Qazanan yenə Ermənistan oldu?

12-12-2015, 16:43
0
Qazanan yenə Ermənistan oldu?
Deyirlər ki, zaman ağrıları, acıları, hətta inciklikləri unutdurur. Bu mənitqlə Türkiyə ilə Rusiya arasındakı gərginlik də səngiməli idi. Amma biz bunun tam əksini görürük, günlər keçdikcə Rusiyanın siyasi isteblişmenti nəinki sakitləşmək bilmir, hətta artan temlə münasibətləri soyutmağa, baş vermiş hadisəyə görə Türkiyəyə mümkün qədər daha çox problem yaratmağa, hansı yollasa bu ölkədən özünün acığını çıxmağa çalışır...
Hadisə baş verəndən sonra ilk günlərdə Rusiyanın hərbi elitası prezidentdən Türkiyə ilə sərhəddə qoşun toplamağı tələb etdi. Rusiyanın Türkiyə ilə sərhədi isə Ermənistan demək idi... 
Vladimir Putin əvvəlcə bu tələb və təkliflərə ciddi reaksiya vermədi. Amma bu günlərdə məlum oldu ki, heç də belə deyilmiş - Rusiya Türkiyə ilə sərhəddə, Ermənistanda özünün hərbi texnikasını artırmağa başladı... 
Bu, xəbər bizə elə də təsir etməzdi, çünki Rusiya rəhbərliyi bir neçə dəfə xüsusi vurğu ilə dedi ki, Türkiyə ilə müharibəyə başlamaq niyyətimiz yoxdur. 
Ona görə də Türkiyə sarıdan elə bir nigarançılığımız yoxdur... Sadəcə, məsələ ondadır ki, Ermənistanda toplanan silah-sursat hər zaman Azərbaycan əleyhinə yönələ bilər və yaxud da ki, passiv şəkildə olsa belə, bu texnika, silah Ermənisatanın hərbi imkanlarını artırır... 
Adam heç cür unuda bilmir ki, Xocalı faciəsi də rus alayının- 366-cı alayın fəal iştirakı ilə baş vermişdi. Təbii ki, indi o vaxtlar deyil - Azərbaycan və onun hərbi imkanları xeyli güclənib, indi Azərbaycan ordusu Ermənistanın hər bir hərbi cəhdini yerində susdurmaq iqtidarındadır. Həm bu səbəbdən, həm də bir başqa səbəblərdən daha Ermənistan iri miqyaslı hərbi əməliyyatlara cəsarət etməz...
Amma burada başqa məsələ var. Söhbət münaqişənin gələcəyindən gedir. Daha doğrusu, 
ona son qoyulması perspektivlərindən gedir. Bunun üçünsə elə proseslər baş verməlidir ki, onların sayəsində Ermənistan nəinki iqtisadi, eləcə də hərbi baxımdan zəifləsin...
Rusiya isə buna imkan vermir. Ermənistan özü silah-sursat almaq iqtidarında deyil. Fəqət, Rusiya öz hesabına bu ölkənin silah-sursat arsenalını, hərbi parkını və infrastrukturunu gücləndirir...
Ən başlıcası isə bu, elə bir məqamda baş verir ki, adam onu birmənalı şəkildə yoza da bilmir. Nə vaxtdır belə bir fikirlər və ya xəbərlər dolaşır ki, guya Rusiya Ermənistandan işğal edilmiş yeddi Azərbaycan rayonlarının qaytarılmasını və münaqişənin həllinə ciddi şəkildə start verməyi tələb edir. Bizim bu xəbərləri təkzib etmək üçün tutarlı arqumentlərimiz yoxdur. Sadəcə, inanmırıq... 
Bəli, inanmırıq ki, öz vətəndaşları olan iki azərbaycanlını Ermənistanda əsirlikdən qurtarmağa cəhd belə etməyən Rusiya durub yeddi rayonun boşaldılmasını tələb etsin! Həmin iki, daha doğrusu, üç azərbaycanlı (onlardan birini ermənilər qətlə yetirdi!) nə etmişdi? 
Bu adamlar mülki şəxs kimi öz dədə-baba torpaqlarına baş çəkməyə getmişdilər! Doğrudanmı, bu, elə bir böyük cinayətdir? Ona görə də nə qədər desələr ki, Rusiya elə etmək istəyir, belə etmək istəyir, biz inanmayacağıq...
baş verənlər də bizim gümanlarımızı təsdiq edir. Ruslar həqiqətən də zəif və perspektivsiz Ermənistanı özlərinin hərbi forpostlarına çevirmək üçün ən kiçik fürsəti belə əldən vermirlər... 
Əslinə qalsa, bir ölkə, bir dövlət kimi Ermənistanın heç bir perspektivi yoxdur. Ona bir ölkə kimi məzmun verən və birtəhər başını girələmək üçün imkan yaradan elə Rusiyanın regionda forpostu olmaq perspektividir...
Dekabr ayında Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənir və hamı güman edirdi ki, bu görüşdən sonra heç olmasa, Dağlıq Qarabağla bağlı  üzücü danışıqların gedişi barədə azacıq da olsa, məlumat əldə etmək mümkün olacaq...
Amma indi buna ümid etməyin heç yeridirmi? Buna ümid etmək indi mümkünmü? Bəli, 
necə inanasan ki, bir tərəfdən Ermənistanda özünün hərbi helikopterlərinin sayını artıran Rusiya durub hansısa sülh təklifilə çıxış edəcək?..
Təəssüf ki, biz Minsk Qrupunun digər həmsədrlərinin də ciddi fəaliyyətini müşahidə etmirik. Onlar da tamam fəaliyyətsizdir. Durub 20 ildən sonra belə izhar edirlər ki, biz sadəcə, vasitəçiyik, danışmaq və barışmaq sizin işinizdir! Təsəvvür edirsinizmi? Bütün bunlar 20 ildən sonra deyilir! Bəlkə də elə bizim də səhvimiz ondadır ki, problemin həllini bu qədər yubatmışıq?.. 
Amma digər münaqişələr də - Abxaziya və Osetiya, Dnestryanı münaqişələri də bu vəziyyətdədir. Mən hələ Ukraynadakı prosesləri demirəm. Bəlkə bütün bu proseslərin arxasında dayananı - əlahəzrət Rusiyanı görməyin vaxtıdır?..
скачать dle 12.1