Ədalətsizliyin qurbanı olan Ədalətlilər ailəsi

11-02-2015, 15:46
0
Ədalətsizliyin qurbanı olan Ədalətlilər ailəsi
Soyadları Ədalətli olan bu ailənin ədalət qurumlarından gördüyü zülmü yazmadan öncə xatırladım ki, həmkarımız Xədicə İsmayıla dünən 4 maddə üzrə yeni ittihamlar irəli sürülüb. Baş Prokurorluq jurnalisti Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə günahlandırır. Bunun nə qədər absurd və gülməli olduğunu kiməsə izah etməyə belə ehtiyac yoxdur, çünki apardığı araşdırmalara və nəhəng korrupsiya hallarını üzə çıxardığına görə Xədicə xanımdan qisas alındığını hamı bilir. Bunu inkar edənlər də hər şeyi bilir. Ümumiyyətlə, belə olaylarda toplum həqiqətin necə olması barədə kifayət qədər məlumatlı olur. Bir sözlə, Xədicənin tam günahsız olduğu da ölkəyə yaxşı bəllidir.
 
Düzdür, bizim cəmiyyətdə onu da yaxşı anlayırlar ki, ədalətsizliyin əhatəsi, qanunsuzluğun miqyası onların bildiyindən qat-qat artıqdır, amma əksəriyyət çox dəhşətli olaylardan xəbərsiz qalır. Bəzən xəbər məkanının mərkəzində olan jurnalistlər də dəhşətli haqsızlıqlardan xəbər tutmur. Yaxud müstəqil KİV-lərin yox dərəcədə olmasına görə hadisələr cəmiyyətə kifayət qədər çatdırılmır. 
 
Ədalətli ailəsinin taleyi də ölkəyə kifayət qədər bəlli deyil. Bu barədə zaman-zaman yazıblar, amma onlara edilən zülmün əhatəsi tamam təsvirini tapmayıb, üstəlik, bu ailənin yeni-yeni haqsızlıqlarla üzləşməsi də tamamlanaq, bitmək bilmir.
 
Ata – 1952-ci il doğumlu Babək Ədalətli 2013-cü ildə şərlənərək həbsə atılıb, olmazın işgəncələrə məruz qalıb, daim basqılar və əngəllərlə üzləşir. Babək Ədalətli 1988-ci ildən xalq hərəkatına qoşulmuş bir ziyalıdır. Ailəsi iddia edir ki, ona qərəz birmənalı olaraq siyasi fəaliyyəti - Xətai adına Demokratik Partiyasının sədri olması ilə bağlıdır. Lakin Babək Ədalətlinin şərlənməsini və amansız işgəncələrə məruz qalmasını vəkilləri və ictimaiyyət birmənalı şəkildə qəbul edir. İxtisasca həkim olan Babək Ədalətli isə narkotik ittihamı ilə tutulmasını təkcə şər yox, özünə qarşı təhqir sayır. 
 
Təəssüf ki, onun ailəsinin nələrə məruz qalması isə ictimaiyyətə bəlli deyil. Babək Ədalətlinin bir oğlu atasının məhkəməsi ərəfəsində amansızcasına döyülüb. Faktı araşdırmaq əvəzinə, hüquq-mühafizə orqanları bu olayla bağlı cinayət işi açmaqdan imtina edib.
 
İkinci oğlu həmin ərəfədə keçirdiyi stressdən xəstələnib – yataq xəstəsidir, indi də çox ağırdır. Ailə hər tərəfdən basqı və əngəllə üzləşdiyi üçün xəstə oğulun müalicəsi üçün maddi imkanları da yoxdur. Digər qardaş deyir ki, onu ölümdən qurtarmaq üçün yaşadıqları yeganə mənzili satmaq istəyirlər.
 
Ailəyə dəyən zərbələr bununla da bitməyib. Ötən ilin dekabrında isə Ədalətlilər növbəti zərbəni aldı. Ailənin qız övladı işdən evə gələrkən maskalı adamlar tərəfindən oğurlandı, atasının və qardaşının susması tələbi hədələndi, hətta ailənin nəvələri bu hədənin ünvanına salındı. Emil Ədalətli  deyir ki, ədalət orqanlarına müraciət və şikayətləri bu dəfə də nəticəsiz qalıb. 
 
Atanın həbsi, oğulun ağır xəstəliyə düçar olub canı ilə əlləşməsi, digər oğulun döyülməsi, qızın oğurlanıb hədələnməsi... Az deyil, elə deyilmi? Lakin indi də səksəkə içində yaşayan Ədalətlilər ailəsi bundan sonra da nəsə baş verməyəcəyinə əmin deyillər. 
 
Kim əmin ola bilər?! Ədalətlilərin taleyi də bu əminliyi vermir və Ədalətin bu ölkədəki durumu da!

 Şahvələd Çobanoğlu

скачать dle 12.1