Hamı seçkiyə - hamı heç nəyə!

26-08-2015, 17:09
0
Hamı seçkiyə - hamı heç nəyə!

Istənilən seçki intellekt-güc sınağıdır. Başqa cür desək, intellektə söykənən güc sınağı. Ancaq bu, antidemokratik seçki üçün deyil, demokratik seçki üçün keçərli formuldur. Özümü, intellektimi-gücümü sınamaq - göstərmək üçün mən istənilən seçkiyə (prezident, parlament, bələdiyə) sevinə-sevinə gedərəm! Burada pis nəsə yoxdur: başqalarına görk olası intellektual yarışma, siyasi bacarıq, yetkin ideoloji üstünlük görsənişi var. Bu baxımdan gerçək seçki sınaqları istənilən Ulus, Ölkə, Dövlət üçün qarantiyalı uğur sınaqları deməkdir. Ancaq... seçki gerçək seçkidirsə?..

YAP rejimi boyunca ölkədə bir dənə də gerçək seçki keçirilməyib. Keçirilməsi gözlənmir də. Gerçək, doğru-düzgün seçkini yalnız gerçək, doğru-düzgün hakimiyət keçirə bilər. YAP gerçək seçim törəməsi olmadığından gerçək hakimiyət deyil, IŞĞAL hakimiyətidir. Bu üzdən YAP hakimiyəti xaraktercə oğru hakimiyət olduğu üçün doğru-düzgün seçki keçirə bilməz: doğru-düzgün seçki bu hakimiyətin sonu demək olardı. Buna görə bu hakimiyətin keçirdiyi seçkilər də oğru seçkilərdir. Burada hakimiyətdə olan oğrularla hakimiyətdə olmayan oğrular arasında mandat bölgüsü gedir. Başqa cür desək, hakimiyətdə olan oğrular mandatı yalnız onların oğru normativlərinə uyğun gələnlərə, o normativlərə uyğun davranış sərgiləyənlərə verirlər. Ortada kimsənin, istər sosial baza, istərsə də siyasi-ideoloci baxımdan ən güclü, ən üstün partiyanın, partiyalar birliyinin belə, aşa bilməyəcəyi aşama - bütünlüklə ANTIDEMOKRATIK seçki qanunu, bu qanuna uyğun formalaşdırılmış seçki komissiyaları var. Bu aşılmaz-keçilməz seçki faktı indi hamıya bəllidir. Onda soruşulur: biz seçkiyə niyə gedirik, nəyə gedirik? Özümüzü yox yerdən satılmış yerinə qoymamaq üçün sözün yönünü dəyişək: seçkiyə niyə gedirlər, nəyə gedirlər?

Uzun-uzadı faktlar gətirib sayğılı oxucuları (oxucu-seçicilərimizi!) yormamaq üçün hakimiyət-müxalifət şkalasında çoxdan ayrıca barometr rolunu oynayan satılmış “YeM” qəzetinə ötəri baxmaq yetərlidir. Bu qəzetin bəlli “əməkdar” baş redaktoru müxalifəti hərləyib-fırlayıb seçkiyə aparmaq üçün dəridən-qabıqdan çıxır. Bu yöndə onun qəzetində danışdırdığı adamların gerçək kimliyi çoxdan bəllidir. Onlar çoxdanın yol yoldaşı olduqları “əməkdarla” birgə, hakimiyətdən aldıqları tapşırığa uyğun olaraq, müxalifətin seçkiyə qatılmasına çalışırlar. Axı, bu özü də onlar üçün bir biznesdir: hakimiyətlə seçki əməkdaşlığı biznesi!

Görün I.Ağazadə nə deyir: “AXCP-nin seçkiyə getməməsi hakimiyətə qulluq deməkdir”. Sözsüz, bu belə deyil, ancaq soruşmaq gərəkir: hakimiyət qərargahını partlatdığı, durmadan repressiyaya uğratdığı bir partiyanı parlamentdə görmək istəyərmi? Istəməz! Belədirsə, demək, hakimiyətə o partiyanın seçkiyə qatılması gərəkdir: antidemokratik seçkiyə “demokratik” don geyindirmək üçün. Belədə hakimiyət bir gülləyə iki “dovşan” vurmuş olur: bir yandan ondan qazanır, o bir yandan onu itkiyə uğradır - seçki uğursuzu kimi!

Ikinci personaj - A.Hacılı: “Müxalifət qüvvələrinin seçkilərdə iştirakı hazırda hakimiyətin maraqlarına uyğun deyil”. Sizi, məni Yaradana and olsun, bütünlüklə yalandır: korrupsiya-repressiya bataqlığına batmış, demokratik dünyanın sərt təpkiləri ilə üzləşmiş hakimiyət üçün Milli Şuranı seçkiyə qatmaq hakimiyət üçün ölüm-dirim işinə çevrilib. Buna görə hələ çox oyunlara əl atılacaq. Bu gün ölkədə müxalifət adına pis-yaxşı bir birlik var: Milli Şura. Biz onu sevsək də, sevməsək də gerçəklik budur. Kimlərinsə istəyib-istəmədiyindən asılı olmayaraq bu gerçəyi bütün demokratik dünya görür. Ortada başqa bir gerçək də var: Lukaşenko, Nazarbayev kimi döydümölməz avtoritarları demokratiya yoluna yönəldən politik-ekonomik gerçəklik. Bunlara ağalıq edən Putinin özünü də son günlər ABŞ-ın ayağına endirən gerçəklik!

XALIQ BAHADIR

скачать dle 12.1