Türkmənistan Xəzərə tərəf dönəcəkmi?

17-12-2015, 13:57
0
Türkmənistan Xəzərə tərəf dönəcəkmi?
Təcrübə, enerji resursları ilə zəngin ölkələrin analizi göstərir ki, enerji resursları hələ hər şey demək deyil. Xüsusən də bu, indiki vaxtda, neft sürətlə ucuzlaşdığı bir dövrdə daha aydın görünür...
Yadıma gəlir ki, 80-ci illərdə biz Azərbaycan üçün müxtəlif ssenarilər cızırdıq. Amma hər dəfə bir şeyi unudurduq ki, neftlə zəngin Azərbaycanın inkişafı üçün həm də effektiv siyasi sistem lazımdır. Bunu elə digər ölkələrlə bağlı da demək mümkündür. Fəqət, bu, bir qədər fərqli söhbətin mövzusudur...
İndilik isə maraqlı olanı budur ki, dünyada böyük qaz layihələri planlaşdırılır və bu aspektdə Azərbaycan yenə də tək deyildir. Türkmənistan öz qazını ixrac etmək üçün Əfqanıstan, Pakistan və Hindistandan keçən böyük qaz kəməri inşa etmək niyyətindədir. Layihənin təxminən 10 milyard dollara başa gələcəyi təxmin edilir...
Fəqət, bir problem var - ABŞ layihənin təhlükəsizliyini təmin etməyi öz üzərinə götürmək niyyətində deyil. Ona görə də əksər təhlilçilər belə hesab edir ki, onu reallaşdırmaq mümkün olmayacaq...
Maraqlısı budur ki, Türkiyə də bu layihəyə maraq göstərmir. Bu ölkə də Türkmənistan qazının trans-Xəzər marşrutu ilə Avropaya nəql edilməsində daha çox maraqlıdır...
Doğrusu, Türkmənistanın fərqli istiqamətlər seçməsinin səbəbi bizə elə də aydın deyil. Həmişə düşünmüşük ki, Türkmənistan da qazını Avropaya nəql etməkdə maraqlı olmalı idi. Amma görünür ki, burada Rusiya amili var və qaz nəhənglərindən biri Rusiyanın bazarına girmək istəmir...
Fəqət, hamı bu fikridədir ki, başqa istiqamətlərdə Türkmənistan öz planlarını reallaşdıra bilməyəcək. Yalnız Pakistan təhlükəsizliklə bağlı müəyyən vədlər verir. Amma onun da vədlərindən “kökə bişirmək” çətindir...
Nəzəri layihə çox təhlükəli regionlardan keçməklə reallaşdırılmalıdır. Ən qorxulu istiqamət isə Əfqanıstandır. Burada gələcək qaz kəmərinin təhlükəsiz işini yalnız ABŞ təmin edə bilər. O, isə buna maraq göstərmir...
Amma Xəzər məsələsi başqa şeydir. Burada ən azı Avropa Birliyinin təminatı var. Avropa Birliyi isə istəsə, ABŞ-ı da bu işə sövq edə bilər. Əks təqdirdə isə “Hindistanın qazlaşdırılması”, bu ölkədən keçən qaz kəməri ABŞ elə də maraqlandırmayacaq... 
ABŞ üçün problem Avropanın Rusiyadan qaz asılılığıdır və o daim bu asılılığı azaltmağa cəhd edir, çünki belə vəziyyət ABŞ-ın da, Avropanın da əl-qolunu bağlayır...
Qərəz, adam bu məsələlərlə maraqlananda təhlükəsizliyin nə qədər böyük bir amil olduğunu özü üçün təxmin edir... 
İndi Azərbaycanda da çoxu deyir ki, Qərb axı bizim üçün nə edib? Qərb onu edib ki, Bakı-Ceyhan xəttinə xeyir-dua verib. Məgər bu, azdırmı?..
İndi Türkmənistan da çox çabalayır, istəyir ki, ABŞ-ı razı salsın. Amma bunu etmək elə də asan deyil, ABŞ razı olmur...
Ruslar isə özlərini qəribə aparmaqda davam edirlər. Bir tərəfdən deyirlər və yazırlar ki, Mərkəzi Asiya ABŞ-ın nəzarətinə keçir. O biri tərəfdən də özlərinə ürək-dirək verirlər ki, bütün bunlar baş tutmayacaq. Təbii ki, nəyin daha real olduğunu birmənalı şəkildə demək çətindir. Hər şey ola bilər. Amma ABŞ da, Avropa da bir az əvvəldə qeyd etdiyimiz kimi, trans-Xəzər marşrutunu təqdir edir. Rusiya bunu da heç etmək istəyir. Hətta belə bir “fakt”ı  qabardırlar ki, guya Xəzərin dibi tektonik zonadır. Fəqət, bu bir neçə ildə hələ Xəzərdə hansısa böyük zəlzələ baş verməyib. Təbii ki, ruslar bunu maraqlanan tərəfləri çəkindirmək üçün dilə gətirirlər - bunun başqa yozumu yoxdur...
İndi Azərbaycan Avropaya qaz ötürəcək böyük layihə üzərində işləyir. Burada hər şey var - maliyyə də var, təhlükəsizlik təminatı da... Türkmənistan formulunda isə hələ bunların heç biri yoxdur. Düşünürük ki, Türkmənistan da üzünü Avropaya, daha dəqiq desək, Azərbaycana tərəf çevirə bilərdi... 
Başa düşürük ki, Rusiyanın ziddinə getmək, Rusiyanın bazarını tam da olmasa qismən ələ keçirməyə cəhd etmək elə də asan deyil. Amma Avropa Rusiyanın əlindən bezib, ona görə də ən azı özlərinin siyasi dəstəklərini əsirgəməyəcəklər...
Qərəz, yenə də bir az gözləmək lazım gələcək... Kim bilir? Bəlkə Türkmənistan da üzünü Azərbaycana və Avropaya tərəf tutacaq? Hər halda, bu, daha praqmatik gediş olardı...
скачать dle 12.1