Biz niyə merləri seçməyək?

16-02-2016, 12:58
0
Biz niyə merləri seçməyək?
Bəli, Azərbaycan hökumətinin bu vaxta qədər Avropanın tövsiyyəsilə yaratdığı bir-iki qurum, sosial institut var ki, onlardan biri də bələdiyyələrdir. Amma neçə illdərdir ki, bu qurumlarla bağlı müzakirələr bitib-tükənmir, onları gah tamam bağlamağı, gah da ciddi şəkidə məhdudlaşdırmağı təkilf edirlər. Hökumət də özünün peşimançılığını gizlətmir, çünki onu da özəlləşdirərək bir partiyanın nəzarəti altına keçirsə də, hələ də bu qurumları özününkü hesab etmir...
Doğrusu, bu mövzuda yazmağı elə də sevmirəm, çünki əvvəllər xeyli yazmışam və hətta təkliflər etməyə də cəhd etmişəm. Sadəcə, mümkün deyil. 
Bəlkə də digərləri də əsas problemi görürlər, amma heç vaxt onun üzərinə getmirlər, çünki bu, korporativ siyasi maraqlara mane olur...
Bu günlərdə Milli Məclisdə də müzakirələr oldu. Amma mən həmin müzakirələrdən özüm üçün heç nə yəqinləşdirə bilmədim...
Nədir bizim bələdiyyələrin problemi? Bəri başdan deyim ki, əvvəlcə bu qurumların fəlsəfəsini qəbul etmək lazımdır. O, fəlsəfə qəbul edilməyincə bələdiyyələrin problemi həll olunmyacaq, onlar bizdən, biz də onlardan gilyeli olacağıq...
Qərəz, Avropada idarəetmə fəlsəfəsi subsidarlıq prinsipinə söykənir – yerlərin həll edə biləcəyi bütün problemlər onların sərəncamına verilir. 
Bizdə məhz bunu qəbul etmək istəmirlər. Ən yaxşı halda istəyirik ki, həm bələdiyyələrin, həm də yerli icra hakimiyyətlərinin səlahiyyətləri böyük olsun. Bu isə mümkün deyil. Onlardan yalnız birinin səlahiyyəti böyük ola bilər. Ona görə ki, bütövlükdə yerlərə verilən səlahiyyətlərin bir məcmusu var - əgər cəm dəyişmirsə, yalnız toplananlarla variasiya etmək, onları artırıb-azaltmaq olar...
Daha bir ciddi detal isə bilirsiniz nədir? Ölkə həyatının heç bir sahəsində sanballı bir strategiya yoxdur, xırda taktiki addımlar var, amma strateji xətt görünmür. Yalnız iqtisadiyyatda nəsə etməyə cəhd edirlər. Bunu da ona görə edirlər ki, məcburdurlar - əhali, insanlar yaşamalıdır... İdarəetmə və siyasi islahatlarla bağlı heç bir strategiya yoxdur...
Məsələn, yerlərdə niyə əsl, bütün dünyada olduğu kimi merlər olmasın? Və niyə görə biz onları seçməyək? Bu, ölkəni sarsıda və mərkəzi hakimiyyətə hansısa problem yarada bilərmi? 
Gözümüzün önündə Türkiyə var! Görün, orada bələdiyyə seçkilərinə nə qədər böyük maraq var! Ölkə bundan üzüntü keçirirmi? Hansısa problem yaranırmı? Bəli, problem o vaxt yarana bilir ki, heç kim öz çərçivələrini görmür, heç kim bu çərçivələr hüdudlarında qalmaq istəmir...
Bunlar qəbul edilməyincə, insanlar bələdiyyələri tanımamaqda davam edəcəklər. Həm də bir məsələni də qeyd etmək lazımdır – bu tanımaq məsələsi ilə bağlı. Guya bizim insanların əksəriyyəti özlərinin Milli Məclisdəki deputatlarını tanıyırlarmı? İanın ki, tanımırlar. Səbəbini də özünüz məndən də yaxşı bilirsiniz...
Tanımaq məsələsinin başqa bir tərəfi də var ki, tanımalı bir şey yoxdur. İndi bələdiyyələr yerli icra hakimiyətlərinin səlahiyyətində olan onlarla strukturlardan biridir. Amma belə olmamalı idi. Niyə belə olur, bu da bir daha aydındır...
Mənim yadıma bir detal düşür. Bir neçə il bundan əvvəl Polşa bələdiyyələrinin təcrübəsini öyrənmək üçün bu ölkəyə yollanmışdıq. Deyim ki, orada da hər şey təzə başlayırdı, amma optimizm vardı. Elə bir optimizm ki, hətta mənim özümə də sirayət etdi...
Hətta ağlımdan bizim bələdiyyə seçkilərində iştirak etmək arzusu keçdi. Niyə də yox? Bir çoxlarının böyük siyasətə yolunda bələdiyyələr böyük rol oynamışdı. Amma tez bir zamanda gördüm ki, bizdə bu, mümkün deyil. Ona görə ki, bələdiyyələrə səlahiyyət verən yoxdur. Üstəlik, hakimiyyət bu qədər səlahiyyətsiz, faktiki olaraq, ölü qurumlara belə seçkiləri öz nəzarətində saxlayır, onu demək olar ki, bir partiyanın qurumuna çevirib. 
Bir neçə il öncə müxalifət partiyaları bələdiyyələrə maraq göstərdilər. Reaksiya necə oldu? Dərhal hakim partiya qayıtdı ki, bəs bunlar Gürcüstanın təcrübəsindən istifadə etmək istəyirlər – orada M.Saakaşvili bələdiyyələrdən gəlmişdi...
Bunu eşidəndən sonra müxalifətçilər kor-peşiman evlərinə çəkildilər. Başa düşdülər ki, bələdiyyə seçkilərindən də nəsə gözləmək lazım deyil – ona görə ki, hətta onların da üstündə hakimiyyətin gözü var...
скачать dle 12.1