Bəli, yaddaşı silmək çətin məsələdir. Biz uzun müddət nə vaxtsa oxuduqlarımızın və eşitdiklərimizin təsiri altında oluruq. Ona görə də insan müəyyən mənada uşaqlıq və gənclik təəssüratlarının əsiri olur...
Bizim gəncliyimiz sovet dövrünə təsadüf edib. Elə bu səbəbdən istəsək də, istəməsək də, o illərdə beyinlərimizə həkk olunmuş olayları unuda bilmirik...
Bilirsiniz, sovet rejimi qəribə quruluş idi. Dünyanın birinci totalitar ölkəsi özü insan hüquq və azadlıqlarını tapdalasa da, insanlara mütləqiyyətə, istidbada qarşı nifrət və sayğısızlıq aşılayırdı - müasirlik, sosial ədalət, bərabərlik bu rejimin dəyər verdiyi böyük anlayışlar idi...
Nə gizlədək, o vaxt bizə SSRİ tarixi əvəzinə Rusiya tarixini tədris edirdilər. Ümumilikdə bu, çox neqativ hadisə idi, çünki öz tariximizi bilmirdik. Amma Rusiya tarixində də təqdir etməli hadisələr çox idi. Bunlardan biri də dekabristlər və dekabrist üsyanı idi...
Bu günlərdə oxuyanda ki, bu həftə dekabristlər üsyanının üstündən düz 190 il keçir, nədənsə özümüzdən də aslı olmadan ürəyimizdən xəfif duyğular keçdi və sanki bircə anlığa o dövrə - sovet dövrünə qayıtdıq...
Yox, bu, nostalji deyil və heç də o illər üçün qəribsəməmişik. Sadəcə, yaddaş var və bu yaddaş yalnız özünə bəlli olan məntiqlə pislikləri unutdurur, yalnız yaxşılıqları saxlayır...
Sovet rejimi tarixdə çarizmə, mütləqiyyətə qarşı baş vermiş ən kiçik olayları belə qabardır, bu olaylarla əlaqəli olmuş şəxsləri fetişləşdirirdi...
Kim idi dekabristlər? Qərb dəyərlərinə önəm verən, respublikaçılıq ideallarını uca tutan zadəganlar! Onlar məğlub oldular. Hətta etiraza başlamamışdan öncə özlərinə də xəbər çatmışdı ki, artıq çar hər şeydən məlumatlıdır. Amma yenə də etirazlarını təxirə salmadılar, düşündülər ki, bu, Rusiyanın gələcək nəsilləri üçün örnək olacaq...
Oldumu? Demək çətindir. Təbii ki, 190 il ərzində Rusiyada çox hadisələr baş verdi, böyük ideallar uğrunda neçə-neçə insan həyatını qurban verdi...
O dövrün bir qəhrəmanı da olmuşdu - A.Puşkin. Çar ondan soruşanda ki, bəs həmin gün Peterburqda olsaydı kimin yanında olardı? Puşkin düşünmədən cavab vermişdi ki, təbii ki, dostlarının - dekabristlərin yanında olardı...
Puşkinin dekabristlərlə, azadlıqla bağlı çox şeirləri olub. Amma onun bir zəif cəhəti vardı - şairin demək olar ki, bütün tədqiqatçıları onu imperiyanın və azadlığın nəğməkarı adlandırır. Bəli, imperiyanın və azadlığın nəğməkarı! Bu möhür Rusiyanın demək olar ki, bütün böyük insanlarının üzərində var...
Ona görə də indiki Rusiya ziyalılarını heç də qınamırıq - onlar azadlıqla bahəm həm də imperiyanın böyüməsində və qüdrətlənməsində maraqlıdırlar...
Nə etmək olar? Hər ölkənin öz spesifikası, öz özəlliyi var. Bəzən bu özəllikləri başa düşmək, anlamaq çətin olur. İndi də biz Rusiyanı dərk etməyə çətinlik çəkirik. Elə 190 il bundan əvvəl də bunu etmək asan deyildi...
Bəli, dekabristlərin hərəkəti formal məntiqə sığmır, çünki formal məntiq bizə deyir ki, əgər planın üstü açılmışdısa, çara hər şey məlum idisə, etiraz etməyə və göz görə-görə məğlubiyyətə getməyə ehtiyac vardımı? Axı bunun sonu dar ağacı və sürgün demək idi...
Amma onlar bu taleyi seçdilər. Rusiyanın anlaşılması çətin olan olaylarının birini də artırdılar. Bir daha deyirik ki, bu, formal məntiqə sığımır. Amma gəl ki, həyat elə ona görə həyatıdr ki, o, formal məntiqin fövqündədir! Həyatda hər şeyi formal məntiqə sığışdırmaq mümkün olsaydı o, nə qədər maraqsız və mənasız olardı!..
Fəqət, bir məsələ var ki, onu da mütləq qeyd etməliyik... Keçmişdən fərqli olaraq indki Rusiya stimul yaratmır və o, azad insanların ölkəsindən daha çox ümumi psixoz altında olan cəmiyyətin ölkəsini xatırladır. Bəli, Rusiya daha əvvəlki kimi cəlbedici deyil...
Bəlkə də Rusiyaya dünyanın ona münasibətini öyrənmək maraqlı olardı. Amma onlar bu haqda heç düşünmürlər də... V.Putin həmişə deyir ki, bəs bizə günah kompleksi aşılamaq istəyirlər, biz isə bunu yaxın buraxmamalıyıq...
Olsun. Fəqət, bir gün ABŞ-da minlərlə insan Vyetnam müharibəsində aldığı orden və medalları Ağ Evin önünə, ayaqlar altına atdılar. Bundan ABŞ zəiflədimi? Gücdən düşdümü? Bizə elə gəlir ki, belə olmadı, amerikalılar və onların ölkəsi bundan sonra bir boy da yüksəldilər...