Bu cinayətlərə hökmü məhkəmə yox, tarix oxuyacaq...

13-01-2015, 15:51
0
Bu cinayətlərə hökmü məhkəmə yox, tarix oxuyacaq...

Kimlərsə elə düşünür ki, bizim hakimiyyətdəkilər dinc siyasi fəalları, eynəkli ictimai xadimləri, xanımları və gəncləri həbsə atdıqca özünün qələbə əzmini artırır. Artan isə təlaşdır. ABŞ-a və Qərbə qarşı ritorika da, özünü öymək nidaları da bu təlaşın sonucudur.

Ən yeni tarixin tendensiyaları son illərdə demokratik olmayan rejimlərin bütün mütərəqqi dünyaya təhlükə olduğunu bir daha anlatmış oldu. Bu haqda fikirlər açıq səslənməyə başladı. Avtoritar rejimlərin bəlalar törətməsi və yayması danılmaz faktdır. Belə idarəçiliklər həm öz xalqlarını zülmə qərq edir, həm də dünyaya sosial, iqtisadi problemlərlə yanaşı, müharibə, qaçqınlıq, terror yaymaqdadır. 

Lakin Rusiyanın Ukraynaya qəsbkar siyasəti bu haqda bir az mürgülü olan düşüncələri kifayət qədər oyatmış oldu. Ağalıq rejimləri ilə düşünülmüş mübarizə yolu seçildi. Hazırda Rusiya gözləmədiyi cəzalarla üzləşib və onun yerində oturdulması uğurla başa çata bilər. Rus xalqı demokratik idarəçilik əldə edə bilər. 

Paris olayları - satirik jurnalın redaksiyasına olan qanlı hücum isə bütün dünyanı yenidən silkələdi. Düzdür, daha çox insan hazırda bu amansız terror olayına yalnız islamla dünyəviliyin üzləşməsi kimi baxır, amma verilən ciddi mesajlardan aydın olur ki, dünya terrorun mənbəyini düzgün təyin etməkdədir. Avtoritar rejimlər terror toxumlarının cücərməsinə şərait yaradır. Təhsildən, çağdaşlıqdan uzaq olan çətin həyat, kasıblıq, ədalətli idarəçiliyin olmaması  terror üçün poliqon ərazilər yaradır. Nəzarətdən çıxan böyük pullar, korrupsiya öz töhfəsini verir. Bu dünyada həyatı alınmayan xeyli adam o dünyada həyatının alınması vədləri ilə edilən nəvazişləri qəbul edir və döyüşə atılır. Azadlıqların, o sıradan, söz azadlığının olmadığı toplumlarda buna həmişə ciddi zəmin var. 

Bütün dünya bir daha anladı ki, avtoritar rejimlər tarixin səhnəsindən rədd edilməlidir, xalqlar azadlıqlarını qazandıqda, toplumlar ədalətə və söz azadlığına yiyələndikdə, çox ciddi əngəlləri aşmaq mümkün olacaq.

Azərbaycan hakimiyyəti isə istəyir ki, belə bir tarixi şəraitdə öz xalqına və dünyaya hiylə gəlsin. Baxın, bu günlərdə nəyi müşahidə etdik! Burada jurnalistləri həbs edən, şərləyən, hədələyən, onların iş yerlərini möhürləyən bir hakimiyyət Parisdə redaksiyaya basqını lənətləmiş oldu. Amma artıq bu üsullar işə yaramır. Tarix üçün siz susduranlarsınız. Parisdə söz azadlığı üçün ağlamaq və Bakıda redaksiya bağlamaq nə bir araya sığır, nə də bununla kimsəni aldatmaq mümkündür.  

Ümumiyyətlə, aldatmaq məsələsində bizim hakimiyyət çox yanlış hesablar aparıb. Zor gücünə, repressiyalarla xalqı susdurmaq mümkün olur, amma onu aldatmaq olmur. Məsələn, düşünürdülər ki, orda-burda abadlıq işləri aparıb, inkişaf adı ilə xalqı aldada biləcəklər. Ancaq nəticə çox fərqli oldu. Nəticə budur ki, hakimiyyət öz neftinin ucuzlaşmasına sevinən xalqı görməkdədir. Deməli, onu aldatmaq həqiqətən də mümkün olmayıb.

Eynəkli ictimai fəalları, xanımları, gəncləri, yazı-pozu adamlarını həbs edib qalib görkəmi alanlardan fərqli olaraq,  tarix öz doğru yolunu daha aydın görür, təbii ki, addımlarını daha sərrast atmaqdadır. Qalib görkəmi alanlar  elə düşünürlər ki, indi etdikləri onların cinayətlərini ört-basdıq edəcək və onları aydınlığa çıxaracaq. Amma bunlar sadəcə növbəti cinayətlərdir və qarşıdan tarixin hökmü gəlir. Bəzi cinayətlərə hökmü isə məhkəmə yox, tarix oxuyur...

 

 Şahvələd Çobanoğlu

скачать dle 12.1