Şiddəti seçən gənc və onun hökuməti

5-05-2015, 11:28
0
Şiddəti seçən gənc və onun hökuməti
Azərbaycan hakimiyyəti özünü onu sevməyən qızı bıçaqlayan oğlan kimi aparır. Aytac Babayevanın faciəsi barədə indi mətbuat çox yazır. Gənc oğlan onu sevmədiyi üçün bu biçərəni öldürüb. Belə qanlı hadisələrə əvvəllər də rast gəlinib, amma internet bu olayı daha məşhur etdi. Fərqli fikirlər, təzadlı yanaşmalar, ifrat və haqsız yorumlar da oldu, amma sağlam düşüncəyə sadiq olan hər kəs qəbul edir ki, bu cür qanlı şiddət nadanlığın ən bariz nümunəsidir.
Yaxşı, bu faciəni törədən gəncin gözünü emosiya örtdü, dar düşüncəsi onu bu cür cinayətə sürüklədi, gənc olması onu böyük səhvə və talesizliyə tuş etdi, əməlinə görə cəzasını da alacaq, bəs qanuni vəzifələri olan, bütöv bir ölkənin taleyinə görə məsuliyyət daşıyan bir hakimiyyətə nə olub?
Kim sizi sevmir, ona şiddətmi göstərəcəksiniz?  Kim sizi sevmir, onu düşmənmi elan edəcəksiniz? Kim sizə səs vermir, onu ölkədənmi qovacaqsınız? Buna mənəvi haqqınız və hüququnuz çatırmı?
Tənqid söyləyən eynəkli ziyalıları, işıqlı arzularla yaşayan gənc fəalları, yaşlı xanımı, əlində yalnız qələmi olan jurnalisti, dinc mübarizə aparan siyasətçini, onların yaxınlarını, doğmalarını təqib etmək, təzyiqlərə məruz qoymaq, həbsə atmaq, fərqli düşünən hər kəsi düşmən elan etmək nə deməkdir və onu sevməyən qızı öldürən gəncin əməlindən çoxmu fərqlənir?
Azərbaycan xalqının hər hansı siyasi qüvvə ilə, hər hansı dövlət başçısı ilə, liderlə əhdi-peymanı yoxdur, azərbaycanlıların hər hansı siyasəti bəyənmək öhdəliyi yoxdur. Hətta vətəndaşın ölkənin ən yaxşı siyasət yürüdən liderini də bəyənməmək haqqı var. Zatən sevgi ürəkdə olur, qorxudan və maraqdan  bu hakimiyyəti tərifləyənlərin onu sevdiyini kimsə iddia edə bilməz.
Üstəlik, bu sevgi-məhəbbət münasibəti də deyil. Hər kəsin seçmək haqqı onun istənilən siyasi qüvvəyə istədiyi kimi yanaşmaq hüququdur. Hətta YAP ideal bir partiya olsa belə, onu sevməmək hər kəsin haqqıdır. Həm də siz bircə kasıb vəzifəli göstərin, xalq da onun timsalında bu hakimiyyəti sevsin. Siz rüşvət almayan bircə icra başçısı, korrupsiyaya bulaşmayan bircə nazir göstərin, vətəndaşlar da  onunla bir sırada olmaq üçün öz xoşu ilə YAP-a keçsin.
Hətta absurdun əhatəsi o qədər böyüyüb, açıq meydan oxuyurlar ki, kim Avropa Oyunlarını bəyənmirsə, düşməndir. Bu hakimiyyətə inamsızlıq bir yana qalsın, korrupsiya, oyunbazlıq, bədxərclik  bir yana qalsın, deyin görək, nə vaxtdan hamı idmanı sevən olub? Məgər hamı futbola baxır, hamı güləşi seyr edir? Nəyə görə hamı idman yarışını sevməlidir? Hələ buna çəkilən ifrat xərcləri demirik. Braziliya kimi futbol ölkəsində dünya çempionatına qarşı xalq aylarla etiraz etdi, məgər onlar ölkəsinin düşmənləri idi?
Yaxud xaricdən olan münasibəti götürək...  Aylar öncə qara beyinlərdən çıxan bir planla ölkənin tanınmış insanlarını şərləyib növbə ilə həbsə atanda bilməli idiniz ki, obrazınızı elə qaralayırsınız ki, heç bir idman yarışının məşəli onu işıqlandıra bilməyəcək. Günahı kənarda axtarıb qəzəb püskürənədək, öz əməllərinizə baxın. Şiddət yalnız nifrət yaradır və onu gücləndirir.
Biz övladlarımızın oxuması üçün normal təhsil verən məktəb axtarırıq, siz bizə təzə tikilən stadionu tərifləyirsiniz. Repititorlar olmasa, uşaqlarımız “stadion” sözünü düz yaza bilməzlər, anlayırsınızmı bunu?! 

 Şahvələd Çobanoğlu

скачать dle 12.1