Biz də etiraf edirik ki, ölkədə olduqca maraqlı hadisələr baş verir. Amma düşünürsən ki, kaş belə hadisələr, özü də belə mühüm və ciddi strukturlarda baş verməyəydi. O halda özümüzü daha rahat və təhlükəsiz hiss edərdik...
Amma bu hadisələrdə bir maraqlı detal diqqətimizi cəlb etdi. Lap əvvəldən hamı “mətbuat belə yazırdı” və “mətbuatda belə iddia olunurdu” deməyə başladı. Mən bu ismarışlardan bir qədər təəccüb içində qaldım. Ona görə ki, mətbuatın hansı səviyyədə olduğu və hansı çətinliklər yaşadığı bir mətbuat adamı kimi mənə çox gözəl məlumdur...
Adam heç inana bilmir və qeyri-ixtiyari olaraq özündən soruşur ki, əcəba, doğrudanmı ölkədə yazılı mətbuata bu qədər diqqət var?
Bəlkə də burada da bir hiyləgərlik vardı. Hamı məsuliyyəti özündən sovuşdurmağa, hətta onu biçarə mətbuatın üstünə atmağa çalışırdı. Başqa vaxt mətbuata lağ edən, onu aşağılayan adamların birdən-birə onun yazdıqlarına bu qədər diqqət kəsilməsini hər halda başa düşmək elə də asan deyil...
Təbii ki, indi mətbuat da geniş anlayışdır. Hamının adından danışmaq və hamının müdafiə etmək çətindir. Doğrusu, məlum hadisələrlə bağlı mətbuatı bir o qədər də izləməmişəm, bilmirəm, kim necə yazıb, nə yazıb?!. Ola bilsin ki, belə mürəkkəb situasiyada da kimsə kiminləsə haqq-hesab çəkməyə, prosesləri bir növ özünün istədiyi istiqamətə yönəltməyə cəhd edib. Bunlar mümkündür və onu da qəbul edirik ki, ən azı jurnalist etikası baxımından bu, düzgün deyil–yanlış məlumat yaymaq heç kimə başucalığı gətirmir...
Amma burada bir detalı qeyd etmək yerinə düşərdi. Dövlət strukturları və eləcə də məmurlar jurnalistlər üçün nə qədər qapalı olacaqsa şaiyələrə, əsassız arqumentlərə bir o qədər çox rəvac veriləcək...
Məmurlar və dövlət strukturları mətbuat üçün açıq olmalıdır. İndi demək olar ki, bütün strukturların mətbuat xidməti var. Bir çox hallarda qərəzli, əsaslandırılmamış xəbərlərin yayılması müəyyən mənada elə həmin mətbuat xidmətlərinin yarıtmaz fəlaiyyətinin nəticəsi kimi də təzahür edir.
Aristotel deyirdi ki, təbiət boşluğu sevmir. Eyni bir uğurla iddia etmək olar ki, informasiya məkanı da, informasiya fəzası da boşluğu sevmir – dəqiq xəbər və arqumentli münasibət yoxdursa, dərhal onun yerini şaiyə və uydurmalar tutur...
Həm də bir detal da var ki, onu gərək qeyd edək. Mətbuat bu ölkədə artıq bir vaxt mövcud olmuş azadlıqlarlın sonuncu qalıqlarıdır. Ona görə də bəziləri bu qalıqları da “yığışdırmaq” üçün fürsəti əldən vermək istəmirlər. İstəməzdik bu qədər ciddi hadisələr, həqiqətən də adamın heyrətinə səbəb olan bu proseslər həm də mətbuata hücumla müşayiət olunsun...
Bir daha deyirəm ki, son hadisələrlə bağlı mətbuatın yazdıqlarını ciddi şəkildə izləməmişəm. Amma indi təqsirli bilinən bəzi insanlar haqqında mətbuat hələ bir neçə il bundan əvvəl yazırdı. Amma o vaxtlar da indi hər şeyi mətbuatın boynuna yükləməyə çalışan telekanallar onu yamanlayır və ciddi-cəhdlə indiki təqsirli şəxsləri müdafiə edirdi...
Olsun. Biz köhnə məsələləri araşdırmağın tərəfdarı deyilik – nə olubsa olub və keçib. Bugünlə və gələcəklə yaşamaq lazımdır. Mənim Türkiyə telekanallarında həmişə diqqətimi bir detal cəlb edir. Telekanallar böyük şövqlə mətbuatın yazdıqlarını xəbərləyirlər. Özü də bunları elə həvəslə edirlər ki, adam lap qibtə edir...
Amma bizdə nə var? Mətbuatı elə bir duruma gətiriblər ki, o, demək olar ki, özünün formal mövcudluq dövrünü yaşayır. Bəli, indi yazılı mətbuat formal olaraq mövcuddur və bunun səbəbini də yalnız onun özündə axtarmaq lazım deyil...
O ki qaldı mətbuatın üslubuna, biz heç vaxt qalmaqallar tərəfdarı olmamışıq, amma mətbuat hər yerdə sensasiyanı, qalmaqalları sevir. Bəli, mətbuata azacıq “səhv etmək hüququ”, azacıq “sensasiya yaratmaq imkanı” vermək və bunlara görə onu qınamamaq lazımdır ki, bu strukturlar işləyə bilsin...
Buna görə narahat olmağa dəyməz. Mətbuat bazarı olsaydı bazarın özü hər şeyi tənzimləyərdi. Hər bir qəzet oxucunu bir dəfə və ya iki dəfə aldada bilər. Oxucu görəndə ki, hansısa mətbu orqanı ucuz hay-küy dalınca qaçır, oxucunu aldadır, bir daha ona diqqət ayırmayacaq və həmin mətbu orqanı gözdən düşəcək... Elə o səbəbdən də A.Smitin bir tövsiyyəsini heç cür unutmaq olmur. O, yazırdı ki, hər şeyi bazarın öhdəsinə buraxın, “bazarın gizli əli” özü hər şeyi nizamlayacaq...
İndi isə soyuq olsa da papaqları yazılı mətbu orqanları və bir də bu orqanların jurnalistləri qarşısında çıxarmaq lazım gəlir. Ona görə ki, onlar qeyri-mümkün və hətta tamam əlverişsiz şəraitdə faktiki olaraq qeyri-mümkün olanı edirlər...
Nəzərov Elşən