Dəyərləri dəyərsizləşdirənlər

21-08-2015, 17:10
0
Dəyərləri dəyərsizləşdirənlər

Satılmış birisi qəzetində seçkiyə qatılma kampanlyası aparır. Üç il, beş il, on beş il qabaq olduğu kimi o yenə kampaniya lideridir - xalq üçün, toplum üçün uğursuzluq kampaniyasının lideri. Onda partiya sədrlərini, bir çox başqa tanınmışları aldadıb öz oyununun oyunçusuna çevirmək bacarığı var. Sözsüz, bu onun təkbaşına bacardığı deyiı; ona arxa duran, pul verib yönətən,  yiyəlik edən  gücün - recimin bacardığıdır. Dənə gələn toyuqlar kimidir onun oyununa gələnlər...

Bir ailəyə yox yerdən 15 il 6 ay iş kəsildi. Arif-Leyla ailəsi beləcə türməlik edildi. Onları “dövlətə xəyanət” suçlamasıyla tutdular, başqa suçlamayla iş verdilər. Potensial xalq yazıçısı Aqil Abbas bir il qabaq, Leyla Yunus yenicə tutulrkən bəlli bir qrupla ITV-yə çıxıb “Leyla Yunus vətən xanidir” şüvəni qoparmışdı - indi susur. Görünür, başı yeni “seçki” işlərinə qarışıb. Onu anlamaq olar, bəs çox-çox uzun illərdən bəri “müxalifət lideriyəm” deyə ortada... olanları necə? Son çağların rejimlə görkəmli dialoq carçısı P.Hüseynov “YeM” qəzetində deyir: “AXP-nin öz qurultayında seçkilərdə iştirak barədə siyasi qərar verməsinin bir məqsədi də ondan ibarətdir ki, demokratik düşərgənin bu seçkiləri boykot mövqeyinə keçməməsinə təsir göstərsin”.  Bu, rejim qarşısında öhdəlik görsənişi deyilsə, nədir? Elə bil kiməsə hesabat verir: “Baxın, mən çağında öz işimi gördüm: demokratik düşərgənin bu seçkiləri boykot mövqeyinə keçməməsinə çalışdım”. On-on beş adamlıq dayoğlu, xaloğlu partiyasıyla, sözsüz, demokratik düşərgəyə “təsir göstərmək” olmaz. Bunu hesabat verən də, hesabat alan da gözəl bilir, ancaq... dama-dama göl olar. Belə “müxalifət” partiyaları bir deyil, beş deyil; hərəsi bir yandan əl yetirsə, yükü yerdən götürmək, sonucda ortaya gərəkən faktiki bildirgəni çıxarmaq olar: “müxalifət seçkiyə qatıldığından seçki demokratik sayıla bilər”.

P.Hüseynovun seçkiyə getməklə bağlı olduqca güclü arqumentlərə söykənən ünlü bir yol yoldaşı, ardıcılı da var. Bu, Azərbaycanın ən klassik siyasi partiyasının sədri-əzəmi M.Mirəlioğludur. Görün o, seçkiyə getməyi necə bir topdağıtmaq arqumentə bağlayır: “Siyasi partiyaların ən böyük silahı seçkilərdə iştirak etməkdir və bütün siyasi partiyalar öz nizamnamə və məramnamələrində birmənalı şəkildə vurğulayıblar ki, fəaliyyət istiqamətlərindən biri seçkilərdə iştirakdır”. Doğrudur, dübbədüz, ancaq 22 il atılmayan bir “silahla” savaşa (seçki savaşı) gedən bir partiyanın bir belə nizamnamə-məramnamə doqmatizmi qısır inəyin doğacağı gözləntisi deyilmi?! Belədirsə, burada gerçəkliyə uyğun siyasət yürüdən partiyadan deyil, qısırı doğardan ayırmağı bacarmayan hansısa qondarma fermer siyasətindən danışmaq olar!

M.Mirəlioğlu demokratiyadan danışa-danışa antidemokratik yol yanaşması sərgiləyir: “Seçkini boykot ediriksə, seçkidə iştirak etməyənləri satqın adlandırmaq kökündən yanlış olan yanaşmadır”, Bunu o, partiyasının seçkiyə qatılma qərarı verməsindən sonra deyir. Özünüsığortalamanın yeni, oricinal metodu! Ölkədə keçirilən bütün seçkilərə qatılmaq, sözsüz, hər bir siyasi partiyanın başlıca görəvlərindəndir. Ancaq, seçki gerçəkdən seçki ola! Biz 22 ildir seçkiyə gedib uduzuruq - bəs deyilmi?! Biz indi rejimin qarşısına dəyişməz bir qoşulla, bu qoşula uyğun dirənişlə çıxmalıyıq: yalnız despotik recim adamlarına seçib-seçilmək hüququ verən antidemokratik seçki qanununu dəyiş, buna uyğun olaraq seçki komissiyalarını dəyiş, sonra gəl səninlə seçki yarışına girək - udana uğurlar!

Bunun yerinə rejim nə edir? Demokratiya yolçularını, demokratik düşüncəli adamları bir ucdan tutub türməlik edir. Sənsə bu recimin antidemokratik, antikonstitusion seçkisinə legitimlik qazandıracaq “partiya siyasəti” yürüdürsən. Vidadi Mirkamal bugünlərdə yaxşı dedi: “Bu qədər demokratik ruhlu insanın həbsdə olduğu vaxtda deputat yeri uğrunda mübarizə aparmaq...”

XALIQ BAHADIR

скачать dle 12.1