Türmə dəftərindən xatirələr.
"KİTAB qalmaqalı - qalmaqallı KİTAB"
(I-ci hissə)
Bir gün 14 cü kolonda çaxnaşma düşdü. Hər dəfə "yuxarıdan" gələn olanda belə olurdu, bu dəfə də gəlmişdilər. Mən olan bitəndən xəbərsiz, günorta barakda idim. 5 ci barak, 2 ci yataqxanada yerləşən, girişdə sol tərəfdən ikinci “kupe”, 1 ci mərtəbədəki yerimdə, ədyalın altına bürünmüş, adəti üzrə günorta yuxumu yatırdım.
Burada günortalar yataq yerində yatmaq olmazdı, ağır cəza, suç sayılırdı. Rəisin təlimatına görə günortalar yataq yerində nəinki yatmaq, heç oturmaqda olmazdı. Qanunla, yəni cəzaların icrası məcəlləsinə görə məhkumun saat 14:00-16:00 arası istirahət hüququ vardı. Ancaq hər sahədə olduğu kimi burda da qanunlar yalnız yazıldığı kitabın yarpaqlarında, kitab isə rəflərdə qalır, tozlanırdı.
Bu yasağın səbəbi hər sahədə olduğu kimi, yenədə rəhbərliyin pul qazanması ilə bağlı idi. Belə ki, yasaqlanmış günorta istirahətindən nazor heyyəti pul qazanırdı. Rəis böyük pulları yeyərkən onlara da bir şey verməli idi, o isə bizi, məhkumları vermişdi nazorların əlinə - “fərasətiniz olsun, basın yeyin məhkumu” demişdi. Onlarda rəisin yediyi ətin (məhkum) sümüyünü gəmirə bilirdilər. Hansı birini dindirsən rəisdən şikayətlənirdi, “özü yeyir bizə saxlamır” deyirdilər. Haqsızda deyildilər düzü. Rəisdən onlara yalnız əti didilmiş sümük qalırdı nazorlara.“Nə qədər sümük gəmirsin ki, bu yazıqlar” – deyə düşünür, “üzülürdü” insan.
Məhkum ovlama prosesi belə başlayırdı: Günorta öz yataq yerində uzanır, istirahət edir, gözünün acısını alırdı məhkum. Nazorlar sinsi-sinsi, müxtəlif taktikalarla işə girişir, baraka pusqusu qurur, məhkumları “suçüstü” yaxalamağın hesablarını edirdi. Əlbət buna qarşı məhkumlarında öz metodları vardı. Məhkumlar barak qapısına gözətçi qoyur, nazor gələrkən isə gözətçi parolu səsləndirirdi. Gözətçi yüksək səslə “atas” deyə bağırdığı an barakda ayaqqabılı uzanmış məhkumlar dik atılır, yerlərindəki qırışı düzəldir, guya tumboçkasından bir şey almağa gəlmiş kimi hərəkət edirdilər.
Maraqlısı o idi ki, məşhur “atas” sözünü, yəni nazorun gəlməsini işarə edən bu anlamsız sözü gəzdiyim beş tür türmənin hər birində eşitmişəm. Yəni “atas” kəlməsi “ümumi dustaq” sözü idi və təbii ki, bunu türmə sistemində işləyən hər bir nazor da bilirdi. Ancaq “yazıq” nazor gözətçinin “atas” deyə bağırmasına nə edərdi, hansı cəzanı verərdi ona? Heç nə edə bilmirdi. Çünki adam “nazor gəlir” deyə bağırmamışdı ki.
Hər iki tərəf – müştərisini itirmiş nazor və daha ucuz (ən yaxşı halda pir paket siqaret və ya normal zamanda 20 qəpik) qiymətə xidmətini layiqincə davam edən, “vəzifə borcu”nun öhdəsindən gələn, yəni dustaqları nazor bəlasından qurtaran tərəf bir birinə xoş gülümsəmə ilə ürəklərində söyüşlər yağdırırdılar. Nazor onun üzünə söz deməyə cəsarət edirdisə, “20 qəpiklik” məhkum çoxda dərinə gedə bilmirdi. Nazor qəzəbli halda, müştərisini qaçırdığı üçün onun özünü bir gün “yandıracağını”, yəni tələyə salacağını deyir, ardınca isə onu tutduğu halda pul ilə qurtula bilməyəcəyini, rejim rəisinin yanına aparacağını hayqırırdı.
“Bu gün 20 qəpiyim oldu, sabah allah kərimdir” düşüncəsi ilə yaşayan gözətçi məhkum isə xoş gülümsəmə ilə nazoru yola verir, 20 qəpiyini qazanmanın və məhkum yoldaşlarını qurtarmanın sevincini yaşayırdı. Ancaq ürəyində də düşünmədən qalmırdı: “birdən məni “yandırsa”, həqiqətən manatını alıb əl çəkməsə və rejim rəisinin yanına aparsa?”. Suallar beynini qurdalayırdı. Axı həqiqətən rejim rəisin yanına gedəcəyi halda nələrin ola biləcəyini dəfələrlə görmüşdü, bilirdi. Rejim rəisi – adında “rəis” sözü olan bu “cəllad” əlbəttə nazor kimi ucuza iş görmürdü. Onun “haqqı” üç rəqəmli məbləğlə idi. Həm də işgəncə vermə, kars zülmü kimi yüksək “səlahiyyət” sahibi idi. Onu ən yaxşı dustaq Vova anlatırdı: “kəsdiyi başa sorğu yoxdur” deyirdi rejim rəisindən bəhs edərkən.
Gözətçi bilirdi, tanıyırdı rejim rəisini, illərdir onunla eyni kariyerin tozunu udur, Qızıldaşın palçığını tapdayırdı. O iki insanı fəqrləndirən bir neçə cəhət vardı: birində paqon var, digərində Qızıldaşın çöllüyündə tozlanmış çiyinlərini yandıran günəşin solğunluğu. Biri axşam evinə gedirdi, digəri yüzlərlə insanın bir arada yatdığı o soyuq, tozlu baraka. Biri evdə övladlarını sevib əzizləyirdi, digəri qanunların izin verib, telefonçu Cahangirin “pulun yoxdusa sürüş burdan” deməsi ilə balasının səsinə həsrət yaşayırdı. Biri saatlarını sayırdı işdən çıxmaq üçün, digəri illərini sayırdı bu cəhənnəmdən qurtulmaq, azadlığa qovuşmaq üçün.
Gözətçi ona görə yaxşı tanıyırdı rejim rəisini ki, məhkum yoldaşının onun otağında necə alçaldılmasını görmüş, necə işgəncə edilməsinə şahid olmuşdu. Bütün bunlardan sonra isə evinə zəng eərək pul gətirmələrini istəmişdi məhkum yoldaşı – çünki pulu rejim rəisinə verməyə məcburdu. Əks halda canını orda tapşırardı məhkum. Və gözətçi buna görə ehtiyyat etməli idi. Nazorun caynağına keçib, dünən qazandığı 20 qəpiyin burnundan gəlməməsi üçün.
* * *
........ (I-ci hissənin sonu)
Rəsul Mürsəlov