin coşmasını və aşıb-daşmasını elə böyük ustalıqla göstərirlər ki, adam gözlərini ekrandan ayıra bilmir...
Filmin musiqisini Q.Qarayev yazıb... Bütün musiqi orqanda ifa edilir. Qara Qarayev elə bir uğurlu ifadə forması tapıb ki, adam musiqinin sehrindən qopa bilmir... 
Sovet filmləri həmişə təsiri ilə seçilib. Amma burada sovet sözü şərtidir, çünki film dəniz haqqındadır, insan haqqındadır. Ona görə də adam baxdıqca baxmaq istəyir...
Elə “insan məskən salır” cümləsini də çox mənada başa düşmək olar. İnsan bir yerdə ağac əkməklə, ev tikməklə də məskən salır, məzar salmaqla da...
Əslində Xəzər bizim üçün müqəddəsləşməlidir. Bu dənizə baxanda unutmamalıyıq, yaddan çıxarmamalıyıq ki, burada bizim insanlar uyuyur. Bir qərinə keçəcək, bu günün ağrıları unudulacaq. Necə ki, gec-tez bütün ağrılar unudulur. Amma məzarlıqlar həmişə qalır. Və insanlar onlara həmişə ehtiram göstərir...
 
Bu bir neçə gündə insanlar çox çabaladılar, çox düşündülər-daşındılar, axırda bir dəstə qərənfil götürüb dənizin sahilinə yollandılar...
Xəzər qərənfilləri birinci dəfə deyildi ki, görürdü. Amma ilk dəfə idi ki, dəniz özü qərənfilləri qəbul edirdi... Çox təsirli mənzərə idi. Təbii ki, adam heç istəməzdi ki, belə olsun! Hamı istərdi ki, dəniz həmişə şux bir yer olsun, onun ulu vüqarı əskilməsin...
Amma həyat həyatdır. Dəniz də dənizdir... Həyatın öz qanunları var. Elə dənizin də öz qanunları var. Nə vaxtsa oxumuşdum ki, bir vaxtlar həlak olan dənizçiləri elə dənizin özünə tapşırırlarmış...
Daha nə demək olar? Bəli, insan məskən salır... Bəzilərimiz son məskənlərini dənizdə saldılar...
Onu deyim ki, mən hadisədən bir az qürur da duydum. Qoy, hamı bilsin ki, bizim adamlar təkcə bazarlarda meyvə satmaqla məşğul olmurlar. Onlar dənizdən neft çıxarırlar. Onlar dənizdə həlak olurlar. Qoy, bilsinlər ki, bizim T.Salahovun rəsmlərindəki insanlar bir rəssamın təxəyyülünün məhsulu deyil, belə insanlar olub və indi də var...
Bəli, bütün ağrılar-acılar bir gün unudulur. Bu ağrı da unudulacaq. Bu yara da sağalacaq, qaysaq bağlayacaq... Amma bir dəniz elegiyası qalacaq bu ölkədə...
Kimsə “Ləpələr...” mahnsını pıçıldayacaq. Kimsə başqa bir şərqi deyəcək. Gəl ki, hamı bir söz deyəcək: Xəzər, məni duyursanmı?..
Xəzər də gah şahə qalxacaq, gah sakitləşib öz nəğməsini pıçıldayacaq. Bəli, özünün əbədi nəğməsini... İllər keçəcək, biz də köçəcəyik bu dünyadan. Amma həmin həzin nəğmə, həzin və xəfif pıçıltı qalacaq...
O pıçıltını bizim uşaqlarımız, nəvələrimiz eşidəcək... O mahnıda çox şey deyiləcək, Xəzər çox şeyə şahidlik edəcək - gördüklərindən, qoynuna aldığı bu şəhərin insanlarının qayğılarından, bu insanların yuxularından danışacaq...
Bu yuxularda bir dəniz də olacaq, bir dəniz pıçıltısı da olacaq. O pıçıltı deyəcək ki, insan məskən salır, bəli, insan məskən salır, özü də dəninizin göy ləpələrinin qucağında...
Beləcə, “İnsan məskən salır” filmi məni bir az toxtatdı. Bir az sakitləşdirdi, o, səbəbdən ki, dərdi dərd sovuşdurar, “Dərdi dərd ötürər” deyiblər...
Film bu dərdi də sovuşdurdu. Ona görə ki, film dəniz neftçiləri haqda idi və bu söz artıq çox şey deyir. Bəli, film dəniz neftçiləri haqda idi...
скачать dle 12.1