90 faizlik reytinq və 90 siyasi məhbus

24-01-2015, 15:49
0
90 faizlik reytinq və 90 siyasi məhbus

Ilham Əliyev Almaniyaya səfəri zamanı söz azadlığından, Azərbaycandakı demokratiyadan danışdıqdan ikicə gün sonra tanınmış jurnalist Seymur Həziyə prokuror 6 il həbs cəzası istədi. Hətta qondarma olayın əsasında aparılmış saxta istintaqı qəbul etsək, “hadisə” sadəcə ondan ibarətdir ki, həmkarımız Seymur Həzi əlindəki su butulkasını ona hücuma keçən Məhərrəmin başına vurub. Məhərrəmə də heç nə olmayıb. Sağ-salamat ortadadır. 

Azərbaycanda hər gün hər yerdə yüzlərlə bu uydurma olayın gerçəyi baş verir. Unudulur, keçilir. Hətta onun ən ağırı polisə tuş gəldikdə uzağı bir neçə yüz manat şirinliklə unudulmuşlar sırasına qatılır. Belə hadisələr hətta gerçəkdən baş versə, onlara görə bircə iştirakçıya 6 il yox, 6-ca ay iş kəssələr, məmləkətin subaylarının çoxu türmədə olardı. Hələ siz məhkəmədə iştirak edib, olayın necə qurama olduğunu görsəydiniz, dərhal məni artıq danışmaqda qınayardınız.

Işə bir baxın ki, prokuror Məhərrəmə də 9 ay həbs cəzası istəyib. Əgər bu işdə olayı başladan Məhərrəmin 9 aylıq günahı varsa, onda Seymur Həzi niyə günahkar olur və həm də 6 il cəzaya layiq görülür. Adammı öldürdü, qanlı olaymı çıxardı?

Bəs avropalıları bu həbslərin siyasi olmadığına inandırmaq da mümkündürmü? Axı Avropa, nə qədər neftə-qaza yalmansa da, əvvəlki deyil, nə inanırlar, nə də buna susmaq istəyindədirlər. Çünki durum o dərəcədə ağır və aydındır ki, istəsələr belə susmaq mümkün deyil. Bu qədər repressiyadan sonra YAP hakimiyyətinin hələ də demokratiyanın imitasiyası illərinin gümanları ilə hərəkət eləməsi çox təəccüblü gəlir adama. 

Əvvəla, 90 siyasi məhbusla, nə oyunlar qursan belə, demokratiyanı imitasiya eləmək mümkün deyil. Ilham Əliyev deyəndə ki, 90 faiz reytinqi var xalqın arasında, istər-istəməz hamıda sual yaranır ki, bəs niyə Avropada ən çox siyasi məhbus Azərbaycandadır. 90 faiz reytinqi olan siyasi hakimiyyət 90 siyasi məhbusa niyə ehtiyac duyub?

Düzdür, suallara da ehtiyac qalmır, hamı hər şeyi gözəl bilir, Azərbaycanda nəyin necə olduğunu, kimin nə etdiyini xaricdə də, daxildə də qədərincə yaxşı bilirlər. Artıq hesabatlara, monitorinqlərə də xüsusi zərurət yoxdur. Bu qədər siyasi məhbusun olması bütün ictimai göstəricilərin qırmızı xətti keçməsi və konkret “Sos!” hesabatıdır! Bundan sonra “bizdə filan məsələ əla qurulub” demək bütün hallarda heç bir məna daşımır! 

90 nəfər siyasi məhbusu olan ölkənin rəhbərliyi bizdə nəyin yaxşı olduğuna iddia etməlidir? Məhkəmələrin ədalətinəmi? Haqların qorunmasınamı? Korrupsiyanın olmadığınamı? Yaxşı səhiyyə və təhsilin xidmətimizdə olmasınamı? Başqa nəyə?

90 siyasi məhbusu olan ölkədə Avropa Oyunları yox, dünya oyunları keçirilsə də, orada mütərəqqilikdən heç kim danışmayacaq, oradan deyilən rəsmi iddiaya kimsə inanmayacaq. Bəzən deyirlər ki, son həbslər dalğası onunla bağlı idi ki, Azərbaycan hakimiyyəti Avropa Oyunları dövründə tənqidi səsləri boğmaq istəyir. Tutaq ki, həmin səslər boğuldu, kampaniyalar keçirilmədi, amma daha pis oldu son nəticə. Bütün dünya bu oyunları boykota çağırır. Profilaktika özü başlıca problemə çevrildi, ona görə ki, onun adı gerçək siyasi repressiyadır. 

Bu “profilaktikanın” müəllifləri qaş düzəltdikləri yerdə, göz çıxardıqlarının səbəbini anlamırlar. Onlar həmişə bu üsulla çalışıblar, həmişə bu yolla təhlükənin qarşısını alıblar. Indi isə anlamırlar ki, artıq əvvəlki zaman deyil, bölgədə və dünyada dəyərlərin tarixi savaşı gedir. Belə bir zamanda dəyərləri imitasiya edib kimisə aldatmaq mümkün deyil...

 

 Şahvələd Çobanoğlu

скачать dle 12.1