Danış, səni tanıyaq

15-04-2015, 18:11
0
Danış, səni tanıyaq
Ölkəmizdən yazacam, ancaq qıraqdan bircə fakt gətirməklə. Finlandiya doğal resurslar baxımından dünyanın yoxsul ölkələrindən sayılır. Bu baxımdan Azərbaycanla Finlandiya arasında yer-göy ayrılığı var. Finlandiya da Azərbaycan kimi çar Rusiyası dağılandan sonra respublikaya çevrilmiş, sonra da yenə Azərbaycan kimi SSRI-nin əlaltı bölgələrindən biri olmuşdu. SSRI dağılandan sonra Finlandiya geniş demokratiya, böyük gəlişmə yoluna çıxdı. Bu gün doğal resurslar baxımından yoxsul Finlandiyada süpürgəçi bizim pulla 2000 manat aylıq alır. Bizdə həkim, müəllim 150-200, Milli Elmlər Akademiyasının institutlarındakı alimlər, o sıradan, Fəlsəfə institutunda alim-elmlər doktoru 300 manat aylıq alır!
Bugünlərdə üç tanınmış danışdı: ekonomist Vahid Əhmədovla Rəhim Hüseynov, bir də Fəlsəfə institutunun əməkdaşı Əbülhəsən Abbasov. Onları birləşdirən antiAzərbaycan baxışlarından danışmaq gərəkir!
V.Əhmədov uzun illərdir MM-də oturur. Ölkənin bugünlər necə ağır, acınacaqlı durumla üzləşdiyi hamıya bəlli olduğundan bu yöndə geniş danışmağa gərək yoxdur. Ölkənin baş bankiri E.Rüstəmov xalqı, xalqla birgə dövləti yaman günə qoydu. V.Əhmədov: “Mən gizlətmirəm, prezidentə və parlament sədrinə şəxsi hörmətim olduğuna görə Elman Rüstəmovu çox sıxışdırmadım”. Bunun açması: xalq da cəhənnəm olsun, dövlət  də - dördüncü yol mandat alım, kef çəkim. Yuxarıda dediklərilə bağlı onun çox ilginc cavabı var: “Dövlət başçısının istənilən sərəncamına hər bir vətəndaş hüquqi-dünyəvi dövlət olan Azərbaycanda yaşayan insan kimi yaxşı baxmalıdır və müzakirə etməməlidir”. Yüz ilin nomenklatur tanınmışı, üç dönəmin deputatı olan bu adam bir yandan “hüquqi” dövlətdən danışır, o biri yandan hüququ ayağının altına alıb tapdayır - prezidentə yarınmaq üçün! Hüquq dövləti olan yerdə istər prezidentlə bağlı olsun, istər başqasıyla: “müzakirə” qanundur. Hüquq dövləti olmayan yerdə V.Əhmədov deyəndir: “müzakirə” qanunsuzdur - ola bilməz!  
V.Əhmədovun 40 minlik seçicisi içində olmaqla E.Rüstəmov xalqı-dövləti 1.7 milyard manat itkiyə uğradıb. V.Əhmədov bu itkini önə çəkmək yerinə, özünün yeni mandat istəyindən çıxış edərək prezidentə yarınmağa çalışır: “hüquqi-dünyəvi dövlət” adı altında. Prezidentə yarınırsan, yarın - özün bilərsən, ancaq hüquq dövləti anlayışını gözdən salma! Hüquq dövləti olan yerdə prezident qanundan üstün tutulmur. Prezidentin qanundan üstün tutulduğu yerdə hüquq dövləti olmur - sizdə olduğu kimi!
V.Əhmədovun bugünlərdə etdiyi başqa bir çıxışı da xalqı aldatma, prezidentə yarınma xarakteri daşıyır: “Hesab edirəm ki, birinci Avropa oyunlarından sonra cənab prezident tərəfindən daha ciddi struktur və kadr islahatlarına imza atılacaq”. Bir daha demək gərəkir: deputat adam bilə-bilə xalqı aldatmaq üçün yalan danışır. Birinci, “daha ciddi” nə deməkdir? “Ciddi” olmayan yerdə “daha ciddi” ola bilərmi? Özü də “struktur və kadr islahatları”! Gündəlik siyasətlərdən göründüyü kimi, I.Əliyev “islahat” düşüncəsindən bütünlüklə uzaqdır. Korrupsioner komanda əlində oyuncağa çevrilən Azərbaycana bu gün liberal da deyil, radikal reformalar gərəkdir. Ancaq qabaqca bizə o reformaları gerçəkləşdirəcək reformist dövlət başçısı gərəkdir. I.Əliyev, 12 illik siyasətlərindən - davranışlarından göründüyü kimi, reformist düşüncədən çox-çox uzaqdır. Onun başında durduğu repressiyalar, bütövlükdə Əliyevlər ailəsinin ölkəmizi gətirib çıxardığı... antiAzərtbaycan yüksəkliyidir! Burada yalnız üzü geriyə “inkişafdan” danışmaq olar... 
Ikinci, “Avropa oyunlarından sonra” nə deməkdir? Qısaca desək, Əliyevlərin, onlara bağlı kimsələrin 45-50 illik “iri addımlarla irəliləyən” Azərbaycan nağıllarından biri. Təkcə elə son 20 ildə bu xalqa nə çox belə yalanlar danışılıb: Qarabağ yalanları, demokratiya yalanları, güclü Azərbaycan yalanları, “islahat” yalanları... Başqaları bir yana, Rauf Arifoğlunun qəzeti uzun illərdən bəri belə yalanlarla aşıb-daşır. Çox uzağa getmək gərək deyil, kim istəsə son 10 ilin seçki dönəmlərinə baxa bilər. Bütün parlament, prezident seçkisi dönəmlərində R.Arifoğlu I.Əliyevin istər struktur, istərsə də “köklü kadr dəyişikliyi edəcəyi” ilə bağlı qəzetində yazılar verib. Belə yazıların sayını o, 2013-cü ildən daha da artırıb. Birincini prezident seçkisindən az qabaq yazmışdı: “I.Əliyev prezident seçilsə, ”ciddi islahatlara başlayacaq, gənc, rüşvətdən uzaq adamlardan yeni komanda yaradacaq". Aradan bir neçə ay keçmiş o, I.Əliyevin yeni ilin başlanğıcından “ciddi islahatlara başlayacağını, komandasını yeniləyəcəyini” yazırdı. Sonralar bir daha yazdı. Beləcə, o, tapşırığa uyğun olaraq xalqı aldada-aldada gedir. Görünür, üzləşdiyi bir sıra çətinliklərlə bağlı rejim özünün yalançılar komandasını genişləndirməli olur.  V.Əhmədovun dilindən səslənən “Avropa oyunlarından sonra ciddi struktur və kadr islahatları”, əlaltı müxalifətlə “dialoq”, eləcə də mitinq keçirilməsi ilə bağlı yumşalma - bütün bunlar rejimi ağır durumla üzləşdirən Avropa Oyunlarını yola vermək üçündür. V.Əhmədovun “oyundan sonrakı islahat” çıxışı da başqa bir oyun çıxışıdır - aldatma oyunu! 
Yeri gəlmişkən, burada bir aldadıcı fakta ayrıca toxunmaq gərəkir. R.Arifoğlu qəzetinin ikinci səhifəsinin yuxarı başına belə soraq çıxarır: “Prezident administrasiyasında yeni kadr islahatı”. Oxuyub nə görürsən? “Prezident I.Əliyevin sərəncamına əsasən”... kimsə bir bölmədən başqa bölməyə, bir işdən başqa işə keçirilib. Bu isə “islahat” adına açıq yalandır, xalqı aldatmaqdır. DIN başçısı, bir sıra qəzet redaktorlarının yaxın dostu R.Usubob polis sitemində il uzunu kimisə hardansa harasa keçirir, yalandan buna da “Islahat” demək olar. Ancaq belə görsənişlər reforma-"islahat" deyil, eləcə yerdəyişmədir. R.Usubov bu yaxınlarda qardaşı oğlunu 7 il iş alan Həsən Əliyevin adına bağlı bölmədən başqa bölməyə rəis göndərdi. Nə gözəl “islahat”!   
Rəhim Hüseynov. Sonuncu iş yeri - baş nazir. Qonuşmasında bir illik AXC hakimiyətini yıxıb-sürüyür. Olsun. Ancaq onun 22 illik Əliyevlər hakimiyəti ilə bağlı dedikləri - bu hakimiyəti bütünlüklə bəyənməsi fakti bütünlüklə başqa bir faktın görsənişidir: antiAzərbaycan görsənişinin! Rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya əliyevçi hakimiyət boyunca özünü dövlət siyasəti olaraq göstərməkdədir, ancaq keçmiş baş nazir bütün bunları “görmür”, görmək istəmir. Bizə dünyanı gəzib-dolaşmağından, Səddam Hüseynlə görüşündən danışır. Soruşan gərək: dövlətin puluyla dünyanı gəzib-dolaşdın, bu ölkəyə hansı yeniliyi gətirdin, xalqa, dövlətə nə qazandırdın? Baş nazir olub, elə danışır, deyərsən AzTV-lərin oxuyanlarındandır... Ölkə bataqlıq içindədır, qocaman ekonomist, tanınmış görəvli olaraq dərin analizlərə baş vurmaq, çıxış yollarını göstərmək yerinə... AzTV-lərin danışdığını danışır!
Əbülhəsən Abbasov. Milli elmlər akademiyasının əməkdaşı, fəlsəfə elmləri doktoru, başqa cür desək, filosof (Mətləb Mütəllimli onun son çıxışı ilə bağlı çox dəyərli yazı yazıb). Dediklərindən göründüyü kimi, bu adam bizdəki bir çox başqa yalançı-yarımçıq filosoflarsayağı gerçək filosofluğun nə demək olduğunu bilmir: hakimiyətə də, müxalifətə də Zahid Orucun, Bahar Muradovanın baxdığı yerdən-prizmadan baxır: müxalifətdən iyrənir, hakimiyətə imrənir! Belə düşük-düşkün görsənişi istənilən kimsəyə keçmək olar, özünü filosof adlandıran, alim-filosof adıyla ortaya atılan kimsəyə yox. Mən bunu müxalifətçi olduğuma görə demirəm, alim-filosof adının uca tutulması üçün deyirəm. Fransız filosofu F.Laroşfuka deyir: “Elm xaraktercə doğruluq axtarışıdır”. Ən başlıcası, fəlsəfə, filosofluq DOĞRULUQ axtarışıdır. 
Filosof yalana yamaq olan deyil, yalanı-yalanları doğuran gerçəkləri ortaya çıxarandır. Filosof yalana deyil, doğruya qulluq edən, doğru yolu göstərəndir. Istənilən xalqın uğurlu gələcəyi daha çox onun filosoflarına bağlıdır. Ancaq hər hansı filosofa yox, sosial-siyasi konyunkturadan yüksəkdə durmağı bacaran filosofa. Bu gün Azərbaycanda yalan dövlət siyasətidir. Bu yalanın arxasındakı gerçəkləri açıb göstərmək müxalifətçilərdən qat-qat artıq filosofların işidir. Daha doğrusu, bu, müxalifərçilər üçün siyasi iş, filosoflar üçün professional borcudur. Filosof adlanan kimsə professional borcunu anlamırsa, onda onun fəlsəfəsindən-filosofluğundan danışmağa dəyməz!

XALIQ BAHADIR

скачать dle 12.1