Talanı yox, “Talana son!” deyənləri hesablayanlar

7-04-2015, 15:37
0
Talanı yox, “Talana son!” deyənləri hesablayanlar
Bizim ölkədə mitinq sayanların çoxillik stacı var. Bəlkə də ən sadə həndəsi fiqurun sahəsini hesablaya bilməyənlər də tezcə vur-çıx edir, toplayır, bölür və obyektiv görkəm alıb nəticə elan edirlər: meydanda 500 nəfər vardı, 500!
ANS nə zamansa metod irəli sürmüşdü, sehrli kamera ilə ərazinin sahəsini hesablayır, hər kvadrat metrə neçə nəfər düşdüyünü deyir və 500-1000 nəfər çıxarırdı. Ərazi də həmişə 500-1000 nəfərlik olurdu nədənsə.  
Bizdə mitinq olanda ölkə sanki iki hissəyə bölünür, mitinqə gedənlər və onların tərəfdarları, bir də mitinq sayanlar. Bəziləri obyektiv görünmək üçün Daxili Işlər Nazirliyinin elan etdiyi rəqəmdən bir az artıq söyləyir hesabını... 
Nə düşüb bu adamlara? Kim soruşub onlardan? Futbol matçının hesabını yazırlar? Bəlkə də nə vaxtsa, mitinq olan günün sabahısı mitinqi sayanlar eyni meydanda aksiya keçirdilər. Hərənin də əlində “Cəmi 500!” yazılmış plakat olacaq. Onlar bütün dünyaya bəyan edəcəklər ki,  dünənki mitinqə cəmi 500 nəfər çıxmışdı. Dünya birliyi gərək bunu bilə! Çünki dünya birliyi hələ də bu ədalətsizliyə dözür və bəyan etmir ki, Azərbaycanda müxalifətin mitinqinə cəmi 500 nəfər gəlib. 
Amma siz bu mitinq sayanların nə vaxtsa başqa bir şeyi saydığını gördünüzmü? Mitinq sayan TV-lərdə bu ölkədəki talana aid bir hesablama seyr etdinizmi? Qəzetlərində rüşvətə, oğurluğa aid bir kiçicik araşdırma, təxmin oxudunuzmu? Respublika miqyaslı layihələri demirəm, kəndinə, qəsəbəsinə, şəhərdə yaşadığı küçəsinə çəkilən xərcin hesabını apardığını gördünüzmü? Necə olur ki, heç vaxt ölkədəki talanı hesablamayan adamlar, mitinqlərdəki bu qədər adamı birnəfəsə sayıb, lazım olan rəqəmi deyirlər? 
Bir neçə il öncə idi... Yenə də mitinqsayma mövsümü idi. Təzəcə mitinqsayma işinə girişmiş bir tanışımıza sual verdim ki, bir halda bir meydan adamı asanlıqla sayır, 1 dəqiqə ərzində insanın göz qırpımlarını saya bilərmi. Bu qoçaq 1 dəqiqədə 35 göz qırpımı sanadı. Ona deyəndə ki, normalda insan 1 dəqiqədə gözünü 150 dəfə qırpa bilir. Dedi bunu neçə ölçübsünüz, ola bilməz! Daha sonra söylədim ki, niyə etiraz edir, burda nə var ki, ağcaqanad bir saniyədə azı 500 dəfə qanad çalır. Bu zaman daha kəskin etiraz etdi. “Ola bilməz!” deyə bağırdı. Gülməli o idi ki, ağcaqanada aid bir hesaba etiraz edən, bunu saxta sayan, az qala mitinqdəki kimi sloqan qışqıran bir adam bütöv bir xalqın taleyinə görə saxtakarlığa, yalana etiraz edənləri azaltmaqdan ləzzət alırdı! 
Tutaq ki, cəmi 500 nəfərdir etiraz edənlər! Lap 50 nəfərdir! Məgər onlar etirazlarında haqsızdırlar?! Düz demirlər?! Talan yoxdur? Manatın kursunda xalqı aldatmadılarmı? Məgər bu həqiqət deyil?! Mitinqə gələn azdırsa, hökumət düzmü edir, haqlıdırmı? 
Unutmayaq ki, minlərlə adam bu qədər repressiyadan, təqib və təzyiqlərdən sonra meydana yığışır. Azdırsa, bundan narazı qalmaq olar, sıralara qatılmaq olar, buna sevinmək isə vicdanı itirməkdir! Həm də çoxbaşlı hiylədir bu mitinqsayma. Bəziləri bununla meydana çıxmadığına, susduğuna haqq qazandırmaq istəyir. Hakimiyyətin təbliğatını həyata keçirənlərin niyyəti aydındır, onlara qalsa, Azərbaycan cənnətdir. Amma baxırsan ki, birisi kənara çəkilib, mitinq sayır, az adamın çıxdığını deyib bu aksiyaların əhəmiyyətsiz olduğunu deyir, deməli, bəhanə axtarır, hiylə düzəldir. Soruşsan nə qədər siyasi məhbusun olduğunu deməz, hətta sayını bilə-bilə, amma mitinqi elə həvəslə sayır ki!

 Şahvələd Çobanoğlu

скачать dle 12.1