Azadlıqlar yoxdursa, manatın sabitliyi nəyi dəyişəcək?

9-04-2015, 15:36
0
Azadlıqlar yoxdursa, manatın sabitliyi nəyi dəyişəcək?
Son günlərin ən açıq danışan dövlət rəsmisi olduğundan, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovu ardıcıl dinləməli oluram. Zatən iqtidar siyasilərindən və vəzifəlilərdən ondan başqa kimsə ən aktual mövzuda danışmaq istəmir. Istər “Financial Times”ə müsahibəsində, istərsə də başqa çıxışlarında  Elman Rüstəmov manatı, iqtisadiyyatı xilas etməkdən söz açır, inamla yeni planlardan danışır. Amma olduqca gülməlidir...
Bu adamlar hələ də oyanmaq istəmirlər!
Həm etiraf edirlər ki, ölkə iqtisadiyyatının yeni modelə keçməsinə ehtiyac var, həm də köhnə təsəvvürlərini davam etdirir və manatın xilası kimi dar bir iddia üzərində laflar qururlar. Azad iqtisadiyyat yaratmadan yeni modelə necə keçmək olar? Rəqabətli bazar qurmadan, monopoliyanı ləğv etmədən, korrupsiyanı aradan qaldırmadan nə dəyişəcək, manat necə xilas olunacaq və olunsa nə dəyişəcək ki! Manatın kursu indiyəcən sabit idi, köklü heç nə dəyişməmişdi. Bir qrup varlanırdı, qalan problemləri də neft pulları ilə pərdələyirdiniz, iqtisadiyyat da avtoritar düşüncənin, korrupsiyanın caynağında inildəyirdi. Qısa desək, neft pulları ilə görülən işlərdən yapışıb uğurdan danışır və bu gün özünüzün etiraf etdiklərinizi illərdir söyləyənləri düşmən adlandırırdınız! 
Indi bütün paxırlar üzə çıxıb və çox qiymətli etiraflar edirsiniz!
...Elman Rüstəmovun “manat ucuzlaşmayacaq!” yalanına xalq o qədər qızğındır ki, onun son müsahibələrində necə ciddi etiraflar söylədiyinə kimsə fikir vermir. Adam manatın dollara bağlı, iqtisadiyyatın da neft gəlirlərindən və dövlət investisiyalarından asılı olduğunu deyir ki, bunlar da indiyə qədər danışılan rəsmi inkişaf nağılının tam təkzibidir. Yuxarıda dediyim kimi, indiyəcən bu sözləri deyənləri nəinki müxalifət və ya radikal müxalifət, hətta düşmən adlandırırdılar. 
Gəlin diqqət edək: “2015-ci il çətin olacaq və əsas məqsəd iqtisadiyyatın şaxələndirilməsi, yeni iqtisadi artım modelinə keçid və resurslardan asılılığın azaldılmasıdır”. Bu fikri sərrast və ağıllı tənqidləri ilə tanıdığımız müstəqil mövqeli iqtisadçı Rövşən Ağayev deməyib, Elman Rüstəmöv söyləyib.
Amma bu qədər ciddi etiraflardan sonra da eyni düşüncəni davam etdirirlər. Manatı xilas etmək üzərində plan qururlar. Bütövlükdə ölkəni xilas etmədən, ölkəni çürüdən bəlalardan təmizlənmədən bu planlar yalnız Elman Rüstəmovların işinə yaraya bilər və hətta pul emissiya çapından gəlir gətirən bu qoçaqlar ən ağır etiraflar altında da xalqı aldatmaqda davam edirlər.  
Baxın, dünəndən manatın dollara nisbətən kursu yenidən oynayıb və hər yanda təlaş hiss edilməkdədir. Hamı da hər şeyi bilir - hökumətin izahı olmadan da. Hamı bilir ki, manat yenə ucuzlaşacaq  - bu, qaçılmazdır və bunu bilmək üçün çox böyük ağıl işlətməyə gərək yoxdur. Milli Bankın valyuta ehtiyatları ilə bağlı rəqəmlərdəki azalmanı şərh edən iqtisadçını dinləyən hər kəs başa düşür ki, manat indiki halını qoruya bilməyəcək. Üstəlik, fərqli metodlar da var. Mütəxəssislər üçün bunu bilmək heç vaxt çətin olmur. 
Mütəxəssis olmayana da çətin deyil. Ayağındakı corab da sənin ölkənin istehsalı deyilsə, dünyaya satdığın bir şeyin yoxdursa, satdığın da qiyməti ölən neftdirsə, yediyin dolmanın tərkibi də əsasən dollarla alınırsa, daha manatın nə halı qalacaq dolların qabağında durmağa?! Ən vacibi odur ki, iqqtisadiyyat bir qrupun əlində cəmləşibsə, nə yollasa manatın sabitliyini yaratmaq da böyük aldanışdan başqa bir şey deyil. Ölkə azadlıqlara açılmasa, bütün planların arxasında yalan və uğursuzluq dayanacaq! Manat da, sözün həqiqi mənasında, xilas olmayacaq!

 Şahvələd Çobanoğlu

скачать dle 12.1