Qanunçuluq istəyirik!

14-08-2015, 17:12
0
Qanunçuluq istəyirik!

Jurnalist Rasim Əliyevin öldürülməyi ilə bağlı ortaya çıxan çoxsaylı reaksiyalar bizim hansı ölkədə, hansı rejim altında, hansı dəyərlər ortamında yaşadığımızın parlaq göstəricisidir. Demokratik yönümlülər qanunçuluqdan çıxış edərək cinayəti törədənlərin cəzalandırılmasına çalışırlar. Rejimə bağlı olanlar ideya-mənəvi yönümlərinə uyğun olaraq qanunçuluqdan deyil, siyasi konyunkturadan çıxış edirlər: rejimə necə yararlıdırsa, elə də olmalıdır. Sosial şəbəkələrdəki toplumsal görsəniş ölkənin salındığı bataqlığın güzgüsü yerindədir: qanunçuluqdan daha çox özəl istək, “bizimki”, “sizinki”. Bunun üstündən üzünü hamıya tutub soruşmaq olardı: hara gedirik? Soruşmağa gərək yoxdur: harasa getmirik; eləcə rejim bataqlığına batıb qalmışıq!

Rejimin başlıca sözdeyənlərindən olan S.Novruzovun öldürülən jurnalistlə bağlı yazılanlara reaksiyasına baxın: “Jurnalistin ölümündən şou düzəltməyə çalışırlar”. Bunun tərs üzü “bəsdir yazdınız” deməkdir. “Regionun ən güclü, lider dövlətinin” ordusunu “aclıqdan, yoxsulluqdan qırılıb-batan” ermənilərin hər gün itkiyə uğratmasından yazmaq, bunlara görə, şou düzəltməkdir. Dövlət hakimiyət strukturlarını təpədən dırnağadək bürümüş rüşvət-korrupsiya faktlarından yazmaq, bunlara görə, şou düzəltməkdir. Təhsil sisteminin biliksizlik, salamlıq sisteminin xəstəlik sisteminə çevrilməsindən - demək, xalqın fiziki, intellektual baxımdan öldürülməsindən yazmaq, bunlara görə, şou düzəltməkdir. Yeri gəlmişkən, ölkənin Səhiyyə sistemini ölüm sisteminə çevirmiş Oqtay Şirəliyevə bugünlərdə “Şöhrət” ordeni verilməsinin adı-anlamı nədir? Görünür, rejim-prezident şousu! Başqa yerlər bir yana, Bakı xəstəxanalarında adamları-xalqı soğan kimi soyur, soya-soya da öldürürlər. Bəlkə, bu saysız ölüm faktları da bir şoudur? Elədirsə, xalq niyə gülmür? Bəlkə, xalq başı rejimə bağlı bu kütləvi qırğın şousunun fəlsəfəsini anlamır? Yoxsa, “Şöhrət” ordeni o anlatmalardandır?! Deyəsən, biz indi o UZAQ SAHILLƏRDƏYIK: “Anladım, gülsatan qız!” Biz özümüz indi IŞĞAL olunmuş ölkəmizin UZAQ SAHILLƏRINDƏYIK!

“2007-2012-ci illərdə işdə hüquq pozuntusuna yol verdiyinə görə”, keçmiş elçi Arif Məmmədova 2015-ci ildə cinayət işi açılır, Interpolun axtarışına verilir. Bəs bu nədir? Korrupsioner-repressiv rejimin iyrənc HÜQUQ şousu. Nə üçün? Indilikdə bütünlüklə DEMARŞ xarakteri daşıdığı üçün! Ola bilsin, Arif Məmmədov doğrudan işdə hansısa hüquq pozuntularına yol verib. Indiki korrupsioner rejim üçün qanunsuzluq özü bir qanun deyilmi?! Ispaniya diktatoru Franko deyərmiş: “Dostlara - hər şey, başqalarına - qanun!” Arif Məmmədov son çağlar “diplomatik davranış normalarını pozaraq” rejim neqativlərinə qarşı çıxdığından... dostlar sırasından çıxarılaraq... qanunla üzləşdirilib! Üstündən bir il də keçməyib: Antikorrupsiya idarəsi Elmar Məmmədyarovun Xarici işlər nazirliyində milyonlarla yeyinti-mənimsəmə faktının üstünü açdı. Nə oldu: bir daş altda, bir daş üstdə! Ondan qabaq Səməd Seyidovun Dillər universitetində 12 milyon manatlıq yeyinti-mənimsəmə faktının üstü açılmışdı. Nə oldu: bir daş altda, bir daş üstdə! Bütün dövlət qurumları belə faktların içində itib-batıb. Antikorrupsiya yoxlamaları çoxdan, lap başlanğıcdan, ŞOU xarakteri alıb: milyonlarla yeyinti-mənimsəmə faktlarının üstü açılır, sonra da faktlar iki daş arasına yerləşdirilir. Nə üçün? Suçluları əldə-ovucda saxlamaq, istənilən anda diktəsini yeritmək üçün!

Sosial şəbəkələrdə, yuxarıda deyildiyi kimi, qanunçuluq deyil, özəl gərəklərə-istəklərə bağlı “bizimki”, “sizinki” üstünlüyü var. Bu isə toplumun aşınma göstəricisidir. Millətçi adıyla üstünə ünlü Türk adı götürən biriləri şəkil paylaşmaqla Cavid Hüseynovun uğurlu oyun sonrası yunanları təhqir etməsini alqışlayır, bu üzdən C.Hüseynova qarşı çıxanları təhqir etməkdən də qalmırlar. Bu nə gerçək Türklükdür, nə də gerçək millətçilik - bu eləcə DÜŞKÜNLÜKdür!

XALIQ BAHADIR

скачать dle 12.1