Avropanın astanasında...

22-12-2015, 15:41
0
Avropanın astanasında...
Bəli, bir müddət çox şey qeyri-müəyyən qaldı. Hətta suallar yarandı ki, Gürcüstanın və Ukraynanın Avropa Birliyi ilə assosiasiya sazişi imzalamasının bir mənası vardımı?..
Xüsusən də Ukraynanın başına gələn məlum hadisələrdən sonra bu fikirlər daha da gücləndi. Düşündük ki, belə riskə dəyməzdi...
Amma budur, assosiasiya sazişinin ilk müjdələri gəlməyə başladı - Avropa Birliyi Gürcüstan və Ukrayna ilə vizasız rejim tətbiq etməyi qərara aldı... Düzdür, bunun tam gerçəkləşməsi üçün bir neçə ay da gözləmək lazım gələcək ki, Avropa ölkələri bu qərarı öz parlamentlərində ratifikasiya etsinlər. 
 
Amma əsas qərar artıq qəbul edilib...
Məsəl var, deyirlər ki, bir yandan bağlanmasa, o biri yandan açılmaz. Gürcüstan Rusiya ilə vizasız rejimdən məhrum olmuşdu. İndi əvəzində bütün Avropa ilə vizasız rejim qazandı...
Eyni sözləri Ukrayna haqqında da demək mümkündür. Bu ölkə də çox iztirablar yaşadı və bu gün də yaşamaqdadır. Bəlkə də vizasız rejim Ukraynanı sakitləşdirmək üçün çox azdır. Onun iztirabları daha böyük kompensasiya tələb edirdi. Amma nə etmək olar? Siyasət soyuq başları sevir, xüsusən də soyuq qış aylarında...
Ukraynanı bilmirik, Tiflisdə əməlli-başlı qeyd etdilər bu hadisəni. Doğrusu, buna dəyərdi də... 
Bizimkilərdə də dərhal sual yarandı ki, bəs biz necə olacağıq? Hər şey sadədi. Biz Avropa Birliyi ilə sadələşdirilmiş viza rejimi ilə bağlı saziş imzalamışdıq və buna da qane olmalıyıq - eyni bir işə, eyni bir xidmətə görə başqalarından qat-qat artıq, hətta bir neçə dəfə artıq pul xərcləmək də bizim qismətimizdi... 
Necə deyər, qismətdən artıq yemək olmaz. Biz qat-qat artıq qiymətə uçmalıyıq, qat-qat artıq qiymətə dincəlməliyik və qat-qat artıq qiymətə nəsə almalıyıq!.. 
Gürcüstanla Ukrayna risk etdilər. Buna görə də qeyd etdiyimiz kimi, məhrumiyyətlər yaşadılar. Bəlkə də biz düz etdik. Ona görə ki, Rusiyanın bizi haralara sürükləyəcəyini, bizim üçün hansı ssenariləri hazırladığını indi yalnız təxmin etmək olar...
Bilirsiniz əsas nədir? Odur ki, sən Avropa Birliyinə qatılmamışdan öncə özün üçün öz ölkəndə bir Avropa yaradasan - siyasi və iqtisadi islahatlar aparasan, insanların hüquq və azadlıqlarını təmin edəsən, düzgün və ədalətli seçkilər keçirəsən... Bütün bunları Avropa Birliyinə üzv olmadan da etmək olardı. Gəl,  bunları etmirik. Bəlkə də əksini edirik. Adamı üzən də elə budur...
Əvəzində də isə hamıdan böyük fədakarlıq və əzmkarlıq gözləyirik. Sanki dünya ölkələri dönüb Santa Klaus olub bizim üçün - əlimizi əlimizin üstünə qoymamalıyıq və yalnız özümüzü düşünməliyik, dünya ölkələri isə hədiyyələr paylamalıdır...
Son vaxtlar daxili siyasətdən az yazırıq. Ona görə ki, bu sferada heç nə yoxdur, elə bil tam səhralıqda yaşayırıq. Hətta səhrada da həyat bundan daha canlıdır. Bizim siyasi həyatımız isə çox, olduqca bəsitdir, amma iki üstə gəl iki heç vaxt dörd etmir, bir az əskik, yaxud da artıq olur...
Ona görə diqqəti bir az kənarlara yönəltmək və kənar proseslərin konteksində bizim ölkə siyasətinə də toxunmaq qalır...
Qayıdaq Gürcüstana və Ukraynaya. İndi bu ölkələrdə necə bir ruh yüksəkliyinin yaşanmasını fərqindəyik və əvvəldə bunu qeyd etdik. Amma gəl, çətinliklər də çoxdur. Başqa cür də olmur. Məsəl, var deyirlər, könlü balıq istəyən qışda gölə baş vurar...
Bir daha deyirik ki, ölkəmizin assosiasiya sazişi imzalamamasını böyük faciə hesab etmirik. Bir daha deyirik ki, ola bilsin, Rusiya buralarda da nəsə edəcəkdi... 
Amma adam Avropaya vizasız getmək şansını da itirmək istəmir və düşünürsən ki, eybi yoxdur, növbəti mərhələlərdə buna da can atmaq olar...
Bəli, Avropanın astanasındaydıq. Amma qapını döyməyə qorxduq. Olsun. Bir daha deyirik ki, risk etməyə dəyməzdi. Sadəcə, bizi bir məsələ maraqlandırır:  risklər necə formalaşır?..
Ürək ağrıdan budur ki, hər şeydən öndə hakimiyyətin maraqlarıdı. Hər şey buna xidmət edir. Düzünə qalsa, Azərbaycanın ABŞ-la, Avropa ilə problemi yoxdur, bizim hakimiyyətin onlarla problemi var. Amma hər şey hiperbolizə olunmuş şəkildə qələmə verilir - milli maraqlar deyəndə elə hakimiyyətin maraqları nəzərdə tutulur...
Olsun... Nə etmək olar? Əvvəldə dedik ki, siyasət soyuq başları sevir. Hətta qolobal istiləşmə proqnozlaşdırılan planetdə belə...
скачать dle 12.1