Əvvəlcə bir gileydən başlamaq istərdim. Telekanallar az qala bütün günü insanları zövqsüz verilişlərlə və filmlərlə məşğul edirlər. Arabir maraqlı film də göstərməyə çalışırlar. Amma onları gecə saatlarında, gecədən bir xeyli keçmiş göstərirlər. O qədər gec olur ki, adam istəsə də bu filmlərə baxa bilmir... Bu səbəbdən mən bu yaxınlarda U.Çerçill haqqında filmə baxa bilmədim. Halbuki o, mənim üçün həmişə olduqca maraqlı insan olub. Nə qədər qəribə olsa da, xaraktercə sərt, baxışlarına görə isə mühafizəkar olan bu adam Avropanın bütünləşməsinə, qitədə demokratiyanın qorunub saxlanılmasına hamıdan çox töhfə verib.
Müharibənin udulmasında müstəsna xidmətləri olan bu adam müharibə bitəndən sonra ilk seçkini uduzdu. Həmin vaxt onun iki müxtəlif fikir dediyi iddia olunur. Bəzilərinə görə, U.Çerçil deyibmiş ki, böyük millətlərin özlərinin böyük oğullarına sayğısızlığı təəccüblü görünməməlidir, ona görə ki, onlar böyük millətlərdir. Digərləri isə iddia edir ki, o günlərdə Çerçill özünə məxsus təmkinini saxlayaraq “Bu, demokratiyadır. Məgər biz onun uğrunda mübarizə aparmırdıqmı?” deyibmiş...
Nə isə... Qayıdaq gündəlik siyasi məsələlərə. Bu günlərdə Almaniyanın kansleri A.Merkel ilin adamı elan olundu. Mənim bu qadına münasibətim hər vaxt mürəkkəb olub.
Onun ikinci “dəmir ledi” olduğunu etiraf edirəm. Çox güclü bir siyasətçi olduğunu da qəbul edirəm. Avropanın tarixində bəlkə də üç parlaq lider olub - U.Çerçill, M.Tetçer və A. Merkel...
Ola bilsin, mənim sonuncunu Çerçill və Tetçerlə bir sıraya qoymağım bir az təəccüblü görünəcək, çünki bu qitənin tarixində bəlkə də daha böyük siyasətçilər olub. Elə Almaniyanın özündə K.Adenauer və H.Koll kimi siyasətçilər olub. Olsun... Bunu ən azı bir siyasi zövq və yaxud da münasibət kimi qəbul etmək lazımdır...
A.Merkelə mənfi münasibətimin mayasında onun Gürcüstanın və digər gənc ölkələrin NATO-ya üzv olmasına mane olması dayanır. Bəlkə də bu amil həmin ölkələrin NATO-ya üzv olmasında heç də həlledici amil deyildi. Amma mən Almaniya kanslerinə bunu bağışlaya bilmirəm. Fəqət, zaman özü bu xanımı Rusiyaya qarşı yönəlməyə məcbur etdi. İndi A.Merkel Rusiyaya qarşı siyasətin Avropadakı bayraqdarlarından hesab olunur...
Bu günlərdə Almaniyada 2017-ci ildə keçiriləcək parlament seçkilərinə hazırlıq barədə yazını oxuyurdum. Merkelin partiyası ölkənin Rusiyaya yönəlik siyasətinin əsaslarını müəyyən edən prinsiplər hazırlayıb. Həmin bu prinsiplər heç də qərəzli deyil. Bunu etiraf etmək məcburiyyətindəyik. Onlar Rusiya qarşısında şərt qoyur. Əgər bu ölkə özünün Ukraynadakı siyasətindən əl çəkərsə, o halda Rusiyaya qarşı siyasət də yenidən təftiş oluna və düzəlişlərə məruz qala bilər...
Amma böyük siyasət böyük siyasətdir. Bu gün Rusiya Aralıq dənizindəki və Xəzərdəki gəmilərindən İŞİD-in mövqelərini bombalayır. Təbii ki, bu, həm də bir nümayişdir - ruslar özlərinin SSRİ-nin dağılmasından sonrakı ilk geosiyasi debütlərini mümkün qədər daha təsirli etmək istəyirlər...
Həm də ruslar göstərmək istəyirlər ki, heç bir halda birqütblü dünya modelini qəbul etməyəcəklər. Tam büdcəsi ABŞ-ın hərbi büdcəsinin yarısına bərabər olan bir ölkənin belə iddialara düşməsi nə qədər real və əsaslıdır? Ruslar belə hesab edir ki, hərbi xərcləri artırmadan da ABŞ-a başağrısı ola bilərlər. Bunun üçün onlara imkan yaradan bu ölkənin nüvə başlıqlarının sayına görə dünyada ikinci ölkə olmasıdır. Bəli, nüvə başlıqları hələ də dünya siyasətində mühüm amil olaraq qalır...
Daha bir qütb olmağa iddialı geosiyasi komponentlərdən biri də birləşmiş Avropa idi. Amma miqrant axını, avronun mövqelərinin sarsılması, Avropanı, daha doğrusu, onun bəzi regionlarını bürüyən iqtisadi böhran onun bu cəhdlərini bir qədər zəiflətdi. Son vaxtlara qədər Avropa dünya siyasətində çox fəal idi. Avropa isə bu gün daha çox Almaniya deməkdir. Hərçənd Çerçill bir qədər fərqli düşünürdü. O, həmişə deyirdi ki, zəif İngiltərə zəif Avropa deməkdir. Hələ onu demirəm ki, Fransa da az iddialı görünmür. Amma məsəl var, deyirlər ki, toyun xərcini kim çəkirsə, hədiyyələr də ona çatır...
Bu gün Avropadakı xərclər Almaniyanın boynundadır. Almaniyanın kansleri isə A.Merkeldir. Ona görə də istəsək də, istəməsək də, bu xanımın ilin birinci adamı olmasını qəbul etmək zorundayıq, çünki ilin birinci adamı birincilərin sırasından seçilir...