İlham Əliyev inkişaf nağılına düzəliş edir...

3-02-2015, 15:48
0
İlham Əliyev inkişaf nağılına düzəliş edir...

- 2015-ci il sınaq ili olacaq;

- Bu il gəlirlərimiz azalacaq;

- Israfçılığa yol verməməliyik;

- Bizim dövlət nümayəndələrimiz vəsaitin qədrini bilməlidirlər;

- Prioritet olmayan layihələrə razılığımızı verməyəcəyik;

- Subsidiyalar fermerlərə çatmır;

- Manat bahalaşmamalıdır və s.

Bu fikirlər Ilham Əliyevin ilin əvvəlindən bu yana rəsmi tədbirlərdə, yəni ötən ilə və qarşıdakı dövrə həsr olunmuş hökumət iclaslarında söylədiyi çıxışlardan götürülüb. Bir anlığa düşünməli olursan, haradan hara gəlmişik...

Siz indiyəcən bizi çətinlik və sınaq gözlədiyini eşitmişdinizmi bu cür tədbirlərdə? Gəlirlərimizin azaldığını kimsə dilə gətirə bilərdimi? 

Ah... Bu necə olur, bizim manat ucuzlaşa bilər heç?!

Belə tədbirlər hər il bir neçə dəfə keçirilir və orada yalnız yaxşı xəbərlər, uğurlar səslənir, analoqu olmayan inkişafımız haqda fikirlər söylənilirdi. Bu tədbirlərdə “bizim pulumuz çoxdur” deyilib indiyəcən, heç vaxt qənaətdən, israfçılıqdan danışılmayıb. Bütün dünyada ağır böhranın olması, bizdə isə hər şeyin çox yaxşı getdiyi deyilib həmişə. Amma indi görürsünüz ki, dünyada böhran-zad yoxdur, bizdə problemlər var. Ölkədə də bir ajiotaj yaşanır, hamı xısın-xısın manatın öləcəyindən, bahalaşma olacağından, maaşların gecikəcəyindən danışır. Artıq maaşların gecikməsi barədə xəbərlər var KIV-lərdə, müxtəlif idarə və strukturlarda ixtisarların olması və gözlənildiyini yazırlar. Ixtisar demişkən, “prioritet olmayan layihələrə razılığımızı verməyəcəyik” deməklə Ilham Əliyev layihələrin də ixtisara düşəcəyini bəyan edir.

Nə baş verir? Analoqu olmayan inkişaf nağılı bitirmi? Bəs niyə Ilham Əliyev ona düzəliş edir? 

Əslində, heç bir bənzərsiz inkişaf yox idi. Bu, YAP hakimiyyətinin təbliğat maşınının uydurması idi. Bəli, nəsə vardı, amma bu inkişaf deyildi, onun adı axıb gələn neft pulları idi. Necə gəldi xərclənən, talanan layihələrə səxavətlə paylanan neft pulları vardı. Hələ də var. Olacaq da. Indi neft qiymətdən düşüb deyə, aləm dəyir bir-birinə, çıxışlar da dəyişir, tezislər də, vəziyyət də!

Bir az keçmişə qayıdaq. Dünyada böhran yaşandığı dövrdə, AzTV hər axşam Almaniyada insanların ac qalmasından danışanda, Ilham Əliyev qlobal böhranın bizim iqtisadiyyata təsir etmədiyini deyəndə biz yazırdıq ki, böhranın bizim iqtisadiyyata mənfi təsir etmədiyi onunla bağlı deyil ki, iqtisadiyyatımız çox inkişaf edib və çox güclüdür. Bizdə  böhranın vura biləcəyi iqtisadiyyat yoxdur, ölkə iqtisadiyyatı neftin üstündə durub və neftin qiyməti dəyişmədiyi üçün böhran da təsirsizdir. Onun təsir edəcəyi bir şey yoxdur. Üstündən bir neçə il keçib, böhran arxada qalıb, neft qiymətdən düşdüyü üçün biz təsir hiss edirik. Həm də necə... 

Yəni sadəcə, neftin ucuzlaşmasını hiss edirik. Əgər bircə həftəyə neftin qiyməti ciddi yüksəliş etsə, bu təsir itəcək, ritorika dəyişəcək... TV-lərdəki analoqu olmayan inkişaf yenidən başlayacaq.

Son nəticə odur ki, ölkə iqtisadiyyatı neftin boynunda oturub, vəssalam. Ən maraqlısı odur ki, neft qiymətdən düşəndən bu yana nə hökumətin təmsilçiləri, nə hökuməti təbliğ edən iqtisadçılar bir kəlmə də danışmır bu haqda, ağzına su alıb oturublar. Hətta suyun qiymətini aşağı salmağı belə təklif eləmirlər. Görünür ki, neftdən belə vəfasızlıq gözləmirlərmiş!

 

 Şahvələd Çobanoğlu

скачать dle 12.1