Bir il böyük müddət olmasa da...

3-01-2016, 17:43
0
Bir il böyük müddət olmasa da...
Bu il Vladimir Putinin gurultulu layihəsinin – Avrasiya İqtisadi Birliyinin yaranmasının  birinci ili tamam oldu. Bu il Birliyə sədrlik artıq Qazaxıstanın sərəncamında olacaq...
 
Mən bu məsələyə diqqət ayırmazdım. Sadəcə, mövzu günümüzlə çox orqanik şəkildə səsləşir. Əslində mən bu bir ili böyük biabırçılıq ili kimi adlandırardım... 
Elə əvvəldən məlum idi ki, bu bir il böyük fiasko olacaq. Avropa Birliyilə bəzi ölkələrin assosiasiya sazişi imzalamasının qarşısını almaq üçün V.Putin də ortaya bu “ideya”nı atdı...
Amma məsələnin gülünc tərəfi nədədir? İqtisadi azadlıq arealı dönüb iqtisadi sanksiyalar məkanı oldu. Əvvəlcə Avropa ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq etdi. Rusiya da buna özünəməxsus tərzdə cavab verdi – özünün iqtisadi və siyasi partnyorları ilə ticarətə bəzi məhdudiyyətlər qoydu... 
Ona görə ki, bir çox Avropa malları və məhsulları Belarusdan və Qazaxıstandan keçməklə Rusiyaya daxil olmağa başladı. Rusiya da düşündü ki, nə etsin, nə etməsin və durub adı çəkilən ölkələrə məhdudiyyətlər qoydu...
Deyə bilərsiniz ki, bir il böyük bir mexanizmin işə düşməsi üçün çox azdır və bir az da gözləmək lazımdır. Kimsə hətta deyə bilər ki, elə assosiasiya sazişini imzalayan ölkələr də bir şey əldə edə bilməyiblər...
Əvvəlcə onu deyək ki, assosiasiya sazişinin dividentləri artıq gəlməkdədir və bu il onu imzalayan ölkələrin Şengen ölkələrilə vizasız rejimə keçidi baş tutacaq. Üstəlik, Avropa bazarları da bu ölkələrin üzünə açılacaq. Yenə də deyə bilərlər ki, bəs bu ölkələr Avropaya nə çaıxaracaq? Cavabımız bu olacaq ki, hər halda nəsə tapacaqlar...
Avrasiya İqtisadi Birliyinə gəldikdə isə, çoxu, xüsusən də N.Nazarbayev ehtiyat edirdi ki, Birlik Rusiyanın əlində siyasi instrument olacaq. Amma bu gün artıq bu haqda gələcək zamanda deyil, indiki zamanda danışmaq lazım gəlir – Birlik çoxdan Rusiyanın instrumentinə çevrilib... 
Sanksiyalar Rusiyanı demək olar ki, boğur. Ötən ilin sonlarında V.Putin sanksiyaların və böhranın pik vaxtının artıq arxada qaldığını desə də heç kim ona inanmır. Əksər Rusiya təhlilçiləri bu fikirdədir ki, bu il ölkəni böyük böhran gözləyir...
Mən Rusiya haqqında niyə çox yazıram? Bunun birinci səbəbi odur ki, o, az qala “qulağımızın dibindədir” – orada bir külək əsən kimi dərhal burada da öz təsirini göstərir. 
Özü də bu proses tək Rusiyanın özündən başlanğıc götürmür- bir çox siyasi rejimlər sonuncu sığınacaq kimi bu ölkəni görürlər...
Bizim hakimiyyət də bu mənada isitisna deyil. Onlar da Qərbdən də, elə öz cəmiyyətlərindən də gizlənməyin ən “etibarlı” yolunu Rusiyaya sığınmaqda görürlər...
Amma sizi inandırıram ki, Rusiya özü bu yaxınlarda sığınmağa yer axtaracaq. Fəqət, məsəl var, deyirlər ki, cəhənnəmə gedən özünə yoldaş axtarar...
Bu il neftin rekord həddə ucuzlaşacağı görünür. Artıq ABŞ da öz ehtiyatlarını bazara çıxaracaq. Biz hələ istehsal güclərini artırmağı düşünən İranı demirik...
Bəli, İran bir neçə il sanksiyalara dözə bildi. Rusların da bir qismi düşünür ki, bazar iqtisadiyyatı ölkənin yenidənqurma ərəfəsindəki dövrlə müqayisə edilməsini mənasız edir. Amma belə müqayisələr artıq mütəmadi xarakter və xəbərdaredici forma alıb...
Rusiyada nə baş verir? Ölkə bir adamın simpatiyası və kaprizlərilə idarə olunur. Getdikcə bu, daha qabarıq və bariz görünür. Bir vaxtlar rusiyalı yazar kütləsi B.Yeltsinə “çar Boris” deyirdi. Amma əsl çar indi gəlib və onun adı Valdimirdir...
Elə bil insanların dili-ağızı qıfıllanıb. Qəzet səhifələrində baş verənləri kritik şəkildə anlamaq cəhdləri az deyil. Amma bunlara reaksiya yoxdur. Əslində bu ölkə faktiki olaraq real müxalifət olmadan yaşayır...
Həm də Krım çoxunun dilini qıfılllayır. O Krım ki, onun əhalisi indi az qala işıqsız və qazsız yaşamağa məhkum olub. Həmişə olduğu kimi Rusiya yenə də böyük və acdır...
Belə vəziyyət hələ rusları qane edir. Ən dəhşətlisi isə V.Putinin davranışıdır. O Türkiyə tərəfindən təyyarə vurulandan sonra siyasi isterikadan özünə yer tapa bilmir, elə hər gün Türkiyəyə qarşı nəsə edir, nəsə deyir. Ümumi hesabla da heç nə edə bilmir...
Güman edirik ki, vaxt keçdikcə bu isterikalar daha da dərinləşəcək. Ona görə ki, insanları nə iləsə məşğul etmək lazımdır... 
Amma o, bir şeyi unudur. Çörək yeməyin məqamı gələndə bir qayda olaraq insanları heç nə ilə məşğul etmək olmur...
скачать dle 12.1