Gözəl oyunlar görəcəyik, çocuqlar!

21-04-2015, 15:32
0
Gözəl oyunlar görəcəyik, çocuqlar!
Keçən həftə olmuşdu bu... Hərəkətin yollarda sıx vaxtı arxadan gələn maşına marağım cəmləşdi. Tamam yeni görkəmi vardı. Təcili yardım maşınına oxşamırdı, ən azı belələrinə rast gəlməmişdim, amma ambulans yazıldığını gördüm. Yol verməli idim. Yaxınlaşanda doğrudan da təcili yardım maşını olduğunu gördüm və dərhal yol verdim... Amma işıqforda, hər iki tərəfdə sıxlıqdanmı, ya xəstə aparmadığındanmı, hamı kimi dayandı. Yanaşı durmuşduq, maşına baxdıqda onun necə gözəl və fərqli olduğunu sezdim. Ətrafda da hamı maşına maraqla baxırdı. Xüsusi və sistemli qurulduğu hiss olunurdu.
Birdən ağlıma gəldi ki, sirenası da qoşulu deyil və deməli, heç yerə tələsmir, güman ki, xəstə də aparmır. Maraq güc gəldiyindən, solda əyləşmiş uniformasız orta yaşlı kişidən soruşdum:
- Qardaş, həmişə köməyə çatasınız, deyəsən ən müasir ambulanslardır!
- Hə, - dedi maşındakı adam.
- Hansı klinika gətirib bunu? 
Cavab gecikmədi: 
- Klinikanın deyil, dövlətindir, Avropa Oyunlarına görə gətiriblər. 
Yolumuza davam etdik və bir anlığa Azərbaycanın hansı yolla gələcəyə getməsi barədə ənənəvi fikirlərə daldım. Suallar məni tərk etmirdi.  
Bəs Avropa Oyunlarına qədər niyə gətirmirdiniz bu maşınları? Biz bunlara layiq deyilik? Başa düşürük, tədbir də tədbirdir, ona şəxsi ziyafətiniz kimi baxmağınız da öz yerində, amma tullanan, fırlanan, qaçan, üzən, gəzən adamlar gəlməsə, ölkəyə bu maşınlar gərək deyildi? Ölkədə yetərincə vardısa, bunları niyə almışınız? Az idisə, niyə gözləyirdiniz? Hələ ən yaxşılarını, ən gözəllərini gətirməniz adamın necə təhqir olunduğunu göstərir...
Bir daha bilindi ki, hər şey oyun kimidir bu ölkənin üz tutduğu yolda. Oyunlar oyunu bir az da açıb göstərdi. “Gözəl günlər görəcəyiz, çocuqlar” deyib gələcəyə ümidləndiyimiz elə bununla bitdi: gözəl oyunlar gördük. Motorları da maviliklərə yox, oyunlara sürdük!
Həmin gün xəbər mənbələrinə göz gəzdirəndə isə, motorların maviliklərə deyil, Avropa Oyunlarına uçduğuna bir daha əmin oldum. Bəlli oldu ki, oyunlara görə 100 yeni ambulans maşını alınması ilə iş yekunlaşmır. Ölkəmizin bundan öncə aldığı ən müasir AgustaWestland-139 helikopterləri Avropa Oyunları zamanı təcili tibbi yardım xidməti göstərən ambulans-helikopterlər kimi istifadə olunacaq.
AgustaWestland-139 iki mühərrikli yeni nəsil orta sinfi təmsil edən helikopterlərdəndir. AW-139 yüksək uçuş-texniki xüsusiyyətləri, yüksək funksionallığı və dözümlülüyü olan helikopterlərdir.ÿÖz sinfində saatda 311 km sürət yığan yeganə helikopterdir. Havaya maksimal 6 800 kiloqram çəki ilə uça bilər.ÿ
Göründüyü kimi, bu helikopterlərə söz yoxdur, idmançılar Bakıya tam arxayın gələ bilərlər.  Motorlar onları maviliklərə sürəcək. Qalırıq biz! Oyun hər şeydən öncədir, amma buna qədər həmin helikopterləri təcili yardıma sürmək ağıla gəlməyib, yerli əhalinin köməyinə əsrigəməməyə güc tapmayıblar. Qıymayıblar?
Bir balaca axtarış etdim. Italiyanın AgustaWestland şirkəti 2013-cü ildən Azərbaycan üçün AW-139 və AW-189 markalı helikopterlər istehsal edib. Azərbaycanın bu sifarişinin həcmi 115 milyon avro təşkil edib. Həmin ilin oktyabrında 2 ədəd helikopter ölkəmizə çatdırılıb, 8 ədədi isə müqaviləyə əsasən 2014-cü ildə ölkəmizə təhvil verilib. Avropa Oyunları zamanı ambulans-helikopter kimi xidmət edəcək uçuş maşınları bunlardır. Belə çıxır ki, xalqımız onları yalnız Avropa Oyunları zamanı görəcək. Indiyədək onlar əhalinin xidmətinə verilməyib, heç indi də bundan söhbət getmir. Yalnız əcnəbi idmançılar gəldikdə, Oyunlar başladıqda xalq həmin uçuş maşınlarını xidmət başında görə biləcək. Maraqlı oyunlardır! Gözəl maşınlar görəcəyik!
Siz də deyirsiniz ki, təcili yardım çağırırıq, çox gec gəlirlər!

 Şahvələd Çobanoğlu

скачать dle 12.1