Manatı da yalan yıxdı

28-02-2015, 15:43
0
Manatı da yalan yıxdı
Təsəvvür edin ki, sizi özünüzə yaxın saydığınız adam aldadıb... 
Hamı da gözəl bilir ki, bütün xalqlarda, bütün dövrlərdə insanlar onları yandırıb-yaxan bu cür vəziyyətlə üzləşərkən eyni ritorik sualı səsləndirməli olur və “Əgər sizi öz yaxın adamınız aldadırsa?!” deyə ah çəkir!
Əslində hər şey aydındır. Cavaba, izaha da gərək olmur bu söz deyiləndən sonra.  Aydındır ki, hamını yandırar o cür yalan. Həm də çox pis yandırar! 
Amma o da var ki, əsrlər boyu bu suala sualla cavab verənlər tapılır: “Əgər səni aldadırsa... o, yaxın adam ola bilərmi?”
Manat olayında da xalq onu aldadan hökumətə elə bu sualı vermiş oldu - kimi dilində, kimi ürəyində. Dalbadal bir neçə gün  “manat ucuzlaşmayacaq” deyib, yaxın adam kimi can yandırıb, qayğılanıb, gerçəkdə isə hər kəsin başının altına yastıq qoyub aldadan hakimiyyət bircə səhərə hamını dəhşətə gətirdi. Eynən yuxarıdakı sualla alışıb-yandı insanlar. “Əgər sizi öz yaxın adamınız aldadırsa?!” söyləməsələr də, “əgər sizi öz hökumətiniz aldadırsa?!” deyib hərə ürəyini bir azca boşaltmış oldu!
Həmin səhər manat yalan dedektoru rolunu oynadı!
Biz illərdir ölkənin yalanla idarə edildiyini söyləyir, dəlillərlə sübut edirik, amma bir inanan vardısa, biri də əhəmiyyət vermirdi buna. Guya belə də olar. Guya böyük faciə deyil yalanın ortalıqda dolaşması, meydan sulaması. Guya hökumətin yalan danışması bizi çox da narahat etməli deyil. Amma bircə günün içində hamı gördü ki, yalan nələrə qadirdir.
Əvvəllər də biz həqiqət barədə nəsə yazırdıq, bu isə çoxlarına sadəcə pafos kimi görünürdü. Amma ötən illərdə yazılarımın biri belə adlanırdı: “Həqiqət bir ölkə üçün çörəkdən də qiymətlidir”. Bu ad bilirsinizmi necə yaranmışdı? Görəndə ki, bu ölkədə həqiqətə yarım kiloqramlıq çörək qədər qiymət qoyulmur, onda onu çörəklə müqayisə etmişdim. Yalanı idarəçiliyin əsas vasitəsi kimi qəbul edən hökumətimiz də o cür davranır həqiqətə münasibətdə, onun yalanlarından söz salan kimi şəhərdəki abadlıqdan, Bakı bulvarının necə gözəl olmasından bəhs edir. Hansısa uzaq ölkədən bir ətək pula alınıb gətirilmiş ağac həqiqətdən üstün sayılır bizdə.
Amma manat olayı da göstərdi ki, həqiqətin qiyməti əvəzsizdir, həqiqət doğrudan da bir ölkə üçün çörəkdən qiymətlidir, çünki həqiqət olmayanda kimsə kiminsə çörəyini əlindən alır.
Indi iqtisadçılar manatın ucuzlaşmasının səbəblərini təhlil edir. Amma illərdir ölkənin neft iynəsinə oturduğunu deyirdi onlar. Bəs yalan imkan verirdimi ki, onların səsi, sözü eşidilsin? Yaltaqlar imkan verirdimi ki, onlar sözünü bitirsin? Onların Inkişafına söz demək olardı! Yalnız inkişaf nəğmələri danışırdılar! Inkişaf bunların tanrısı idi. Uydurduqları tanrı. Bütün təriflər, bütün mədhiyyələr bunun üstündə qurulurdu! Hərə bir rəqəm səsləndirir, hamı “ura!” deyirdi! Yaşasın inkişaf! Yaşasın inkişafı inkişaf etdirən!
Kiməsə imkan vermirdilər ki, sabah barədə həqiqəti söyləsin, müzakirəyə çıxarsın, Azərbaycanın gerçək durumunu, hara üz tutduğunu dilə gətirsin. Axı bizim ölkənin başqa nə dərdi var?! Başqa cür düşünmək, başqa cür danışmaq düşmən dəyirmanına su tökməkdir. Efirdə isə yalnız qaynana-gəlin problemindən danışmaq olar!
Bu da axırı. Manat bir gecədə bütün yalanları açıb tökdü süfrənin ortasına. Manat yalan dedektoruna  çevrildi.  Fəqət manatın özünü də yalan yıxdı!

 Şahvələd Çobanoğlu

скачать dle 12.1