Dörd ölkənin yaratdığı Türk informasiya kanalı

27-08-2015, 17:08
0
Dörd ölkənin yaratdığı Türk informasiya kanalı

Bildirildiyinə görə, Astanada dörd ölkə (Qazaxıstan, Azərbaycan, Türkiyə, Qırğızıstan) “Türk xəbər telekanalı” yaradır. Önərgə Qazaxıstan prezidenti Nursultan Nazarbayevdən gəlib. Azərbaycan prezidentinin köməkçisi Ə.Həsənov bildirir: “Mənzil-qərargahın Astanada yerləşməsi ilə bağlı təklif var. Çox güman ki, bütün türkdilli öılkələrdə milli nümayəndəliklər olacaq”. Çox gözəl, ancaq... Ə.Həsənovun dediyindən burası anlaşılmır: onun dediyi dördüncü “türkdilli” dövlət hansıdır? Üçü bəllidir: Qazaxıstan, Qırğızıstan, Türkiyə. Bəs dördüncüsü? Dördüncü Azərbaycan göstərilir. Inanmırsız, gedin o Ə.Həsənovun özündən soruşun.

Ə.Həsənov hakimiyətinin qurucusu çevriliş yoluyla hakimiyətə gəlməklə qalmadı; dil baxımından da çevriliş edərək dilimizin üstündən Türk adını götürdü: farslar, ruslar, ingilislərlə birgə! Ondan neçə il sonra, 2009-cu ildə, Türkiyə ilə araları sərinləyirkən elə bu Ə.Həsənovun özü televiziya ekranlarına çıxaraq demişdi: “Türk dili xarici dildir”. Bununla da “xarici dil” nədəniylə Türkiyə filmlərinin AzTV-lərdə göstərilməsi yasaqlandı. Indi biz birdən-birə, yeni prezident göstərişi olmadan dönüb “türkdilli” oluruq. Bu nə oyundur belə? Bəlkə, bu da Əli Həsənovun çevrilişidir - dil çevrilişi! Düzünə qalsa, mənim könlüm belə çevrilişi çox istərdi. Təbrizlilər demiş: “Mənim dilim ölən deyil, başqa dilə dönən deyil!” Təbrizlilər farsın Türkü Türk saymamaqla asimliyasiya etmək istəyinə qarşı çıxaraq belə deyirlər: “Haray! Haray! Mən Türkəm!” 22 ildən bəri bizim ölkənin başında duranların özlərinin “mən Türkəm” demədikləri bir yana, bunu bizə də dedirtməməyə çalışırlar. Kimi rus, fars, ingilis ağalardan politik asılılıq istəyindən, kimisi də özünün yad könül istəyindən.

Ancaq biz varıq. Özü də bir Ölkə boyu varıq. Üstəlik, gəlmə deyilik; Min-Min illəri aşan kökümüzlə bu toprağa bağlıyıq! Dünyanın ən güclü politik-kombinatoru gəlsə belə, bizim TÜRK - TÜRKDILLI varlığımızı danmaq üçün gərək Min-Min illəri aşan Kökümüzə vara, kökümüzü qazıyıb ata - yalnız bundan sonra bizim TÜRK - TÜRKDILLI olmadığımızı doğrulaya bilər. Bilər, ancaq Min-Min illəri aşan Kökümüzü qazımaqla. Bu isə, sizi, məni Yaradana and olsun, dünyasında baş tutacaq iş deyil. Görünür, bu Yaradan - Yaranış gerçəyini anladığına görə Ə.Həsənov, eləcə də onun antitürk hakimiyəti bizi TÜRKDILLI olaraq tanımağa başlayır. Çox gec olsa da, pis başlanğıc deyil. Bunu dünyanın politik praktikası göstərir: bir çoxları bir çox qaçılmaz gerçəkləri hakimiyəti itirməyə başlayanda başa düşməyə başlayırlar...

Türkdilli dövlətlərin birgə soraq-informasiya kanalının yaradılması çox yaxşıdır. Ancaq... zınqrovu pişiyin boynuna kim asacaq? SSRI dağılandan sonra ortaya çıxan Türkdilli dövlətlərin başında duranlar bu dövlətləri dil birliyindən çox-çox uzaqlara sürüklədilər. Başdan - Türkiyədən başlayaq: Ərdoğan Türkiyəni ərəbləşdirdi; Əliyevlər Azərbaycanı ruslaşdırdı, farslaşdırdı, ingilisləşdirdi, ərəbləşdirdi. Qırğızıstanda bir az türkləşmə var, bir də Nazarbayev başçılığında Qazaxıstanda türkləşmə yolunda irəliləyiş görünür. Ancaq bunlar da yetərli deyil. Dil birliyi bütün birliklərin Anasıdır. Ondan sonra gəlir kültürəl birlik, ekonomik-sosial birlik. Bu göstərilənlərlə bağlı indiyədək çox iş görmək olardı. Bircə dənə də yetərli, önəmli iş görülməyib. Yürüdülən çoxillik bir-birinə ayqırı politikalar üzündən indi türkdilli dövlətlər bir özbək mahnısında deyildiyi kimidir: “Sənin üzün bir yana, mənim üzüm bir yana...”

AzTV-lərə baxanda adamın əti tökülür: istər qramatik, istər leksik, istərsə də intonasiya baxımından Türk dili adına nəsə görmək çətindir: kim necə bilir, necə istəyir, elə də danışır. Ərdoğan dönəminin Türkiyə televiziyalarını anlamaq üçün Türk dilindən daha çox ərəb dilini bilmək gərəkir - Ərdoğanın özünün dili kimi...

XALIQ BAHADIR

скачать dle 12.1