Onun qiymətini bilirsinizmi?

9-01-2015, 15:53
0
Onun qiymətini bilirsinizmi?

Parisdəki terror, redaksiyaya qanlı hücum, 12 nəfərin ölümü hər kəsi sarsıdıb. Müzakirələr hər yanda gedir. Terrorun mənşəyi, islamın rolu, söz azadlığı, Şərq-Qərb qarşılaşması və s. Qlobal diskurslarda müzakirələr hələ çox davam edəcək. Təbiidir, amma təəssüf ki, avtoritarizmin, ədalətsizliyin, təhsilsizliyin yaratdığı səbəbləri tezcə unuduruq.  Demokratiyanın yoxluğu, çağdaş dəyərlərə sahib olan idarəçiliyin əvəzinə ağalığın müxtəlif formalarının mövcudluğu, istismarın və korrupsiyanın dərinliyi cəmiyyətləri asanlıqla fəlakətlərə sürükləyir. Belə cəmiyyətlərin “əsərləri” olan insanlar asanlıqla terrora da uyur, başqa bəlalara da. Insan haqlarının pozulması, korrupsiya, haqsızlıq mövhumatı, radikalizmi, qəsdi gücləndirən başlıca amillərdir. 

Görünür, bütün dünya daha bir dəyərin qiymətini yenidən saf-çürük etməli, onu qorumaq üçün yenidən səfərbər olmalıdır. Bu, söz azadlığıdır! Təkcə ona görə yox ki, terrorçular söz azadlığına qanlı qəsd təşkil edib. Onlar özləri söz azadlığının olmadığı toplumlarda yetişib. Onlar söz azadlığının qurban verildiyi, əzildiyi, təhdid edildiyi, yaxud əhəmiyyətsiz sayıldığı mühitlərin “əsgərləridir”.

Ağzı yumulmuş cəmiyyət onu gözləyən fəlakətlərdən xəbərsiz yaşayır, öz ağrıları ilə baş-başa qalır. Ona edilən haqsızlığı dilə gətirməyə imkan əldə etmir. Daha pis duruma doğru gedir...

Bu günlərdə kiçik bir olayın şahidi oldum. Bakının sadə kafelərinin birində neftin ucuzlaşması müzakirə edilirdi. Söhbət oralara da gedib çıxıb, amma kimsə deyəndə ki, benzin ucuz deyil, başqa bir nəfər söylədi ki, benzin hər yerdə bahadır. “Ən varlı ölkələrdə də!” - elə belə söylədi həmin adam. Mən də söhbətə qarışdım. Söhbət edənlərin əlində smartfonlar vardı. Təklif etdim ki, internetdə axtarsınlar və dünyanın ən güclü ölkəsi olan ABŞ-da benzinin qiymətini öyrənsinlər. ABŞ da elə bizim kimi neft ölkəsidir. 

Axtarış getdi, 1 qallon benzinin ABŞ-dakı qiyməti tapıldı, 1 litr benzinin qiyməti hesablandı. Həmsöhbətlər xeyli heyrətləndilər, çünki ABŞ-da 1 litr benzinin qiymətinin 37 qəpik olduğunu müəyyən etmişdilər. Bu, onların hesabı idi, amma bilirdim ki, doğruya yaxındır.

Onda sual edildi. Nə üçün bizim TV-lərdə bunlar müzakirə edilmir ki, neft düşürsə, hökumət benzini də ucuzlaşdırsın. O zaman mən söz azadlığının, azad TV-lərin, mətbuatın neftdən böyük sərvət olduğunu bildirmək üçün nitq söyləməyə hazır idim. Lakin ortama uyğun olaraq bir-iki cümlə ilə kifayətləndim. 

2013-cü ilin sonunda benzin növbəti dəfə bahalaşdırılmışdı. Hakimiyyət bunu onunla əsaslandırdı ki, benzin qiymətini xarici ölkələrə uyğunlaşdırır. Amma o zaman növbəti araşdırmanı apardıq və bəlli oldu ki, Azərbaycan benzininin 1 tonunu öz xalqına 917 manata, xaricə 765 manata satır. 

Amma bu xəbəri müzakirə edəcək güclü azad mediası olan ölkədə həmin bəhanə keçərdimi?! Bu halda hökumət xalqı narazı sala bilməzdi. 

Elə indinin özünü götürək, “qonşu ölkələrdən daha ucuzdur” bəhanəsi bu gün dağılmalı idi, neft ucuzlaşıb, bir çox ölkələr neft məhsullarının qiymətini aşağı salıb. Xalqı sevən hökumət qiyməti aşağı salmazdımı?! Söz azadlığı yoxdur deyə, neftin iki dəfə ucuzlaşdığı dövrdə də benzini əvvəlki qiymətə almalı olursan.

Bir sözlə, məsələ benzinin qiymətində də deyil, söz azadlığındadır. Bilmirəm, onun qiymətini anlayır, qədrini bilirsinizmi? Söz azadlığı olmayanda dərdlər, problemlər o həddə gəlir ki, bir toplumda yaşadığımız insanların səsi Suriyadan, IŞID-dən gəlir. Sən sahib çıxmadığın kimlərəsə sahib çıxan həmişə tapılır.

 

 Şahvələd Çobanoğlu

скачать dle 12.1