Avropaya üz çevirək?

17-04-2015, 15:34
0
Avropaya üz çevirək?
Azərbaycan xalqının xoş gələcəyi üçün gördüyümüz işlər daşdan keçir. Həmişə haradansa daha bir əngəl də ortaya çıxır, iri bir daş kimi dığırlanıb düşür qabağımıza. Budur,  biz ölkənin dəyişməsi, onun ədalətə və rifaha qovuşması üçün  Avropaya istinad edirik, oradakı həyatı, idarəçiliyi, hüquq və dəyərləri nümunə göstəririk, üstəlik, Avropadan olan haqlı tələbləri, dəstəyi önə qoyuruq, Avropa Parlamenti isə zərərli bir qətnamə imzalayır, öz imicinə və təmsil etdiyi dəyərlərə söykənənlərə zərbə vurur. 
Bu qərarın kimə xeyri var?! Hüquqi əsası olmayan bu sənəd regionda sülhə xidmət edirmi? Ermənistana necə, xeyri varmı? Axı bu qərar Ermənistanın Qərbə qapısını bağlayır, çünki Türkiyə ilə barışıq olmadan Rusiyanın əlaltılığından qurtulmaq, dəyişmək və sivil dünyaya açılım yoxdur Ermənistan üçün! Bunu ayıq ermənilər də bilir və illərdir Türkiyə ilə barışığa Ermənistanın qurtuluşu kimi baxırlar. Indi bu qətnamə münasibətləri yenidən gərginləşdirir, Türkiyənin başladığı yaxınlaşma yenidən donur, Ermənistan sağalmayan xəstəliyi ilə öz köhnə yoluna davam edir və Rusiyanın batmış, miskin əyaləti kimi qalır. Deməli, sonuc olaraq Avropa Parlamentinin qərarı yaxşı heç nə vermir Ermənistana. 
Türkiyəyə gəlsək, illər öncə mən də bu soyqırım tanınmalarını həyatın sonu kimi qəbul edirdim. Sonra anladım ki, Türkiyə bu şantaclarla yaşaya bilməz. Tanıdılar, tanımadılar, Türkiyə öz gələcəyinə doğru ayıq, isterikasız getməli, qətiyyən ruhdan düşmədən bir hüquq və rifah dövləti olmalıdır. Ərdoğanın Türkiyəni bu yoldan döndərə biləcəyinə inanmıram, əminəm ki, çətinliklər aşılacaq və Türkiyə Avropa Birliyinə üzv olmadan belə, Avropa dövləti olacaq. Avropa dövləti dedikdə demokratik, şəffaf idarəçiliyi olan, bütün sahələrdə inkişaf etmiş, müasirlik indeksləri ilə ayaqlaşan bir respublika (cümhuriyyət) nəzərdə tutulur  ki, bu yolda da  çox ciddi özül atılıb, irəliyə doğru da xeyli addımlar var. 
Ən qorxulusu o olardı ki, Türkiyə “rədd olsun Avropa deyib!” Avropa dəyərləri dediyimiz çağdaş hədəflərdən imtina edərdi. Bu isə olmayacaq. Əvvəlki tanınmalar kimi bu da unudulacaq, hisslər soyuduqdan sonra hər ölkə öz müasir problemləri ilə baş-başa qalacaq: sosial-iqtisadi durumu ilə, səhiyyəsi ilə, universitetləri ilə, vətəndaşının indiki halı ilə və s. Əsas sual da budur.  Bu mənada Avropa Parlamentinin qərarı Ermənistanı keçmiş halında çabalamağa, Türkiyəni isə gələcəyə doğru daha  motivli olmağa sövq edəcək. “Dəyənəyin  iki ucu var” deməyin bəlkə yeri var hazırda.
Amma dəyənək, deyəsən, daha çox Azərbaycanın başına dəyir. Yuxarıda dediyim kimi, bu qətnamə Azərbaycandakı Avropa diskursu üçün ziyanlı dəlilə çevrilə bilir. Azərbaycanı indiki halında saxlamaq istəyənlərin əlinə girəvə düşdü. Biz ölkənin dəyişməsi, ədalətə və rifaha qovuşması üçün  Avropaya istinad edirkən, bundan sonra qarşımıza sözügedən qətnamə şantajı ilə çıxacaqlar. Şantajın əsl məqsədi o deyil ki, Azərbaycan soyqırımı tanıyan Avropa ilə yaxınlaşmasın, istək odur ki, Azərbaycandakı indiki durum, indiki ağalıq, talan və yalan davam etsin, Azərbaycan xalqına Avropadakı toplumların  həyatı nəsib olmasın. Bunun üçün çalışan qüvvələr isə zəifləsin, yox olsun.
Avropa onsuz da bu uzun illərdə kürü diplomatiyasının ləkələri ilə çıxıb qarşımıza, biz onu həmişə tənqid etmişik, amma heç nə bizi avropasayağı bir Azərbaycan qurmağımız yolundan çəkindirməyib. Indi də çəkindriməməlidir. Biz Avropaya inteqrasiyanı onlar üçün yox, öz xalqımız və ölkəmiz üçün istəyirik. Bizim üçün tərəddüd ola bilməz. Odur ki, Avropa qurumlarını həm tənqid edəcəyik, həm də onlarla əməkdaşlığa davam edəcəyik. 
Düz 3 il öncə, 2012-cu ilin aprelində isə Avropa Birliyi Ermənistanı Azərbaycan torpaqlarını işğal etməkdə, orada qoşun saxlamaqda, vətəndaşını özgə torpaqlarında əsgəri xidmətə yollamaqda ittiham edən bir qərar çıxarmışdı. Dostlardan birinin dediyi kimi, belə bir qətnamə də indikinə haqq qazandırmır, amma ən azı onu  göstərir ki, Avropa Birliyinə üz çevirmək düşüncəsi ağıldan keçməli deyil. Çünki bu, Azərbaycanın uğurları üçündür. 

 Şahvələd Çobanoğlu

скачать dle 12.1