Qudurğan məmur övladları (İkinci yazı)

11-07-2015, 16:41
0
Qudurğan məmur övladları (İkinci yazı)

Cəmiyyəti ciddi narahat edən bir sıra problemlər var ki, qələm əhli bu problemlər aradan qalxmayınca rahatlıq tapa bilmir və dəfələrlə mövzunu gündəmə gətirmək zorunda qalır. Keçən yazımızda biz məmur övladlarının qudurğanlığı, xuliqan hərəkətləri barədə problemə toxunmuş, bu bəlanı doğuran səbəblər və onun cəmiyyətə vurduğu zərbələr haqqında söhbət açmışdıq. Diqqətli oxuculardan birinin yazıya verdiyi şərhdə problemin bir sıra səbəblərlə yanaşı, insanlarımızın, xüsusilə də məmur övladlarının qanunlara sayqısızlığından qaynaqlandığını vurğulamasını cəmiyyətimizdə hüquqi nihilizmin göstəricisi kimi dəyərləndirmək olar.

Ümumi qəbul edilmiş əxlaqi və mənəvi dəyərlərin inkarını özündə əks etdirən, qanunun, hüququn, ali dəyərlərin vecə alınmaması anlamına gələn hüquqi nihilizm artıq günümüzün qorxunc bəlasına çevrilib və bu düşüncənin cəmiyyətmizdə hakim kəsildiyinin şahidi olmaqdayıq. Normal ölkələrdə vətəndaşlar özünü qanuna tabe etdirməkdən şərəf duyduğu halda, bizdə çoxları qanunu pozmağı, hüququ tapdalamağı özlərinə “şərəf” bilirlər.Unutmaq lazım deyil ki, yol hərəkəti qaydalarından tutmuş, məhkəmə salonlarına, siyasi idarələrə qədər kök atan qanunsuzluqlar, hüququn, normaların inkarına durmaq cəhdləri sonda cəmiyyəti elə bir xaosa, elə bir idarə olunmaz vəziyyətə gətirər ki, heç bir qüvvə ilə bu nizamsızlığın qarşısını ala bilməz.

Bütün varlıqlar ilahi qanulara tabe olduğu, onun yaratdığı nizam üzrə hərəkət etdiyi halda, varlıqların ən şərəflisi adına layiq görülən insan nədən hamı tərəfindən qəbul edilən norma və prinsiplərə tabe olmaq istəmir? Allah və qanun qarşısında hamının bərəbar olması prinsipinə nədən, hansı məntiqlə biz tabe olmaq istəmirik? Yüksək kürsülərdə ali materiyadan danışanlar nə üçün elementar qaydalara əməl etmək istəmir? Təbii ki, bu naqisliklər hər birimizi düşündürməli və ətrafımızda baş verən qanunsuz hərəkətlər hər kəsi eyni qaydada narahat etməlidir.

Günlərdir ki, mətbu orqanlarda, sosial şəbəkələrdə Müdafiə Nazirliyinin Silahlı Qüvvələri Baş Qərargahının rəisi N.Sadıkovun oğlu M.Cadıkovun yol polisi əməkdaşı C.Qasımovun qanuni tələblərinə məhəl qoymadan onu söyüşlə, təhqirlə, üstündən maşın sürəcəyi ilə hədələməklə bağlı hərəkətləri və adı çəkilən polis əməkdaşlarının bu “cəsarətinə” görə işdən azad edilməsi geniş müzakirə obyektinə çevrilib. Bəlli olub ki, bu hərəkəti törədən, polisin tələbini, qanunun aliliyini vecə almayan M.Sadıkov, arxasında atasının hərbi nüfuzunu hiss edən general oğludur və o, Bakı şəhər vergilər deparamentinin müavini vzifəsini daşıyır. Yəni o, yüksək rütbəli hərbi məmurun hüquq-mühafizə orqanında çalışan ərköyün məmur övladıdır və etdiklərini kör-koranə etməyib.

Adam yol hərəkət qaydalarını pozduğuna görə onu dayandıran, qanuna dəvət etmək istəyən polisə iyli mədəsinin axarı ilə dilinə gətirdiyi təhqiramiz sözlər yağdırır, zərərdidənin öz dili ilə desək, anasını, əzizlərini söyür və sonda da idarə etdiyi maşınla onu əziməklə hədələyir. Pul, vəzifə, rütbə, general atasına arxayınlıq onun ehtiraslarını coşdurur və o, etdiyi təhqirlərlə kifayətlənməyib, bir zənglə polis əməkdaşını işdən qovdurur. Ən dəhşətlisi odur ki, özgə vaxtı vətəndaşların üzərinə kükrəyən, bilməyərəkdən adi qaydaları pozan sıravi vətəndaşlara güzəşt etməyən polis görəvliləri öz əməkdaşına qarşı yönəlmiş bu təhqirləri sükutla qarşılayır və N.Sadıkovun xatiri qalmasın deyə necə illər onlara sədaqətlə xidmət edən əməkdaşını gözünü qırpmadan işdən qovur.

Bu yaramazlıqlara qudurğanlıqdan, qanunları, hüququ ayaqlar altına salmaqdan başqa nə ad vermək olar? Bumudur iqtidar rəsmilərinin qanun qarşısında vətəndaşların bərabərliyi haqqında dilə gətirdikləri bəyanatın kəsəri? Soruşmaq gərək, general oğlunun etdikləri müqabilində cəzalanmaq əvəzinə mükafatlanması başqa məmur övladlarına qanun keşikçilərini əzmək şansı vermirmi?

Torpaq itkisi üzərində general-polkovnik rütbəsinə qədər yüksələn, böyük sərvətlər əldə edən N.Sadıkov ali baş komandanın ona verdiyi səlahiyyətlərdən mülki həyatımızda belə sui-istifadə edirsə, onun hərbi sahadə tutduğu vəzifədən istifadə edib hərbi heyət üzərində hansı hegemonluq etməsi heç kəsdə şübhə doğurmamalıdır.

Nurəddin İSMAYIL

скачать dle 12.1