Prezidentlərin görüşü nəticə verəcəkmi?

19-12-2015, 20:31
0
Prezidentlərin görüşü nəticə verəcəkmi?
Vaxt keçdikcə, dekabrın sonu yaxınlaşdıqca Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı təxminlər nəinki artmırdı, hətta bir az da azalırdı... Hərçənd bu günlərdə görüşün vaxtının və yerinin dəqiq məlum olduğu bildirildi. 
 
Onun dekabrın 19-da Berndə baş tutacağı deyildi. Amma Rusiya mənbələri belə görüşün məzmunu ilə bağlı qəti fikir deməyə çətinlik çəkirlər. Onlar da diqqəti belə bir detala yönəldirlər ki, görüş xatirinə görüş keçirmək olar, amma bu, atəşkəs rejiminə daha ciddi əməl etməyə, tərəflərin siyasi mövqelərini yaxınlaşdırmağa təkan verməyəcək...
 
İndi Rusiya mənbələrinin prezidentlərin nəzərdə tutulan görüşü barədə yazdıqlarını oxuyanda görürsən ki, bu ölkənin yeddi və yaxud da beş rayonu  boşaltmaq məqsədilə bağlı deyilənlər və yazılanlar siyasi dedi-qodudan və əsaslandırılmamış ehtimallardan başqa deyil...
Hətta Rusiya mənbələri bir müddət Azərbaycanda dolaşan məşhur siyasi şaiyəni - ölkələrinin beş rayonun boşaldılması müqabilində Azərbaycanın Avrasiya Birliyinə üzv olmasını tələb etməsi haqdakı söhbətləri də təkzib edir...
 
Ona görə də indilik heç nə yoxdur. Ortalıqda nə Rusiyanın müvafiq səyləri var, nə də təmas xəttində qənaətbəxş atəşkəs rejimi...
Belə vəziyyətdə də prezidentlərin görüşəcəyi deyilir, amma bu görüş nə verəcək, o, nəyi həll edəcək, bununla bağlı qeyd etdiyimiz kimi, bir yəqinlik yoxdur...
Üstəlik, ABŞ-dan, xüsusən də bu ölkəni Minsk Qrupunda təmsil edən C.Uorlikdən ziddiyyətli xəbərlər gəlir. Bu adamın qondarma DQR “naziri” ilə görüşündən artıq hamı xəbərdardır...
Bu günlərdə isə daha bir açıqlama gəldi. Deyildi ki, C.Uorlik bildirib ki, Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla Dağlıq Qarabağın erməni əhalisinin də fikrini bilmək vacibdir...
Bəlkə də ilk baxışda burada qeyri-adi heç nə yoxdur. Amma məsələ bundadır ki, Azərbaycan qondarma DQR təmsilçilərini tərəf kimi tanımır. Özü də haqlı  olaraq belə edir - qondarma DQR qurumları Ermənistanın oyuncağıdır, onlar heç kimi təmsil etmir və edə də bilməzlər. Ona görə ki, Azərbaycan ərazilərinin işğalının arxasında Ermənistan dayanır...
Açığı, amerikalı həmsədrin belə davranışı müəyyən şübhələr yaradır. İlk olaraq ağla gələn budur ki, C.Uorlik özünün diplomatik karyerası haqqında düşünür, ən azı ona görə ki, ABŞ-dakı erməni lobbisi diplomatların təyinatına ciddi şəkildə təsir etmək iqtidarındadır...
Amma başqa bir ehtimal da var. Adətən Minsk Qrupunun hansısa həmsədri münaqişəyə ciddi şəkildə təsir etmək imkanları qazananda digərləri uğur çələngini onun əlindən almağa, prosesi öz nəzarətinə götürməyə çalışır. Ona görə də güman etmək olardı ki, Rusiya elə həqiqətən də nəsə etmək istəyir və bunu görən ABŞ prosesi nəzarətinə götürməyə cəhd edir...
 
Əvvəlki dövrlərdə bunun şahidi olmuşduq. Fəqət, indi belə ehtimallar üçün ciddi əsaslar yoxdur.
Bir qədər əvvəldə dediyimiz kimi, Rusiya diplomatları  ölkələrinin niyyəti və gördüyü işlər barədə azacıq da olsa, informasiya sızdırmırlar. Ona görə də nə qədər çalışsaq da bir ilə yaxındır ki, ölkədə gəzən şaiyələrə inanmaq üçün əsas tapa bilmirik...
İndi qan qaraldan detallardan biri də budur ki, neftin qiyməti ucuzlaşmaqda, dollar isə bahalaşmaqda davam edir. Birinci amil bilavasitə bizim müdafiə imkanlarımıza və hərbi xərclərimizə təsir edir - ölkənin gəlirləri nə qədər çox olarsa o, hərbi xərcləri artırmaq üçün bir o qədər artıq imkan əldə edər... İkinci amil isə manatın gələcəyini müəyyənləşdirmək iqtidarındadır. Bundan həm də iqtisadi “böhran qoxusu” gəlir. Bu, isə ölkənin ümumi durumuna təsir edən detaldır-böhran zamanı çox şey devalvasiya edir...
Elə bu səbəbdən də növbəti il bəd sürprizlərlə zəngin görünür. Təbii ki, tələsmək lazım deyil. Növbəti ilin əvvəlindən başlayaraq ümumi tendensiyanı tutmaq mümkün olacaq...
İndi söylənilənlər isə yalnız ehtimal ola bilər. Onların sayını artırmağın isə elə bir mənası yoxdur...
Təbii, hökumət prosesləri nəzarətə götürməyə çalışır. Məsəl var, deyir ki, bir yandan bağlanmasa, o biri yandan açılmaz!.. Hökumət Azərbaycanın coğrafiyasını iqtisadi dividentlərə çevirmək və ölkənin tranzit imkanlarından yararlanmaq niyyətindədir. Nə demək olar? Təbii ki, bunu yalnız alqışlamaq qalır - iqtisadiyyat nə qədər güclü, vətəndaşların rifahı nə qədər yüksək olarsa ölkənin müdafiə imkanları da bir o qədər artıq olar...
скачать dle 12.1