Dünyada ən çətin iş proqnoz verməkdir. Təkcə ona görə yox ki, bu iş mahiyyətinə görə çətin bir işdir. Ona görə çətindir ki, insanlar adətən xoş fikirlər, xoş xəbərlər və xoş müjdələr istəyirlər. Bu isə heç də həmişə asan olmur...
Elə illər olur ki, o, xüsusi bir təhlil olmadan da proqnoza gəlir. Bu mənada 2016-ci il də istisna deyil. Ötən ilin sonunda biz hərtərəfli böhrana girdik və o, onunla əlamətdar idi ki, hələ başlanğıc idi - hətta astroloqlar da deyir ki, meymun ili qoyun ilində basdırılmış “minaları” partlatmaqla məşğul olur. Ötən il qoyun, bu il isə meymun ilidir. Təbii ki, mən bunu elə-belə, bir qədər o çətinlikləri unutdurmaq üçün deyirəm - heç bir vaxt astroloqlara inanmamışam və sizə də onlara inanmamağı məsləhət görürəm...
O ki qaldı siyasi və iqtisadi təhlillərə, bəli, onlara inanmağa dəyər. Əslində onlar bildiklərimizdən artıq bir şey də demirlər. Bəli, aydındır ki, hökumətə bu il daha bir dəfə “yalan” danışmaq lazım gələcək – gəlirlərimiz düşməkdə və azalmaqda davam edir, neftin qiymətinin qalxacağına isə elə bir ümid yoxdur.
İran bir tərəfdən, ABŞ da öz ehtiyatlarını bazara çıxarmaqda israrlıdır və bəzi xəbərlərə görə bu, artıq baş verib...
İl siyasi cəhətdən də gərgin notlarla başladı – Səudiyyə Ərəbistanı İranla əsl diplomatik savaşa çıxdı. Bu, hər halda bir əlamətdir. O deməkdir ki, ən azı bu il də Suriyada sülh gözləməyə dəyməz. Ona görə ki, bu iki dövlət Suriya məsələsində müxtəlif cinahlardadırlar...
Özümüzə gəlidikdə isə yaxın dövr üçün ən diqqət çəkən hadisə ABŞ-ın Azərbaycana qarşı sanksiya tətbiq edə bilməsi ehtimaldır. Təbii ki, hələ bu xüsusda ciddi bir söz demək asan deyil. Amma Azərbnaycanın da ABŞ-a qarşı cavab “sanksiyası” tətbiq etmək istəməsi bizi bir qədər şübhələndirdi- belə təxmin etdik ki, ölkənin ABŞ konqresinə təsir etmək üçün resursları bir o qədər də böyük deyil...
Fəqət, biz bu resursları tükənmiş hesab etmirik. Güman edirik ki, onlar hələ var. Hər halda konqresdə yəhudi, türk və neft lobbisi var. Lazım olanda onları hərəkətə gətirmək olar. Həm də ABŞ prezidentinin də veto hüququ var ki, bu da az əhəmiyyətli məsələ deyil...
Amma Azərbaycan hakimiyyəti nə istəyir? Bax, bunu təxmin edə bilmirik. Bu xüsusda yalnız onu deyə bilərik ki, hökumət ABŞ - la münasibətləri yoluna qoymağa elə də meylli deyil. Bilirsiniz, məsələ nədədi? Hökumət öz siyasətini artıq pərdələmək istəmir, sanki demokratik sistem immitasiya etmək onu da bezdirib. Amma bundan uduzan bütövlükdə cəmiyyət, xüsusən də demokratiya tərəfdarları olacaq. Onlar onsuz da az qalıblar. Bir azdan sonra isə demokratiya tamam qalmayacaq, onun yalnız tərəfdarları qalacaq. Onlar da gözə görünməyə, nəzərə çarpmağa elə də meylli deyillər, çünki bu təhlükəli bir məşğuliyyətdir...
Fəqət, hakimiyyət bəzi şeyləri nəzərə almalıdır. Əgər bu gün müxalifət yoxdursa və ya olduqca zəifdirsə bu, o demək deyil ki, o, daha heç vaxt və heç bir şəraitdə olmayacaq...
Hazırda insanlar arasında narazılıq böyükdür. Düzdür, bu, fəal narazılıq deyil, di gəl, Azərbaycanda əsl seçkilər keçirilsəydi hökumət üçün çox da yaxşı olmazdı. Sosial narazılıq çətin proqnozlaşdırılan məsələdir. Bir də görürsən ki, elə bir yerdən başlayır ki, adam onu irəlicədən heç ağlına da gətirə bilmir...
Həm də vəziyyətin gərginləşəciyi təkcə Azərbaycanda güman edilmir. Qonşu Rusiyanı da çox ağır günlər gözləyir. Əslində biz hamımız daha çox Rusiyanın yaratdığı çətinlikləri “qaşıqlamaqla” məşğuluq. Qərb Rusiyadan əl çəkməyəcək və bunu təxmin etmək heç də çətin məsələ deyil. Düşünürük ki, bu il Qərbin Rusiyaya həmləsi üçün həlledici il olacaq...
Bizim hakimiyyət də çətin vaxtda Rusiyaya sığınmağı güman edir. Amma elə bir vaxt gələcək ki, Rusiya özü sığınmağa bir yer, ünvan axtaracaq...
Bir məsələ də var. Bizim hakimiyyət düşünür ki, bəzi məmurlarını özü ifşa etməklə cəmiyyətin rəğbətini qazanır. Amma cəmiyyət heyrət içində donub qalır. Dodaqlardan bir sual oxunur: İlahi, gör, biz nə gündəyik?!.
Həm də sistem dəyişmədikcə belə “profilaktik” tədbirlərin nəticə verəcəyinə bir ümid yoxdur: bir kadr gedir, o birisi gəlir və gələnlərin birinci işi gedənlərin iqtisadi strukturlarını ələ keçirmək olur və bu minvalla hər şey elə əvvəldə olduğu kimi davam edir- cəmiyyətin və ölkənin mənafeyi ən sonuncu anda yada düşür, əksər hallarda isə heç düşmür...