Oyunlar bitəcək, problemlərsə yox

2-05-2015, 15:29
0
Oyunlar bitəcək, problemlərsə yox
Mayın 1-də Müdafiə Nazirliyi xəbər yaydı ki, Azərbaycan Silahlı Qüvvələrinin 31 nəfərlik qrupu Əfqanıstandan Bakıya qayıdıb. Məlumatda bildirilir ki, Azərbaycan Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir. Bu sülhməramlı missiya 2002-ci ildən fəaliyyət göstərir.
Beynəlxalq təşkilatları, xarici medianı, Avropa ölkələrini, ABŞ-ı Azərbaycanın daxili işlərinə qarışmaqda ittiham edən Azərbaycan hökumətinə sual edən gərək ki, nə əcəb Əfqanıstanın daxili işlərinə qarışırsan, hətta ora hərbi qüvvə yollayırsan? Xarici QHT-lərin nümayəndəliklərini ölkədən qovan, bunlardan “ənam almayan” xarici KIV nümayəndələrini Bakıya buraxmayan, yaxud deportasiya edən bir hökumət öz əməli ilə riyakarlığını sübut edir. Bir ölkəyə bəşəri dəyərlər üçün hərbi müdaxilədə iştirak edir, bununla öyünür, amma eyni dəyərlər üçün sadəcə söz deyən, hesabat yayan, müzakirə təşkil edənləri düşmən elan edir, onların dinc fəaliyyətini yolverilməz sayırlar. 
Sən demə, korrupsiya, ədalətsizlik, məhkəmələrin bazara çevrilməsi, təhsilin çöküşü, səhiyyənin ağlamalı halı bizim daxili işimizdir. Amma bir az irəli getdikdə bəlli olur ki, bu, heç bizim daxili işimiz də deyil, çünki bu haqda danışan yerli QHT-lər, media və siyasi qüvvələr də eyni ritorika ilə düşmən sayılır, təqib edilir, hətta xarici qüvvələrin əlaltıları adlandırılır. Nəinki xaricilər, heç öz vətəndaşlarımız da bu barədə danışa bilməz. Bu, sanki YAP-ın daxili işi və ya Ilham Əliyevin şəxsi işidir. Bəli, bunlar ölkənin taleyini, bizim taleyimizi özlərinin şəxsi işi sayırlar.
Nəinki Avropa Oyunlarını, bütün dünya çempionatlarını, bütün növ konfrans və festivalları da keçirməyə hazırdırlar, təki heç kim Azərbaycanın daxilindəki vəziyyətdən danışılmasın. Azərbaycanın pullarını kimə desən paylamağa hazırdırlar, harada lazım gəlsə muzeyi, kilsəni təmir etməyə razıdırlar, bircə Azərbaycanın daxilindəki durumdan danışılmasın. Onda da inciyirlər ki, “biz bunu etdik, biz onu edirik, amma siz bizi tənqid edirsiniz”. Əfqanıstana da hərbçiləri ona görə yollayırlar... Sonra desinlər ki, biz sizin müttəfiqik, siz isə müttəfiqinizi tənqid edirsiniz. 
Bir sözlə, Azərbaycan gülməli bir vəziyyətə salınıb, onun hökuməti bütün dünyaya deyir ki, nə istəyirsiniz edək, amma bizə öz xalqımıza elədiyimiz pislikləri irad tutmayın. Bu iradı eşidəndə isə, ölkənin “müdafiəsinə” qalxırlar: Azərbaycanın daxili işlərinə qarışmayın. Bu qədər hiyləgər, bu qədər yalançıdırlar!
Amma hər hiylənin uzun çəkməyən və bir cümləlik sonu olur. Məsələn, Əfqanıstana hərbçi yollamaq kimi bir əməli yada salırsan, sadəcə... Insan haqları məsələlərinin ölkənin daxili işi olmadığını da gözəl bilirlər. Beynəlxalq öhdəliklərin də mövcudluğunu hamıdan yaxşı bunlar bilir... Nə qədər istəyirsiniz Con Kerrini söyün, Obamanı tənqid edin, ya bunun tam əksinə keçin. Bu da sizin haqqınızdır, amma Azərbaycan xalqına etdikləriniz sizin haqqınız deyil. Çünki bunlar haqsızlıqdır! Bu haqda müvəqqəti susa bilərlər xaricdə də, daxildə də. Amma problemlər üzü o yana gedir ki, problemlər özləri danışdırmağa başlayır hamını...
Tək hiylənin deyil, təntənənin də sonu olur. Indi Avropa Oyunları bitəcək, ölkənin problemləri isə qalacaq. Neft təntənəsi də bitib, manatın süni yüksəlişi də bitib. Problemlər isə qalır və böyüyür!

 Şahvələd Çobanoğlu

скачать dle 12.1