Tarixin qarşısında tanklar da acizdir

20-01-2015, 15:50
0
Tarixin qarşısında tanklar da acizdir

Qanlı 20 Yanvar gününün 25-ci ilinə gəldik. Şəxsən mənim üçün belə bir tarixi məqamda həmin günləri xatırlamaq çox çətin və olduqca təzadlıdır. Bəlkə deyəcəksiniz ki, bu günün mövzusu deyil, amma Şəhidləri ehtiramla yanaşı, həmin tarixdə hansı tarixə gəldiyimizi də anmaq gərəkdir. Həm də bu ölkənin azadlığı uğrunda şəhid olanları doğru anmağın yeganə yolu elə budur...

Onlar müstəqil və azad bir ölkə arzusu ilə rus tanklarının qarşısına çıxdılar. Amma onlar sevgili Vətəndə bu qədər ədalətsizliyin, haqsızlığın, talan və yalanın olacağını təsəvvür edə bilərdilərmi?

Saxta vətənpərvərlik və dövlətçilik uydurmaları ilə indi Azərbaycanda baş verənlərə haqq qazandıran yaltaqlar bunu anlaya bilməz. Onlar həmin illərin arzularından, amallarından, planlarından xəbərsizdirlər, ya da onlar üçün bunun əhəmiyyəti yoxdur. Onlar Şəhidlər xiyabanının təmirindən, abadlığından danışa bilirlər, amma orda torpağı müqəddəs edənlərin arzularını dilə gətirməzlər.

Şəhidlər və onların müasirləri azad və ədalətli bir ölkə arzu edirdilər. Özlərinin dövlətini qurmaq istəyirdilər. Indi nə var bəs? Hər otağında şıdırğı rüşvət və yeyinti əqdləri bağlanan bir idarəçilik... Ilham Əliyevin kölgəsinə belə baş əyib bu xalqı soyan bir zümrənin ağalığı... 

Hanı bu ölkənin ədalət məhkəməsi? Hanı bu ölkədə haqqını ağalardan qorumaq üçün müraciət edəcəyin hüquq sistemi? Hanı bu ölkənin təhsili, səhiyyəsi?

Əvəzində nə var... Səsini çıxaranları boğmaqmı? Həmin illərin arzuları üçün hələ də yol gedənləri bu ölkədə çıxdaş etməkmi? Onlara xalq düşməni, “beşinci kalon”, “ünsür” damğası vurmaqmı?

Bu idimi şəhidlərin arzuladığı Vətən?

Bir dəfə mitinqdə saxlanılmışdıq. Polis zabiti mitinqə çıxmağımıza görə bizə tənə edirdi. Onunla aramızda yaşanan dialoqu bir daha sizə yazım. 

Polis zabitinə sual verdim:

- Son illərdə heç 20 Yanvar şəhidlərini ziyarət etmisinizmi?

- Əlbəttə, niyə də yox. Hər il gedirəm.

- Heç baş əymisinizmi onların məzarına, gül qoymusunuzmu?

- Kim bunu etmir ki?! Baş da əyirəm, gül də qoyuram.

- Siz bilirsiniz ki, onlar da mitinqçilər idi. Silahları-zadı yox idi, əliyalın mitinqçilər idi. Yəqin xatırlayırsınız bunu.

- Bunu kim bilmir. Rus ordusu əliyalın insanları qırdı.

Bu zaman mən dayandım və təbəssümlə onu süzdüm, təbii ki, o da nə deyəcəyimi həyəcanla gözləyirdi. Nəhayət, dilləndim:

- Hə, cənab zabit, biz də onlar kimi dinc mitinqçilərik. Çoxumuz o zaman da mitinqə çıxırdıq və o şəhidlərin arzuladığı ölkə qurmaq naminə yenə də mitinqə çıxırıq. Niyə o zaman mitinq edənlərə 20 Yanvar günü baş əyirsiniz, indi mitinq edənləri isə döyür, söyür və həbs edirsiniz? 

Polis zabiti cavab vermədi mənə. Amma o sualın cavabı çoxdan verilib. Zaman verib cavabı. Zaman göstərdi ki, Azadlıq istəyinin qarşısında tanklar da acizdir. Rus tankları adamları əzdi, amma tarixə maneə ola bilmədi. Indi də belə olacaq. Avrtoritar polis rejimi Azərbaycan xalqının azadlıq istəyinin qarşısını ala bilməyəcək. Fəalları həbs etmək onda da vardı. Öldürürdülər də! Tanklarla hücum etdilər, gülləbaran etdilər. Nə oldu sonu?

Şəhidlərlə bərabər tarixi də anın: tanklar xalqların azadlıq istəyinin qarşısını ala bilmədi. Yenə də belə də olacaq.

 

 Şahvələd Çobanoğlu

скачать dle 12.1