Hər gün 1 aprel, hər yanda yalan

2-04-2015, 15:39
0
Hər gün 1 aprel, hər yanda yalan
1 apreldə oyanırsan yuxudan... əvvəlki hisslər artıq yoxdur!  Kiməsə yalan danışmaq, aldadıb zarafat etmək, gülmək, əylənmək... Mən onsuz da bir gün öncədən elə gündə idim ki, çətin kimsə məni güldürə bilərdi. Intiqam Əliyevin məhkəməsindən reportajı oxumuşdum, bu məzhəkədə dindirilən qızı ilə Intiqam müəllimin söhbətindən xəbər tutmuşdum. Nə qədər nikbin adam olsan da, bundan sonra bir neçə gün qanıqara gəzməmək üçün gərək artistlik etməyi bacarasan.
Il boyu hər yerdə yalan eşidirsən, həm də öz dövlətin rəsmən sənə yalan danışır. Manat olayını götürün, bir ay dedilər ki, manat ölməyəcək, səhər oyandıq ki, manatın dizi qırılıb, onun əvəzinə sənin xalqın axsayır...
Inkişaf belə gəldi, yüksəliş elə getdi. Bağ belə, bostan belə. Bütün il boyu adamla məzələnirlər. Mürəbbə festivalı, Avropa oyunları, ispan futbolçusunun yaxasında milyonlara başa gələn Azərbaycan adı və ağzı bağlanan insanlar, səsi boğulan toplum, siyasi məhbuslar, 21-ci əsr...
Bundan sonra 1 apreldə yalan günü, zarafat günü eləmək ən azı asan deyil. Bəlkə çıxım deyim ki, bu gündən bizdə məhkəmələr ədalətli qərar verməyə başladı. Adamı söyərlər, xalqla bu qədər məzələnmək olar? Bəs nə deyim onda? Məsələ, manatda da deyil axı, bu qədər yalan olar?! Son günlərin şüarı “Talana son!”dur, amma ilin şüarı “Yalana son!” olmalıdır. 
Ona görə də, həqiqətin bu qədər dəyərsiz olduğu ölkədə adam zarafatla olsa da yalan tamaşası qurmağa utanır hətta. Çoxlarına boş söz görünür HƏQIQƏT kəlməsi, amma başı yalanın daşına dəyəndə hər kəs anlayır ki, onsuz həyat məşəqqətdir. Həqiqət barədə yazdığım bir sözü bu aldatma günündə də xatırlatmaq istəyirəm: “Həqiqət bir ölkə üçün çörəkdən qiymətlidir, çünki o olmayanda biriləri digərlərinin çörəyini əlindən ala bilir”.
Onsuz inkişaf da, rifah da yoxdur bizim çağımızda. Manatın dəyəri ölən gün hamı bəlli qədər anladı ki, manatı da öldürən yalan oldu. Bütün bunlardan sonra bilmirəm 1 aprel bizə lazımdırmı? Şənləməyə qalsa, bizə daha çox lazımdır belə günlərdən, aldatmağa qalsa, bizi hər gün aldadırlar, hər gün 1 apreldir. 
Bir şeyə sevinirsən ki, sən özün həqiqəti deyənlərin içindəsən. Yayğın bir fikir var həqiqəti deyənlər və yazanlar barədə, guya bunun heç bir faydası yoxdur, biz nəyəsə nail ola bilmirik. Ölkədə dəyişikliklər olmur axı. Amma yanlış böyükdür. Biz həqiqəti deməklə insan üçün az şeyə edə bilsək də, insanlıq üçün çox şey edirik. Yəqin bu aforizm yadınıza düşdü. 1969-cu ildə bu sözləri kosmonavt Nil  Armstronq Aya uçduqdan sonra söyləmişdi: “Biz kosmosa uçmamışıq, amma üstündə durduğumuz torpaqda baş verən yalanın kosmik sürəti qarşısında dayanmağa çalışır və həqiqəti söyləyirik”. 
Həqiqəti söyləyənlərin bir qismi həbsdədir. Onlar həbsdən də yalanla döyüşürlər. Məsələn, son dövrlərdə Xədicə Ismayılın məhbəsdən yazdıqlarının cəmiyyətə ruh verdiyini görməmək mümkün deyil. Ilqar Məmmədovun sonuncu yazısı isə bizim sərhədləri aşır və Avropanı həqiqətlə üz-üzə qoyurdu. Ona görə deyirəm ki, həqiqəti deyənlər və yazanlar ola bilsin insan üçün hazırda çox kiçik şeylər edir, amma inşalıq üçün böyük işlər görürlər. Yalanı pərt edirlər, yalanı ifşa edirlər, onun təntənəsini öldürürlər. Bu, böyük xidmətdir. Çünki yalanın yaşamaq haqqı yoxdur! Çünki yalanla bir ailə salamat qala bilmir, o da var bütöv bir ölkə ola!
Sonda istəyirsiniz gülmək üçün də bir şey deyim, lətifəsiz-yumorsuz gülün: 
- Bizim ölkədə həqiqət zəfər çalıb!

 Şahvələd Çobanoğlu

скачать dle 12.1